Logo
news content
User
Kateqoriyalar

Analitika

İmtahanlar nə vaxta qaldı?

Ülviyyə Şahin

Karantin rejiminin yumşadılmasına baxmayaraq, məktəblərin nə vaxt açılacağı, imtahanların nə zaman baş tutacağı barədə ətraflı məlumat verən olmadı. Valideynlər də, şagird və tələbələr də bu məsələdən narahatdır.

Sualımızı cavablandıran Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, mövcud vəziyyət hər kəsə bəllidir və hələlik təxirə salınan imtahanların, eləcə də digər tədbirlərin dəqiq hansı tarixdə keçiriləcəyi ilə bağlı konkret fikir söyləmək doğru olmazdı:

“Hər şey epidemioloji vəziyyətdən asılıdır. Bununla əlaqədar müvafiq qurumlarla müzakirələr aparılır. İmtahan və tədbirlərin yeni qrafiki xüsusi karantin rejimi başa çatdıqdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda əsas məsələ insanların sağlamlığının qorunub saxlanılmasına diqqət yetirməkdir. Abituriyentlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə eləsinlər. Dövlət İmtahan Mərkəzi tərəfindən də abituriyentlərin tədris prosesindən geri qalmaması üçün bir sıra tədbirlər həyata keçirilib. Otk.az portalında ödənişsiz onlayn sınaq imtahanları və DİM-in YouTube kanalında orta məktəb dərsliklərindəki mövzular əsasında hazırlanmış “vizuallaşdırılmış dərslər” var. Bu imkanlardan yararlanmağı tövsiyə edirik.”

Təhsil eksperti Elçin Əfəndiyev isə qeyd etdi ki, qəbul prosesi və imtahanların hansı qaydada keçiriləcəyi ilə bağlı hazırda müzakirələr gedir: “Onu deyə bilərik ki, imtahanların may ayı ərzində keçirilməsi hələ ki mümkün deyil. Yalnız iyun və iyul ayları üçün imtahanlar keçirilə bilər. Bunun üzərində müzakirələr aparılır. İmtahanların hansı qayda və formatda olması barədə həm Təhsil Nazirliyi, həm də DİM müvafiq müzakirə aparıb, yekun nəticəni ictimaiyyətə elan edəcəklər. Amma bizim qənaətimizə görə, may ayının müvafiq bir günündən etibarən ali məktəblərə, eləcə də kolleclərə ərizə qəbulu onlayn formada başladıla bilər. Bilirsiniz ki, bu proses həyata keçirilir. Yalnız müvafiq tarixlərdə sənəd qəbulu komissiyasında abuturiyentlər öz ərizələrini təsdiq etmək üçün müraciət edə biləcəklər. İmtahanların mövzuları ilə bağlı isə onu deyə bilərəm ki, bu barədə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva da öz fikirlərini açıqlayıb, imtahanda mövzular onlayn dərs platforması həyata keçirilənə qədər olan dönəmi əhatə edəcək.”

İmtahanların vaxtının sentyabr ayına kimi uzadılacağına dair deyilənlərə gəlincə isə, E.Əfəndiyev söylədi ki, bu, düzgün yanaşma deyil: “İmtahanların vaxtı o zamana kimi uzadılmayacaq. İmtahanların hər zamankı qaydada, iyun-iyul aylarında keçirilməsi mümkün ola bilər. Bəzi imtahanların hətta onlayn qaydada keçirilməsi mümkündür.”

Ekspert onlayn dərslərin siniflərdə keçirilən dərslər qədər effektiv olmaması və bunun nəticəsində uşaqların göstəricilərinin geriləyə biləcəyi haqda fikirlərə də münasibət bildirdi: “Canlı dərslərlə onlayn dərslər arasındakı effektivliyin fərqli olması ilə bağlı yanaşmanızda haqlısınız. Bunlar arasında fərq çoxdur. Onlayn dərslər zamanı abituriyentlər tam olaraq mövzuları mənimsəyə bilmirlər. Buna görə də keçilməyən mövzuların imtahanlara salınması, böyük ehtimalla, olmayacaq. Dediyim kimi, ümumi dünyagörüşü ilə bağlı, abituriyentlərin bildiyi, son dönəmlərdə keçilən mövzulardan bir-iki sual salına bilər. Məhəbbət xanım da bildirdi ki, hər il bu qayda tətbiq olunurdu və son iki-üç ayın mövzularından suallar az istifadə olunurdu. Yenə eyni qayda gözləniləcək”.