Logo
news content
User
Kateqoriyalar

Analitika

Həqiqi sülh, yoxsa sülh illüziyası?
Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı müharibədən sonra regionda yaranan vəziyyət barədə danışıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan çox fəal işləyir, Ermənistanı sülh sazişi üzrə danışıqlara başlamağa dəvət edib, hətta sülh sazişinin əsas prinsiplərini və layihəsini hazırlayıb. Azərbaycanın ötən ilin sentyabrında öz suverenliyini tam bərpa etdiyini deyən Əliyev onu da vurğulayıb ki, ölkəmizə qarşı əsassız siyasi hücumlara baxmayaraq, Azərbaycan sülh təklif edir. O, əlavə edib ki, hazırda müsbət tendensiyalar var və biz sülhə doğru gedirik.

Maraqlıdır, Ermənistanla sülhün bağlanmasına doğru getdiyimizə, heç kim və ya heç nəyin bu prosesin uğurlu gedişinə mane ola bilməyəcəyinə nə dərəcədə əmin ola bilərik? Ermənistan və Azərbaycan rəhbərliyinin bunu etməyə iradəsi var. Amma bu kifayət edirmi? Cənubi Qafqaza sülhün gəlməsinin qarşısını almaqda maraqlı olan qüvvələr varmı?

Pressklub.az-ın suallarını tanınmış politoloqlar cavablandırıb.

“Azadlıq” radiosunun jurnalisti, Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert Vadim Dubnov (Praqa) hesab edir ki, nikbinlik üçün müəyyən səbəblər var.

Çünki doğrudan da, bütün gərginliklərdən və həyəcanlı gözləntilərdən sonra artıq neçə aydır ki, ciddi kəskinləşmə görmürük. Ən əsası, ilk növbədə Bakının belə bir kəskinləşməyə getməsi üçün motivlərini və səbəblərini görmürük. Mənə elə gəlir ki, Azərbaycan həqiqətən də əsas vəzifəsini həll edib. Bütün sərhədlərini tam şəkildə bağlayıb, 30 il gecikən dövlətçiliyini rəsmiləşdirib, mənəvi sarsıntıdan çıxıb, belə deyək, İlham Əliyev dövlətin yaradıcısı və dövlətin yaradılmasını başa çatdıran şəxs kimi tarix kitablarına düşüb. Və ümumiyyətlə, hesab edirəm ki, Bakı indi əlavə risklərə heç bir əsas görmür. Təbii ki, o, təzyiq göstərəcək, hədələyəcək, müəyyən gərginliklərlə qorxudacaq və istisna etmirəm ki, haradasa belə bir hadisə baş verə bilər. Amma mənə elə gəlir ki, bu gərginliklər son həftələrdə baş verən və heç bir şeyə səbəb olmayan əvvəlki lokal gərginliklər kimi olacaq. Çünki Bakı danışıqları təkbətək müstəviyə çıxara bildiyi üçün danışıqların vektoru indi müəyyən şəkildə düzəlir. Bakı həm Rusiyadan, həm də Qərbdən qurtulub”, – ekspert deyir.

Onun fikrincə, İrəvan ən azından müəyyən situasiyalarda Qərbdən hansısa dəstək axtarmağa məcburdur (çünki Bakı ona lazım olan hallarda Moskvadan dəstək alır) və qüvvələri bərabərləşdirmək üçün buna çalışacaq. “Ancaq düşünürəm ki, bu çox da uğurlu deyil. Azərbaycan bütün problemlər həll edildikdən sonra mümkün risklərdən qaçmaq üçün daha konstruktiv olacaq. Çünki müqəddəs ərazi bütövlüyü uğrunda döyüşçüdən qonşusunun ərazi bütövlüyünü pozmağa çalışan tərəfə çevrilmək nə siyasi, nə də siyasi-texnoloji baxımından Bakının planlarına daxil deyil. Bu da müəyyən ümidlər yaradır. Xüsusən də, birgə delimitasiya komissiyasında baş verənlərə baxsaq, orada hər şey o qədər də ümidsiz deyil. Əlbəttə, “vay məğlub olanın halına” tezisi hələ də bu danışıqların üzərində dayanır. Amma məncə, əvvəllər olduğundan daha az dərəcədə qorxuludur. Ona görə də, düşünmürəm ki, söhbət Cənubi Qafqaza sülh gəlməsindən gedir. Amma müharibə və ya hansısa ciddi gərginlik ehtimalının azalması kifayət qədər inandırıcı görünür”, - Dubnov qeyd edib.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının sözlərinə görə, bizim sülhə doğru getməyimizə mütləq əminlik yoxdur.

Sülhü öz şərtləri daxilində diktə edə bilməyən Putin Rusiyası. Ermənistan hökumətinin başında qərbyönlü Paşinyan. Üstəlik, hazırda sözün əsl mənasında Gürcüstan uğrunda mübarizə qızışır”, - Qasımlı deyir. Onun fikrincə, Azərbaycanın Ermənistanla münasibətlərinə Ermənistanın Rusiya ilə münasibətindən ayrı baxmaq düzgün deyil.

“Hələlik hər iki tərəfin sülh üçün iradəsinin olub-olmadığı dəqiq məlum deyil. Əliyev Putin Rusiyasının regionda əsas müttəfiqidir. Onun sülhlə bağlı iradəsi Kremlin regional konyikturundan asılıdır. Təəssüf ki, məndə sülh illüziyası yoxdur. Daha doğrusu, sülhün tez biz zamanda olacağı illüziyam yoxdur”, - deyə Qasımlı yekunlaşdırıb.

Rauf Orucov