Hakkı Emre Yunt: ”Diasporlarımızın birlikdə olması lazımdır”
22 Noyabr 2019
Yaxın vaxtlarda İsveçdən yayınlanan TV kanallarından birində YPG-nin İrandan olan rəhbəri insanları hər yerdə türklərə qarşı terrora təhrik edirdi. Onun çıxışı sosial mediada geniş tirajlandı. Bu adam tək Türkiyə hökumətinə, prezidentinə, səfirliklərinə qarşı deyil, həm də bütün türk əsilli iş adamlarına, sadə vətəndaşlara qarşı ölüm savaşına səsləyirdi. Qardaş ölkə prezidenti Ərdoğanın “bizim Azərbaycan və Türkiyə diasporlarımız birlikdə olmalıdır” çağırışına səs verərək, həm də YPG təmsilçisinin təhdidlərinin xaricdəki vətəndaşlarımızı narahat etdiyini nəzərə alaraq Press Klubun Skandinaviya bürosunun rəhbəri Rahim Sadıqbəyli Türkiyə Cümhuriyyətinin Isveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri ilə müsahibə hazırlayıb.
- Türkiyə Cümhuriyyətinin İsveçdəki səfiri Hakkı Emre Yuntu yaxından tanıtmaq istəyirik.
- Mən 1985-ci ildə Türkiyə Xarici İşlər nazirliyində diplomatik işə başladım. O zamandan bir çox vəzifələrdə işlədim. Çikaqoda konsul müavini, Tehranda ikinci katib oldum. Bir müddət Ankarada çalışdıqdan sonra təkrar Vaşinqtonda baş katib və müvəqqəti işlər vəkili, Pekində səfirin vəkili işlədim. Oradan qayıtdıqdan sonra Avropa Birliyi söbəsində dairə başqanı və baş müdirin birinci müavini oldum. Daha 4 il Qatarda səfir işlədim və Ankaraya döndüm. Türkiyə Cümhuriyyəti Xarici İşlər nazirliyinin çoxtərəfli iqtisadiyyat işləri üzrə baş direktor vəzifəsində çalışdım. 2017-ci ildə Türkiyənin İsveçdəki səfiri təyin olundum.
- Sadaladığınız ölkələr əsasən isti məmləkətlərdir. Bu soyuq İsveçdə sizin üçün çətin deyil ki?
- Daha əvvəllər Avropa ölkələrində vəzifədə olmamışdım. İsveç dəyişik bir ölkədir. İqlimi də fərqlidir, qışı soyuq və qaranlıq keçir, günlər çox qısa olur. Yayda isə tam əksinə - günlər çox uzun olur. İnsanlarını çox sevdim. Türkiyə üçün çox önəmli, Avropa Birliyində bizi dəstəkləyən bir ölkədir. Əlbəttə, aramızda fərqli fikirlər, düşüncələr olur. Bunlara da təbii baxmaq lazımdır. Hər şeyi görüşərək, danışaraq, dialoq şəklində həll edəcəyik.
- İsveçdəki bəzi media orqanları terror təşkilatlarını dəstəkləyən qruplarla sıx əməkdaşlıq etməyə can atırlar. Siz bunu hiss etdinizmi?
- Əlbəttə, çox yaxından hiss edirik. Əsasən də hərbi əməliyyatlar zamanı. Mən bura təyin olunandan sonra Türkiyə Suriyada iki hərbi əməliyyat aparıb. Birtərəflilik əslində hər zaman hiss olunur, amma özəlliklə belə əməliyyatlar keçirilən zaman qabarıq büruzə verir. Dediyim kimi, tamam birtərəfli olurlar, bizim fikirlərimizi hesaba almırlar. Terror təşkilatlarının dəstəkçiləri buralara çox əvvəldən gəlmişlər və mühüm vəzifələr də tutublar. Onlar həm mətbuat, həm də siyasətçilərin üzərində mühüm söz sahibidirlər və qərəzsizlik, qarşı tərəfin fikirlərini dinləmək onlara çox da sərf eləmir. Amma biz əlimizdən gələni etməyə çalışırıq.
- Türkiyənin Suriyada apardığı Barış Pınarı (Sülh çeşməsi) əməliyyatı haqqında nə deyə bilərsiniz? Bu əməliyyatın nə üçün həyata keçirildiyini İsveç mediasına və görüşdüyünüz hökumət adamlarına necə anladırsınız?
