Logo
news content
User
Kateqoriyalar

Analitika

İcra başçılarını niyə həbs edirlər?

Ötən ilin sonundan başlanan icra başçılarının həbs dalğası son olaraq Biləsuvara çatdı.

Aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Biləsuvar rayon İcra Hakimiyyətində əməliyyat keçirərək, xeyli adamı şübhəli şəxs qismində saxlayıb. Tutulub Bakıya gətirilənlər arasında İH başçısı Mahir Quliyevlə yanaşı, birinci müavini Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, Mərkəzi Xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələr Kombinatının direktoru Xalidə Ağayeva, Məşğulluq şöbəsinin keçmiş rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədovun da olduğu bildirilir.

Hələlik adları çəkilən şəxslərə qarşı ittihamlar haqda dəqiq məlumat yoxdur. Amma ehtimal olunur ki, bu əməliyyat da dekabrda Ağstafa və Yevlax, fevralda Neftçala rayon icra hakimiyyətlərində keçirilən əməliyyatların davamıdır.

Hüquq-mühafizə orqanlarındakı mənbənin “Press Klub”a bildirdiyinə görə, sabiq icra başçıları və onlarla birlikdə həbs olunan şəxslər DTX-nın istintaq təcridxanasında saxlanılır. Onların işi üzrə istintaq araşdırmaları da DTX-nın İstintaq İdarəsində aparılır.

Həbs qərarı çıxarılarkən sabiq başçılara dövlət tərəfindən vəkil ayrılıb

Keçmiş icra başçılarının ittiham olunduğu külli miqdarda mənimsəmə, ağır nəticələrə səbəb olan vəzifədən sui-istifadə, rüşvət alma və s. əməllər ağır cinayətlər kateqoriyasına aiddir. Ağır cinayətlərdə ittiham olunan şəxslər isə mütləq vəkillə təmin olunmalıdır. Sabiq məmurların işində diqqət çəkən məqamlardan biri də həbs-qətimkan tədbiri üçün məhkəmə qarşısına çıxarılarkən onlara dövlət hesabına vəkil verilməsidir. Əslində, dövlət hesabına hüquqi yardımın mahiyyəti özünə vəkil tutmağa maddi imkanı çatmayan şəxsi müdafiəsiz qoymamaqdır. Milyonlarla vəsaitin mənimsənilməsində ittiham olunan, uzun illər yüksək vəzifələrdə çalışmış şəxslərə dövlət hesabına vəkil təyin olunması da müəyyən suallar yaradır.

Dekabrda tutulan Ağstafa və Yevlax rayonlarının sabiq icra başçıları Nizaməddin Quliyev və Qoca Səmədovun barəsində ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Müddət başa çatsa da, istintaq yekunlaşmayıb, ona görə də aprelin 13-də onların həbsdə saxlanma müddəti daha üç ay artırılıb. Həbs müddətinin uzadılması qərarını Səbail rayon Məhkəməsi verib. İstintaqı aparan orqan – DTX-nın İstintaq İdarəsi bu rayonun ərazisində yerləşdiyinə görə həbsin uzadılması haqda təqdimata orada baxılıb. Əvvəlkindən fərqli olaraq, budəfəki məhkəmədə keçmiş icra başçılarının öz vəkilləri (ailələrinin müavilə bağladığı) iştirak edib.

Nizaməddin Quliyevin oğullarından biri işdən çıxıb, hakim olan digərinə məhkəmə işləri verilmir

Həbs olunan məmurlardan 66 yaşlı Nizaməddin Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində cəmi 8 ay işləmişdi. Bundan öncə isə o, 10 il Goranboy rayonunda eyni vəzifəni daşıyıb. Onun övladlarından Ramin Quliyev Nərimanov rayon Məhkəməsinin hakimi idi, Ramal Quliyev isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işləyirdi. Atalarının həbsindən sonra hər ikisinin işini itirdiyi bildirilir. Ramal Quliyev yanvar ayında çıxarılıb. Onun özünün işdən çıxmaq barədə ərizə yazdığı bildirilir. Ramin Quliyev hakimdir deyə, onun kənarlaşdırılması asan məsələ deyil. Hakimlər prezidentin sərəncamıyla təyin edilir. Ramin Quliyev 2013-cü ildən hakimdir. Atasının həbsindən sonra faktiki, fəaliyyət göstərmir. Əvvəldən icraatında olan işlərə baxıb. Ona yeni iş verilmir.

