Logo
news content
User
Kateqoriyalar

Analitika

“Humanitar atəşkəs”in ikinci günü Ağdam rayonu atəşə tutulub

Müəllif: Seymur Kazımov

Ermənistanla Azərbaycan arasında oktyabrın 18-də elan edilmiş humanitar atəşkəs rejimi növbəti dəfə pozulub.

Ermənistan Silahlı Qüvvələri oktyabrın 19-da, günorta saat 12 radələrində Ağdamın Qaradağlı kəndindəki yaşayış evlərini və əkin sahələrini atəşə tutub. Oktyabrın 18-də və 19-da bir neçə mərmi Natiq Qarayevin yaşadığı evin həyətinə və ona yaxın əkin sahələrinə düşüb.

Natiq Qarayev Ağdam rayonunun Novruzlu kəndindəndir. Kəndləri işğal olunduğuna görə 1993-cü ildən Qaradağlı kəndində məskunlaşıb. “Bir neçə saat öncə kəndə 10 mərmi atıldı, 4 mərmi sahəyə, bir mərmi isə evimin həyətinə düşdü. İki gün öncə həyətimə düşən mərmidən biri partlamayıb, yerin dərinliyinə saplanıb”, - deyə N.Qarayev söyləyir. O, bir neçə gün öncə ailəsini kənddən çıxarıb, xəsarət alan yoxdur.

Azər Bayramov da əslən Novruzlu kəndindədir. O da Qaradağlı kəndində məskunlaşıb. Oktyabrın 18-də onun həyətinə bir neçə mərmi düşüb. Həyətyanı sahə dağılıb, meyvə ağacları qırlıb, mal-qarası, toyuq-cücəsi tələf olub. O da ailəsini günlər öncə kənddən çıxarmağa müvəffəq olub. Oktyabrın 4-də isə həyətinə düşmüş mərmi evinə ziyan vurub.