Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq?
Ermənistanın geri çəkiləcəyi real deyil, Rusiyanın əlində real təzyiq rıçaqları var
30 Avqust 2026
Sentyabrın 1-də Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü, sadəcə növbəti protokol təması deyil. Bu görüş Cənubi Qafqazın geosiyasi xəritəsini və Moskva-İrəvan xəttindəki 30 illik “strateji ittifaqın” aqibətini müəyyən edəcək həlledici raund ola bilər.
İrəvanın Moskva ilə münasibətləri sürətlə aşağı pilləyə endirməsi, daxili siyasətdə Kremlin “beşinci kolon”unu sıradan çıxarması və xarici siyasətdə Avropaya inteqrasiya kursu götürməsi şəraitində reallaşan bu zirvə, tərəflərin bir-birinə kəskin şərtlər diktə edəcəyi açıq döyüş meydanını xatırladır.
Rusiya və Ermənistan liderlərinin bundan əvvəlki təmasları iki ölkə arasında gərginliyin addım-addım necə kritik həddə çatdığını aydın göstərir. Son dövrlər ŞƏT və MDB sammitləri çərçivəsində baş tutan qısa ayaqüstü söhbətlər və məhdud tərkibli görüşlərdə Paşinyanın digər liderlərlə söhbətini bitirən Putini gözləməsi və diplomatik təşəbbüsü birtərəfli qaydada üzərinə götürməsi nümayişkaranə xarakter alırdı.
Əvvəlki görüşlərdə Moskva İrəvana KTMT və Aİİ çərçivəsindəki öhdəliklərini xatırladaraq "soyuq müttəfiqlik" mesajı verirdisə, Paşinyan qarşı tərəfə 2022-ci ilin sentyabr hadisələrini və Rusiyanın təhlükəsizlik zəmanətlərini yerinə yetirmədiyini irad bildirirdi. Əvvəlki təmaslarda tərəflər daxili narazılıqları pərdələməyə çalışsalar da, artıq diplomatik nəzakət qaydaları kənara qoyulub və Şanxay sammitinə açıq qarşıdurma şəraitində gedirlər.
Seçkilərdən sonra – ötən həftə Ermənistan hökumətinin təqdim etdiyi yeni fəaliyyət proqramında Rusiya ilə münasibətləri xarakterizə edən ənənəvi “strateji tərəfdaşlıq” və “müttəfiqlik” ifadələrinin çıxarılması İrəvanın xarici siyasətində köklü dönüşü rəsmiləşdirir. Paşinyan mətbuat konfransında bu addımı 2022-ci ilin sentyabr hadisələrindən sonra KTMT və Rusiyanın öz təhlükəsizlik öhdəliklərini nümayişkaranə şəkildə yerinə yetirməməsi ilə əsaslandırdı: "Siz məndən soruşacaqsınız ki, niyə KTMT və Rusiya öhdəliklərini yerinə yetirmədi? Mən buna nə cavab verməliyəm? Məhz bu reallıqlara görə sənədlərdəki ifadələr dəyişdirilib".
