Logo
news content
User
Kateqoriyalar

Analitika

İki qocanın qorxulu oyunu
Rusiya Avropada yeni, daha dəhşətli müharibə ocağı hazırlayır? 

Rusiya Avropada yeni münaqişə ocağı hazırlayır. Bu dəfə hədəfdə NATO üzvü olan Polşadır.

Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə Təhlükəsizlik Şurasının keçirdiyi toplantıda çıxış edərək, Varşavanı Ukraynanın qərb rayonlarını işğal etməyə hazırlıqda suçlayıb. Guya ki, Polşa hakimiyyəti bu yolla “özlərinin hesab etdikləri tarixi əraziləri geri qaytarmağa” ümid edirlər.

Putinə bu “ötürməni” isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin edib. Həmin Narışkin ki, Ukraynaya geniş hərbi təcavüzdən əvvəl Putinə “hər şey gözəldir, hər şey əladır, ukraynalılar bizi gözləyir”, “Ukrayna ordusu yoxdur, Kiyevi bir həftəyə ram edəcəyik”, “Qərb dağılıb, pərən-pərən düşüb, qarşımıza çıxacaq heç bir qüvvə yoxdur” kimi alovlu hesabatlar təqdim etmişdi. Bu alovlu hesabatların nəticəsi isə göz qabağındadır: heç nə əla deyil, ukraynalılar Rusiyanı gözləmir, bir həftə 1,5 ilə keçib, Qərb isə nəinki bölünməyib, əksinə, heç bir zaman bu qədər bütöv olmayıb. 

Beləliklə, həmin Narışkin bu dəfə Polşa rəhbərliyinin “qoşunlarını qərb vilayətlərinə yerləşdirməklə Ukraynanın ərazilərinə nəzarəti ələ keçirmək istəməsi planları” barədə hesabat təqdim edib. Putin isə bu məsələ üzərində geniş dayanaraq, Ukraynanın qərbini tutmağa hazırlaşan “polşa-litva-ukrayna birləşmələri” yaradılmasından danışıb: “Hər şey aydındır, perspektiv göz önündədir. Polşa qoşunları Lvova və ya Ukraynanın digər ərazilərinə girsələr, çıxmayacaqlar və həmişəlik orada qalacaqlar”.

Sonra Putin Ukrayna müharibəsindən əvvəl olduğu kimi Polşaya, eləcə də Ukraynanın qərb vilayətlərinə ərazi iddiaları irəli sürərək, “tarixi ekskursiyaya” başlayıb. O, Lvov vilayətini Rusiya quberniyasının tarixi ərazisi adlandıraraq, Polşanı Ukraynaya qarşı işğalçılıq siyasəti yeritməkdə ittiham edib, sonra Vilensk diyarının Çexoslovakiya ərazisi adlandırıb. 

Burada haşiyə çıxaraq xatırlatmaq yerinə düşər ki, müharibəyə qədər Putin Ukraynanın şərq rayonlarını “tarixi Rusiya torpaqları” adlandırırdı. Bu dəfə iştahı böyüyüb və artıq Lvov da “Rusiya ərazisi” sırasına qoşulub. Onun adını çəkdiyi Çexoslovakiya adlı qondarma dövlət isə (bu dövlət də SSRİ kimi süni şəkildə 1918-ci ildə yaradılmışdı) artıq 30 ildir mövcud deyil...

Bundan sonra o, Polşanın qərb torpaqlarını “Stalinin hədiyyəsi” adlandırıb: “Bizim Varşavadakı dostlarımız bunu unudub, biz yada salarıq”. Diqqət edin, yada salırıq yox, yada salarıq!

Nəhayət, o, Polşanın ünvanına birbaşa hədələr də yağdırıb: “Polşa liderlərinə gəldikdə, onlar NATO çətiri altında hansısa koalisiya yaratmaq və Ukrayna münaqişəsinə birbaşa qoşulmaq, özlərinə “yağlı tikə” qoparmaq – özlərinin olduğunu iddia etdikləri bugünkü Qərbi Ukraynanı işğal etmək istəyirlər. Onların Belarus torpaqları barədə xəyal etdikləri də bizə yaxşı məlumdur”. 