- “Barış Pınarı” hərbi əməliyyatı bizim Şimali Suriyada apardığımız üçüncü əməliyyatdır. Daha öncə Afrində “Zeytun dalı hərəkatı” adlı əməliyyat da aparmışdıq. Bunların biri tamamilə DAEŞ-ə (İŞİD), digəri YPG-yə qarşı idi. Son əməliyyat da yenə YPG-yə qarşıdır. Niyə bunu edirik? Çünki “YPG” dediyiniz terror təşkilatı PKK kimi tanıdığımız təşkilatın eynisidir. Bunu heç kəs, hətta özləri də inkar etmirlər. Küçələrdə, nümayişlərdə, tədbirlərdə PKK-nın loqosundan, emblemindən və başqa simvollarından istifadə edirlər. Bunun inkaredilməz həqiqət olduğunu avropalılar da, isveçlilər də bilir. Amma deyirlər ki, biz PKK-nı terror təşkilatı kimi tanıyırıq, YPG-ni yox. Niyə? Bu bizim problemimiz deyil ki? Onu da tanıyın. Açıq görünür ki, PKK ilə YPG eyni təşkilatdır. Bütün terror fəaliyyətləri eyni PKK-nın gördüyü işlərdir. Onların başında general Mazlum deyə birisi var. Onun da adı əslində Əhməd Hamdi Rahimdir, deyəsən. Qərb elə bir adamı general kimi tanıyır, nədir-nədir, YPG DAEŞ-lə müharibədə çox itki verib. Biz “iki terror qrupunu bir-birinə qarşı vuruşdurmaq olmaz” deyə, bunları əvvəlcədən xəbərdar etmişdik. Dinləmədilər. Niyə? Çünki savaşda öz əsgərlərindən istifadə etməliydilər. Amma biz əksinə, DAEŞ terror təşkilatına qarşı savaşda öz əsgərlərimizdən istifadə etdik. Dörd min DAEŞ silahlısını məhv etdik. Arxamızdan isə bu YPG terrorçuları bizi hər zaman vurdular. Biz dəfələrlə dostlarımıza, amerikalılara söylədik ki, bunlar PKK terrorçularıdır, onları biz sərhəddimizdə istəmirik. Fəqət Amerika bizi hər zaman çaşdırdı, gözləmə mövqeyində durmağımızı istədi. Bizim də bıçaq sümüyümüzə dirəndiyi zaman bu əməliyyatı başlatdıq. Gördülər ki, onların sıx yerləşdiyi şəhərləri hədəf aldıq, bizimlə anlaşmağa başladılar, həm Amerika, həm də Rusiya ilə razılığa gəldikdən sonra sərhəddimizdən 30 km geri çəkildilər. Bizim davamız kiminlə? Əlbəttə ki, PKK ilə, kürdlərlə problemimiz yoxdur. Türkiyədə bir çox kürdlər bütün vətəndaşlarımızla eyni haqlara sahibdirlər. Bundan başqa Türkiyədə Suriyadakı savaşdan qaçan 350 min kürd var hal-hazırda. Biz kürdlərlə müharibə eləmirik. Bizim savaşdığımız YPG-dır. YPG isə kimdir? PKK-nın özü! Mən İsveç mətbuat nümayəndələrinə də bunu söylədim. İndi DAEŞ-ə gələk. Guya biz YPG ilə savaşsaq, DAEŞ-in əli açılacaq, o təkrar döyüşəcək. Bunlar hamısı cəfəngiyyatdır. DAEŞ indi hər şeyini itirmiş heçdir. Biz müharibə edincə, YPG-PKK həbsxanadakı 250 DAEŞ yaraqlılarını sərbəst buraxdı, bizsə onları təkrar yaxaladıq və indi ölkələrinə göndərəcəyik. Yəni, bizi təftiş edənlər, tənqid edənlər heç haqlı deyillər. Dedikləri də nədir? DAEŞ-lə mücadilə zəifləyəcək. Artıq DAEŞ yoxdur, zəifin nəyi zəifləyəcək? Əfəndim, əgər sizin vətəndaşınız terrorçudursa, onu geri alacaqsınız. Nə Türkiyədə, nə Şimali Suriyada kimsə onlara baxmaq məcburiyyətində deyil. Biz də onları geri göndərəcəyik. Amma DAEŞ-lə mücadilə zəifləyəcək-filan söyləməyin, bu artıq bitmiş bir savaşdır. Bundan sonra kimsə bunlara inanası deyil.