Yeni dövlət proqramı İrəvanın Moskvadan tədricən ayrılmasını nəzərdə tutan 5 əsas strateji istiqaməti müəyyən edir:
Rəsmi İrəvan Aİ-yə üzvlük üçün rəsmi müraciət etməyi və bunun ardınca müvafiq yol xəritəsi əsasında ölkədə ümumxalq referendumu keçirməyi prioritet elan edir;
KTMT-dəki iştirakın dondurulması, maliyyələşmənin kəsilməsi və təşkilatdan çıxarılma arzusu ilə yanaşı, hərbi-texniki ehtiyacların Fransa, Hindistan və ABŞ hesabına qarşılanması. Paşinyanın "KTMT bizi üzvlükdən çıxarsa, ancaq sevinərik, xilas olarıq" bəyanatı bu gedişin bariz sübutudur;
Ölkə ərazisindəki bütün nəqliyyat və logistika xətlərinin, o cümlədən dəmir yolları və sərhəd keçid məntəqələrinin üzərində yalnız Ermənistanın suveren hüquqlarının tətbiqi (Rusiya FTX-nin və digər strukturların nəzarətindən imtina);
Azərbaycan və Türkiyə ilə münasibətlərin üçüncü dövlətlərin (xüsusən Rusiyanın) vasitəçiliyi olmadan, birbaşa ikitərəfli dialoq və beynəlxalq hüquq müstəvisində tənzimlənməsi;
Moskvayönümlü köhnə elitanın (Robert Koçaryan, Serj Sarkisyan, Qagik Tsarukyan) siyasi səhnədən tam təcrid edilməsi və Kremlin ənənəvi təsir aləti sayılan Erməni Apostol Kilsəsinin (Eçmiədzin) dövlət idarəçiliyinə müdaxiləsinin hüquqi yolla dondurulması.
Şübhəsiz ki, Putin-Paşinyan görüşünün ən mürəkkəb və gərgin mövzularından biri "Cənubi Qafqaz Dəmir Yolu" (CQDY - "Rusiya Dəmir Yolları" ASC-nin törəməsi) ətrafındakı hüquqi və iqtisadi qarşıdurmadır. 2008-ci ildə bağlanan konsessiya müqaviləsinə əsasən, Ermənistanın bütün dəmir yolu şəbəkəsinin idarəçiliyi 30 il müddətinə (2038-ci ilə qədər) Rusiya Dəmir Yollarına həvalə edilib. Paşinyan açıq şəkildə bəyan edir ki, dəmir yolunun Rusiya idarəçiliyində olması Ermənistanı beynəlxalq nəqliyyat layihələrindən təcrid edir. RZD-nin qərb sanksiyaları altında olması beynəlxalq investorların, daşıyıcıların və tərəfdaşların Arazdəyən-Axurik və digər xətlərdən istifadə etməsinə mane olur. İrəvan iddia edir ki, bu idarəçilik Ermənistanın tarixi logistik imkanlarını batırır. Paşinyan Rusiyaya müraciət edərək konsessiya müqaviləsinin ləğv edilməsini və ya güzəşt hüquqlarının Rusiya və Ermənistanın razılaşacağı üçüncü bir neytral ölkəyə/investora satılmasını tələb edir. Əks halda, İrəvan beynəlxalq arbitraja müraciət etmək və ya müqaviləni birtərəfli qaydada pozmaqla hədələyir. Kreml bu təşəbbüsü Rusiyanı Cənubi Qafqazın nəqliyyat-logistika sistemindən sıxışdırıb çıxarmaq üçün Qərbin təlimatı ilə atılan siyasi addım kimi qiymətləndirir. Moskva bildirir ki, müqavilənin Vaşinqton və ya Brüssel yönümlü strukturlara ötürülməsi qəbuledilməzdir və bu halda Rusiya Ermənistana yönəlik nəqliyyat və yükdaşıma tariflərini kəskin qaldıra, ölkəni iqtisadi blokada riski ilə üz-üzə qoya bilər.
İrəvandan gələn bu siyasi demarşlara Moskvanın cavabı gecikməyib. Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyini "Qərbin alətinə çevrilməkdə" ittiham edərək, İrəvanın Aİ-yə inteqrasiya xəttinin ağır iqtisadi və siyasi fəsadlar törədəcəyini açıq şəkildə bəyan edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Paşinyan komandasının bəyanatlarını "siyasi teatr" adlandıraraq, İrəvanın təhlükəsizlik zəmanətlərini itirmək riski ilə üz-üzə qaldığını vurğulayıb.
