Logo
news content
User
Kateqoriyalar

Analitika

İnhisarçılığı necə aradan qaldırmalı?

“Bu gün qiymət monopoliyasının qarşısı alınarsa, əsaslandırılmamış qiymət artımı tətbiq edilən məhsullar 40 faizədək ucuzlaşacaq”.

Bunu “Press Klub”a açıqlamasında millət vəkili Əli Məsimli bildirdi. O, əlavə etdi ki, neft və qaza əsaslanan iqtisadiyyatdan insan amilinə əsaslanan iqtisadiyyata keçmək üçün mütləq sahibkarlıq və rəqabət münasibətləri inkişaf etməlidir:

“Həmçinin, kiçik və orta biznesin Azərbaycan iqtisadiyyatında payını artırmaq lazımdır. Bu gün bu sahəyə qiymət monopoliyası təsir edir. Bazarda rəqibləri sıradan çıxarmaq üçün əvvəl qiyməti aşağı salıb, sonra qaldırırlar; ikincisi isə onları bazara buraxmırlar. Qiymət inhisarçılığının qarşısı alınarsa, rəqabət mühiti tətbiq olunarsa, əsaslandırılmamış qiymət artımı olmayacaq və nəticədə qiymətlər 40 faizədək aşağı düşəcək. Bu gün əsaslandırılmamış qiymət artımı ümümi artımların 50 faizini təşkil edir”.

Bəs, inhisarçılığın qarşısı necə alınmalıdır? Bunun üçün bizə nə mane olur?

REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli “Press Klub”a şərhində inhisaçılığın qarşısının alınmasının çox asan yolları olduğunu vurğuladı:

“Birincisi, bunun üçün siyasi iradə lazımdır. İkincisi, çox ciddi şəkildə problemlərin ardıcıllığını qeyd edib, onu həll etmək gərəkdir. İnhisarçılığı yaradan səbəblərdən ən birincisi məmur biznesidir. Rəqabətsizlik mühiti var. Hüquqları pozulan iş adamları ədalətin bərpa olunmasında çətinlik çəkirlər. Bu da inhisarçılığa yol açan əsas problemlərdən biridir. Çünki məmur biznesi ilə üzbəüz qalan istənilən iş adamı sıradan çıxır, beləliklə də rəqabətsilik mühiti yaranır”.

Ekspertin sözlərinə görə, inhisarçılığın aradan qaldırılmasının növbəti yolu gömrük və vergi sisteminin ölkənin tələbatına uyğun yenidən dizayn olunmasıdır:

“Bu, o deməkdir ki, ölkədə istehsalı olmayan, istehsalı yaxın gələcəkdə belə nəzərdə tutulmayan sosial tələbat malları var ki, həmin malların gömrük rüsumları azaldılmalıdır. Həmin malların (uşaq yeməkləri və bezləri, uşaq geyimləri, əngəlli insanlar üçün lazım olan avadanlıqlar və s.) gömrük rüsumu hazırda 15 faizdir. Bunlar bizdə istehsal olunmursa, niyə bu mallara biz 15 faiz rüsum tətbiq etməliyik? Bu da nəticədə qiymət artımına səbəb olur”.

N.Cəfərli problemə bir çox bucaqdan və kompleks şəkildə baxmağın vacib olduğunu söylədi:

“Əsas məsələ isə budur ki, yeni qanunlar qəbul olunub, yerinə yetirilməsinə ciddi nəzarət mexanizmi yaradılmalıdır. Əgər bu, baş verəcəksə, uzun illərdir davam edən və bizim danışdığımız inhisarçılıq məsələsi də öz həllini tapacaq. Görünən odur ki, ölkədə inhisarçılıqda maraqlı olan qruplar var. Bu qruplar problemin həlli ilə bağlı əməli addımların atılmasında maraqlı deyillər deyə problemin həlli uzanır. Biz bunu ən azı Rəqabət Məcəlləsinin taleyində görürük. Rəqabət Məcəlləsi 2008-ci ildə birinci oxunuşdan keçib, amma bu günə qədər də onun tam qəbulu baş tutmur”.

Ülviyyə Şahin