- PKK yanlı, kürd kökənli aktivistlər, media mənsubları, hətta millət vəkilləri İsveçin demokratiyasından sui-istifadə edərək İsveç toplumu ilə sıx işbirliyində olduqları halda, niyə türk kökənli siyasətçilər, millət vəkilləri bu olaylar zamanı Türkiyənin yanında olmurlar?
- Əgər türk kökənli millət vəkilləri Türkiyəni dəstəkləyərlərsə, o zaman öz partiyalarından həmən uzaqlaşdırılarlar .Çünki onların partiya siyasəti tam buna qarşıdır, yəni, Türkiyəyə qarşı siyasət yürüdürlər. Bunun da səbəbi odur ki, qarşı tərəf bir dəstənin basqısı altındadır. Burada yaşayan türk kökənli insanlar - istər türk vətəndaşı olsun, istər olmasın - öz iradələrinə uyğun davrana bilmirlər. Çünki başlarında PKK bəlası qorxusu var. PKK - terror dəstəsidir. Terrorçular isə vətəndaşları hər zaman təhdid edirlər. Təhdid olunduqlarına görə də onlar Türkiyədən bir çeşidli məsafədə qalmağa üstünlük verirlər. PKK adamlarına əmr verir ki, sən küçələrə çıxacaqsan, bu işləri görəcəksən, onlar da təhdid qarşısında bunları etməyə məcburdurlar. Halbuki, bizim sadə vətəndaşımızın belə məcburiyyəti yoxdur. Sakit öz həyatını keçirir və belə işlərə qarışmır. Arada olan fərq budur. Biz də səfirlik olaraq vətəndaşımıza heç zaman basqı etmirik. Burada bir səssiz çoxluq var. Onlar Türkiyənin nə etmək istədiyini çox yaxşı bilirlər, amma bu şəkildə davranış göstərmək istəməyərək susurlar... Qarşıdakılar isə, sizin də dediyiniz kimi, İsveçin demokratiyasını istismar edirlər, bundan sui-istifadə edirlər. Bunu da Türkiyənin əleyhinə yönəldirlər.
- Bir-iki həftə öncə həm sosial mediada, həm də bir neçə türk TV kanalında bir video yayınlandı. Fars dilində yayınlanan bu videoda YPG-nin İrandan olan rəhbəri insanları türklərə qarşı terrora təhrik edirdi. Bu adam tək Türkiyə hökumətinə, prezidentinə, səfirliklərinə qarşı deyil, həm də iş adamlarına, sadə vətəndaşlara qarşı ölümə, terrora çağırırdı. Bu videonun da ilk olaraq İsveçdə TV-dən yayınlandıgı iddia olunur. Bu haqda sizin bir məlumatınız varmı?
- Bəli, nəinki məlumatımız var, hətta biz bununla ilgili bir sıra tədbirlər də gördük. İsveç dövlətinə, cavabdeh qurumlara bu barədə məlumat verdik və videonu təqdim etdik. Doğrudur, bu video İsveçdən yayınlanır. İsveç polisi araşdırma aparır. Müstəntiqlər işləyir, görək, sonu nə olur və biz də bunu təqib edirik. Bu, bir adamın çığıraraq hər kəsi məhvə çağırdığı video idi. Sadəcə səfirliklərə deyil, həm iş adamlarına, həm də adi vətəndaşlara qarşı böyük bir terrora çağırırdı. Televiziyadan yayınlanan açıqca nifrət, cinayət idi bu. Biz də səfirlik olaraq, nə lazımdırsa, etdik. İndi sonunu izləyirik.
- Türkiyə prezidenti Ərdoğan Dünya Türk Konseyində bir daha vurğuladı ki, bizim Azərbaycan və Türkiyə diasporlarımız birlikdə olmalıdır. Bunu necə dəyərləndirirsiniz?
- Mən cənab prezidentlə tam razıyam. Bizim dünyada çox dostumuz yoxdur. Azərbaycan və Türkiyə “bir millət - iki dövlət” prinsipi ilə öz yaşamına davam edir. Diasporlarımızın da, əlbəttə, birlikdə olması lazımdır. Arada çəkişmələr olsa da, Türkiyə və Azərbaycan diasporları arasında fikir ayrılıqları yoxdur. Öz aralarında da çəkişmələr olmasa yaxşıdır. Çünki bizim düşmənimiz çoxdur. Onlara qarşı birlikdə hərəkət etməyimiz vacibdir. Cənab prezident çox doğru söyləyib.
- Təşəkkür edirik.
- Mən də təşəkkür edirəm qonaq çağırdığınıza görə.
[embed]