Məlum olduğu kimi, hələ seçkilərdən əvvəl Kreml artıq İrəvana qarşı "yumşaq güc" alətlərini işə salıb. "Rosselxoznadzor" vasitəsilə Ermənistandan gələn kənd təsərrüfatı, meyvə-tərəvəz və məşhur erməni konyakına tətbiq edilən fitosanitar məhdudiyyətlər təsadüfi deyil. Moskva bununla Paşinyana hiss etdirir ki, Aİİ imtiyazlarından məhrum edilmiş Ermənistan iqtisadiyyatı Rusiya bazarı olmadan iflic vəziyyətinə düşəcək. Qeyd edək ki, Rusiya ilə Ermənistan arasındakı ticarətin həcmi 3 dəfədən çox azalıb.
Paralel olaraq, Robert Koçaryan (və oğlu Sedrak), Qagik Tsarukyanın həbs edilməsi və üçüncü prezident Serj Sarkisyana qarşı cinayət işinin açılması, eləcə də Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin ilə açıq siyasi savaş Kremlin narahatlığını pik həddə çatdırıb. Moskva hesab edir ki, Paşinyan Rusiyanın ölkədəki bütün dayaqlarını tək-tək sıradan çıxarır.
Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçiriləcək bu görüş Rusiya-Ermənistan münasibətlərinin gələcək kursunu 3 əsas ssenari üzrə müəyyən edə bilər:
Ən yüksək ehtimal İrəvana siyasi, iqtisadi təzyiqlərin maksimum səviyyəyə çatdırılmasıdır. Görüşdə tərəflər kompromisə gələ bilmir. Putin Paşinyana Aİİ və Aİ arasında seçim etmək üçün ultimatum verir. Paşinyan geri çəkilmir. Nəticədə Rusiya Ermənistana qarşı tam iqtisadi embarqo tətbiq edir, "Rosselxoznadzor" kənd təsərrüfatı mallarını bloka alır, qazın qiyməti qaldırılır və "Lars" keçid məntəqəsi bağlanır. İrəvan adekvat olaraq KTMT-dən rəsmən çıxır və Rusiya hərbi bazasının ölkədən çıxarılması prosesini başladır.
İkinci ehtimal müvəqqəti atəşkəsdir. Paşinyan iqtisadi zərbələrin (xüsusən kənd təsərrüfatı və energetika sahəsində) daxili dözümsüzlük yaradacağını nəzərə alaraq, Aİ-yə müraciət müddətini dondurur. Moskva isə kənd təsərrüfatı məhsullarına qoyulan məhdudiyyətləri müvəqqəti yumşaldır. Tərəflər Aİİ çərçivəsində iqtisadi əlaqələri saxlamaqla, siyasi və hərbi sahədəki "dondurulmuş" status-kvo ilə kifayətlənirlər.
Üçüncü ssenari Rusiyanın müxtəlif təsir alətləri ilə ölkədə iqtisadi, siyasi sabitliyi pozmasıdır. Moskvanın iqtisadi rıçaqları (embarqo, enerji qiymətlərini artırmaqla) Ermənistanda kəskin inflyasiya və sosial böhran yarada bilər. Paralel olaraq, Kremlin dəstəklədiyi müxalifət, kilsə və keçmiş elitaya bağlı qüvvələr küçə etirazlarını alovlandırar. Paşinyan hakimiyyəti daxili təzyiqlər qarşısında zəifləyər və İrəvanda Rusiya ilə münasibətləri bərpa etməyə söz verən yeni siyasi qüvvələr ön plana çıxar.
Ehtimal etmək olar ki, Paşinyanın Avropa müttəfiqləri və ABŞ Rusiyanın Ermənistanda geniş əl-qol açmasına imkan verməyəcək. Hökumətin iqtisadi və siyasi cəhətdən dəstəklənməsi ölkəni Moskvanın sərt təzyiqlərindən qoruya bilər. Paşinyan da bu qeyri-bərabər savaşda məhz müttəfiqlərinə arxayındır.
Turqut