Həbs olunan icra başçılarına qarşı irəli sürülmüş ittihamlar arasında rəhbərlik etdikləri rayonlarda sahibkarlardan, yerli dövlət orqanlarından pul toplamaq, büdcədən ayrılan vəsaitləri təyinatı üzrə xərcləməyib mənimsəmək, tikinti aparmaq istəyən vətəndaşlara razılıq vermək üçün rüşvət almaq, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslər üçün nəzərdə tutulan əməkhaqqı kartlarını özününküləşdirmək kimi iddialar yer alıb.

Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun cinayət işinin materiallarında Şəhid ailələri və müharibə əlillərinə yardım fonduyla bağlı da ittiham var. İddia olunur ki, Yevlaxda dövlət orqanlarında çalışan işçilərin maaşından hər ay bu fonda köçürmək adıyla pul tutulub. Aylıq toplanan vəsaitin 8000 manatı isə icra başçısına çatıb.

Həbs edilən icra başçılarının yaxınları, vəkilləri hələ ki danışmır. Bu üzdən onların özlərini təqsirli bilib-bilmədikləri, ittihamlara dair mövqeləri bəlli deyil.

İlham İsmayıl: “Bu gün bütün rayonların icra başçılarını eyni əməllərdə ittiham edib, həbsə atmaq olar”

Prosesi təhlil edən ekspertlər həbs dalğasının başqa rayonlara yayılacağını istisna etmirlər. Amma bu həbslərin korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirildiyindən şübhə duyurlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, bu həbsləri köklü islahat saymaq doğru deyil. Onun fikrincə, idarəetmə sisteminin mahiyyəti dəyişmirsə, islahatdan danışmaq olmaz: “Bu gün Azərbaycanda bütün rayonların icra başçılarını eyni əməllərdə ittiham edib, həbs eləmək olar. Çünki hamısı eyni vəziyyətdədir”.

Bu həbslərin gerçək səbəbinə gəlincə, İ.İsmayıl düşünür ki, hakimiyyət bir addımla iki məqsədə çatmaq istəyir: “Xalqın məmurlardan narazı olduğunu yaxşı bilirlər. Eyni zamanda, özlərinin də narazı qaldıqları məmurlar var. Narazı olduqları adamları qurban verməklə həm də islahat, korrupsiya və məmur özbaşınalığına qarşı mübarizə görüntüsü yaradıb, insanların rəğbətini qazanmağa çalışırlar”.

Zərdüşt Əlizadə: “İcra başçılarının həbsi hüquqi yox, siyasi hadisədir”

Politoloq Zərdüşt Əlizadə isə bu həbsləri hakimiyyətdaxili qruplaşmalar arasında toqquşmaların nəticəsi sayır. Onun fikrincə, icra başçılarının həbsi hüquqi yox, siyasi hadisədir. Z.Əlizadə ümumiyyətlə, hər rayonun ayrıca icra başçısı olmasının əleyhinədir. O hesab edir ki, ölkəni 7-8 vilayətə bölüb, rəhbərliyi seçki yolu ilə formalaşdırmaqla, daha effektiv idarəçiliyə nail olmaq mümkündür:

“Biz icra başçılarının həbsini dəyərləndirəndə onların həmin vəzifələrə necə təyin edilməsinə diqqət yetirməliyik. Bu vəzifəyə təyin olunmaq üçün iki əsas meyar var - pul və sədaqət. Onların qarşısına qoyulan əsas vəzifələr də yerli əhalini itaətdə saxlamaq, müxalifətin mövcudluğuna imkan verməməkdir. Həbs olunan icra başçılarının uzun illərdir nə işlə məşğul olduqlarını, var-dövləti necə topladıqlarını bilmirdilər? Əlbəttə ki, bilirdilər. Sadəcə, indi qruplararası mübarizə o adamların həbsini zərurətə çevirib. Nəzərə almaq lazımdır ki, icra başçılarının təyinatı əsasən Ramiz Mehdiyevin nəzarətində idi. Onun kadrları yola salınır, əmlaklar da ələ keçirilir”, - deyə Z.Əlizadə “Press Klub”a bildirdi.

Onun sözlərinə görə, ölkə rəhbərliyi bu həbslərlə rüşvətxorluğa qarşı mübarizə görüntüsü yaratmağa çalışsa da, əslində, öz idarəçiliklərinin bərbadlığını etiraf edirlər.

Gülər