O, Belarusa qarşı təcavüzə bütün mümkün vasitələrlə cavab verməyə söz verib. Putin iddia edib ki, Polşa rəhbərliyi yanlış yoldadır və elə an gələ bilər ki, heç bir çətir onlara kömək edə bilməz.

Xatırladaq ki, Putin Krımın işğalı zamanı da eyni iddialarla çıxış edir və yarımadanın Ukraynaya SSRİ rəhbəri Nikita Xruşov tərəfindən verildiyini bildirərək, işğalı əsaslandırmağa çalışırdı. Bundan başqa o, vaxtaşırı digər keçmiş sovet respublikalarına qarşı da ərazi iddiası ilə çıxış edərək, onların əvvəllər olmadıqları torpaqları tutduqlarını iddia edir.

Məsələ bununla bitməyib. İki gün öncə isə Putinin qonağı olan Belarus prezidenti Aleksandr Lukaşenko da Polşanın ünvanına hədələyici açıqlamalarla çıxış edib. O, Putinlə görüşündə iyun qiyamından sonra Belarus ərazisində yerləşdirilən “Vaqner” qruplaşmasının döyüşçülərinə nəzarət etməyin çətin olduğundan “şikayət” edib. Həmin görüşə Belarus sərhədləri yaxınlığında yerləşən Polşa briqadalarının xəritəsini gətirən Lukaşenko “Vaqner” üzvlərinin döyüşə necə hazır olduqlarından danışıb: “Mənə deyirlər ki, Qərbə getmək istəyirik. Soruşuram ki, nəyinizə lazımdır. Cavab verirlər ki, Varşava və ya Jeşuva “ekskursiyaya” getmək istəyirik. Mən, razılaşdığımız kimi, onları diqqətdə saxlayıram. Belarus onların qərbə getməsini istəmir. Çünki əhval-ruhiyyələri çox pisdir. Onlara haqq qazandırmaq lazımdır: müttəfiq dövlət ətrafında nələr baş verdiyini yaxşı bilirlər. Bunu elə-belə, bir cizgi kimi dedim”.

Lukaşenko bununla “Vaqner” qrupunun hazır olduğunu və döyüşə atıla biləcəyi ilə bağlı Polşaya xəbərdarlıq edir. Çünki son hadisələrdən və “Vaqner”in Ukraynadan çıxarılaraq Belarusa yerləşdirilməsindən narahat olan Varşava Belarusla sərhədin 40 və 100 kilometrliyinə müvafiq olaraq iki gücləndirilmiş briqada yerləşdirib.

Beləliklə, ortada fakt var: Putin-Lukaşenko cütlüyü yeni oyuna başlayıb və hədəfdə Polşadır. İki nəfərin oynadığı bu oyunun səbəbi və nəticələri necə ola bilər? 

Əvvəla, etiraf etmək lazımdır ki, Polşa bu gün Rusiyanın ən qatı düşməninə çevrilib. Ukraynaya göndərilən silahların böyük hissəsi Polşa ərazisindən keçməklə çatdırılır. Kreml sahibinin bunu unutması mümkün deyil və unutmayacaq. Amma Polşaya qarşı hər hansı addım atmaq üçün ən azından daxili auditoriya qarşısında az-çox əsas lazımdır. Çünki uğursuzluğa düçar olan Ukrayna müharibəsi Putinin qarşısına getdikcə mərtəbələnən maneələr çıxarır. Putin də əvvəlki “işğalçı niyyəti”, “Rusiyanın hədiyyə edilən ərazisi” kimi köhnə nağıllardan istifadə edir, eyni zamanda, ən kəskin məqam olan “Belarusun ərazi bütövlüyünə təhdid” versiyasını ortaya ataraq, zəmin yaradır. 

Lukaşenkonun isə Putinin sifarişini yerinə yetirərək Polşaya qarşı hazırlanan təxribatda iştirak etməkdən başqa çarəsi yoxdur. Çünki qərblə, ətraf ölkələrlə, hətta öz xalqı ilə münasibətlərdə bütün körpüləri yandıran “batka” Putinə “yox” cavabı verdiyi təqdirdə onu nə gözlədiyini başa düşür. Ən azından, onu Belarusa yerləşdirilən “Vaqner” təhlükəsi gözləyir.

Bircə sual var: “Dəli yığıncağı”nın üzvləri NATO ölkəsinə qarşı çaxmaq qədər dəli olublar?

PRESS KLUB