Logo
news content
User
Kateqoriyalar

Analitika

İlham Əliyev sülh üçün əsas şərtləri açıqladı
Ermənistan dilemma qarşısındadır – ya əməl edəcək, ya da...

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanın hazırda Ermənistanla davam edən sülh danışıqlarında tutduğu mövqeyini açıqladı, ziddiyyətli və prinsipial məqamlara aydınlıq gətirdi.

Dövlət başçısı ilk növbədə Zəngəzur dəhlizinin marşrutu və Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına keçidin şərtləri, daha sonra dəhlizdə təhlükəsiz hərəkətə nəzarət məsələsini qeyd edib.

Prezidentin növbəti mühüm açıqlaması Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı bəzi Qərb dairələri tərəfindən dövriyyəyə buraxılan və tirajlanan xəbərlərlə bağlıdır.  

Nəhayət, İlham Əliyev sülh sazişində Ermənistanın tələb etdiyi “zəmanətçi dövlətlər” məsələsi ilə bağlı mövqeyini açıqlayıb.

Daha sonra Prezident sərhədlərin delimitasiyası, bu zaman hansı xəritələr və ya prinsiplərdən istifadə olunacağı, işğalda olan 8 kəndin taleyinin necə həll ediləcəyi barədə də mövqeyini açıqlayıb. 

Dövlət başçısı müsahibədə Ermənistanın daha bir neçə təklifinə də münasibət bildirib. İndi isə qeyd olunan tezislərlə bağlı daha ətraflı.

Azərbaycandan Naxçıvana maneəsiz keçid tələbi

Zəngəzur dəhlizi ilə bağlı prezident bildirib ki, Ermənistan ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə Azərbaycana maneəsiz keçid verməlidir: “Bu, onların öhdəliyidir. Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansı bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları ödənilməlidir”.

Azərbaycan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəyir

Prezident hesab edir ki, dəhlizə nəzarət məsələsi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən həll olunmalıdır. “Mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın”, - dövlət başçısı vurğulayıb. 

Azərbaycan Ermənistana güc tətbiq etməyəcək

İlham Əliyev Azərbaycanın Rusiyanın istəyi ilə Zəngəzur dəhlizini açmaq üçün Ermənistana güc tətbiq edəcəyi barədə ittihamları cəfəngiyyat adlandırıb. O, qeyd edib ki, bu cür əsassız şayiələri Fransa yayır: “Buna heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var”. Dövlət başçısı müsahibə boyu daha bir dəfə bu məsələyə qayıdıb və bildirib ki, Azərbaycan müharibə etmək niyyətində deyil. 

Azərbaycan Mehridən keçən yolu nişan verir...

Diqqətçəkən məqamlardan bir də odur ki, Prezident Ermənistanın təklif etdiyi marşrutdan imtina edib: “Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti və relyef çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir”.

Qeyd edək ki, Ermənistan Naxçıvana Qazax-İcevan yolu vasitəsi ilə gediş-gəliş təklif edib.

İlham Əliyev müsahibədə İranla əldə olunan razılaşmaları xatırladıb: “İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq”.

Müsahibədə İlham Əliyevin Ermənistana və Qərbə əsas mesajlarından biri budur ki, Azərbaycandan Naxçıvana Bakının tələb etdiyi şərtlər əsasında dəhliz verilməsə, Ermənistanla heç bir başqa yerdə sərhədlər açılmayacaq. “Beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”, - Prezident vurğulayıb.

Azərbaycan sülh sazişinə Qərbin zamin durmasını istəmir

Azərbaycan lideri Ermənistanın sülh sazişinin beynəlxalq zəmanətçiləri ilə bağlı təklifini də rədd edib:

“Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.

Azərbaycan işğalda olan kəndləri necə qaytarmaq istəyir?

Prezidentin açıqlamalrında mühüm məqamlardan biri işğal altında qalan səkkiz kəndin taleyi ilə bağlıdır: “Delimitasiya ilə bağlı komissiyaların gündəliyində bu məsələ dayanır. Komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: Qazax-Tovuz bölgəsinin delimitasiya məsələsi”.

İlham Əliyev xatırladıb ki, işğal altında olan kəndlər anklav və qeyri-anklav kəndlərdən ibarətdir: “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və orada yaşayan insanlar yerləşdirilməlidir”.

Azərbaycan Sovet xəritələrini rədd edir və təklif edir ki... 

Prezidentin müsahibəsindən məlum oldu ki, Azərbaycan sərhədlərin 1970, 1975, 1990-cı illərin xəritələri əsasında delmitasiyasına qarşıdır. İlham Əliyev mövqeyini belə izah edib ki, 1969-cu ilə qədər sovet rejimi Azərbaycan Xalq Cümhuriyyətindən qalan əraziləri hissə-hissə Ermənistana verib. Bu ərazilər sözügedən illərdə hazırlanan xəritələrdə Ermənistanın ərazisi kimi göstərilib, bu isə tarixi ədalətin pozulmasıdır: 

“Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik. Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.

Azərbaycan ordusu geri çəkilməyəcək

İlham Əliyev hər iki tərəfin orduları hazırda dayandığı mövqelərdən geri çəkilməsi barədə İrəvanın tələbini də rədd edib:

“...Biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir”.

Beləliklə, hazırda Ermənistanla normallaşa prosesinin əsas prinsipial məqamlar ilə bağlı Azərbaycanın mövqeyi ictimaiyyətə açıqlandı. Burada İrəvanı çətin dilemma qarşısında qoyan bir neçə mühüm məqam var:

Birincisi, sülh sazişi imzalansa belə, sərhədlərin delimitasiyası sovet xəritələri əsasında müəyyən olunmayacaq. Azərbaycan tarixi ərazilər məsələsini qaldırır;

İkincisi, Zəngəzur dəhlizi Azərbaycanın tələb etdiyi şərtlər daxilində açılmayacaqsa, regionda kommunikasiyaların açılması mümkün deyil, Ermənistanın Türkiyə və Azərbaycandan təcridi davam edəcək;

Üçüncüsü, Azərbaycan Zəngəzur dəhlizinə Rusiya hərbçilərinin nəzarət etməsini istəyir, Ermənistanın təhlükəsizlik zəmanətlərinə inanmır. Bu məsələ isə İrəvanın, onun Qərb tərəfdaşlarının qırmızı xəttidir. Paşinyan hökuməti buna gedə bilməz.

Hazırda müzakirə olunan sülh layihəsində yer alan 5 prinsipin nə qədər işlək olması Ermənistanın Azərbaycanın şərtlərinə razılaşmasından asılıdır. Əks halda, saziş imzalansa belə, deklarativ bir sənəd kimi qalacaq, bölgədə normallaşma prosesinə gətirib çıxarmayacaq...

Turqut