Logo
news content
User
Kateqoriyalar

Analitika

“Gürcüstanda seçkilərin nəticəsini saxtalaşdırmağa hazırlaşırlar”
Ekspert: “Gürcü arzusu” hakimiyyəti saxlamaq naminə hər şeyə gedir”

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurası bəyanat yayaraq, 2008-ci il müharibəsini “Vahid Milli Hərəkat” rəhbərliyinin qərbli himayədarlarının dəstəyi ilə “Rusiya ordusunu Gürcüstana qaytarmaq” cəhdinin kulminasiya nöqtəsi kimi qiymətləndirib. Bu barədə “Civil Georgia” məlumat yayıb. 

Bəyanatda iddia olunur ki, Rusiyanı uğursuz şəkildə təxribata çəkmək cəhdindən sonra “Saakaşvili və onun himayədarları başa düşürdülər ki, məqsədlərinə çatmaq üçün daha aqressiv və genişmiqyaslı addımlar lazımdır” və “Saakaşvilinin 2008-ci ilin avqustundakı avantürist hərəkətləri... xaricdən sifariş edilmiş və yaxşı planlaşdırılmış xəyanətin nəticəsidir”.

Hakim partiyanın bu bəyanatı öz rəqiblərini (“Kollektiv Milli Hərəkat”) “Qlobal Müharibə Partiyası” tərəfindən dəstəklənən “Müharibə Partiyası” adlandıran “Gürcü arzusu”nun seçki kampaniyasının şüarını təkrarlayır. “Gürcü arzusu” onlara səs verilməsini sülh seçimi kimi təqdim edir.

Bəyanatdan əvvəl “Azadlıq” radiosunun Gürcüstan bürosu isveçrəli diplomat Haydi Talyavinidən müsahibə alıb. Qeyd edək ki, Talyavini 2008-ci il müharibəsini araşdırmaq üçün Aİ-nin səlahiyyətli Komissiyasının (Gürcüstanda Münaqişə üzrə Müstəqil Beynəlxalq Faktaraşdırıcı Missiya) işini əlaqələndirib. Komissiya müharibə ilə bağlı hesabat dərc edib və həm rəsmi Tbilisi, həm də Moskva avqust hadisələri ilə bağlı öz versiyalarını dəstəkləmək üçün bu hesabata istinad edirlər.

“Gürcü arzusu”nun bəyanatında daha çox hesabatın Kremlin əvvəllər vurğuladığı hissələrinə istinad edilir və Rusiyanın müharibəyə və mümkün təcavüzə hazırlığını ortaya çıxaran hissələr barədə heç nə deyilmir.

“Gürcü arzusu” “Azadlıq” radiosunun Gürcüstan xidmətini və onun jurnalistini siyasi qərəzdə və “Kollektiv Milli Hərəkat”ın xeyrinə işləməkdə ittiham edir. “Azadlıq” Radiosu avqust müharibəsi ilə bağlı Haydi Talyavinidən fərqli mövqe almaq istəyirdi. Bu mövqe uzun illər əvvəl çıxarılan dəhşətli nəticələrə kölgə salmalıydı. Lakin bu cəhd uğurlu olmayıb”, - deyə “Gürcü arzusu”nun bəyanatında deyilir. - “Məlum olub ki, illər keçsə də Talyavininin mövqeyi dəyişməyib və o, jurnalistin “Milli Hərəkat”ın 16 il əvvəl törətdiyi xəyanətkar addımlarına hansısa şəkildə bəraət qazandırmaq cəhdlərini əsaslandırılmış mühakimə ilə puça çıxarıb”.

Hakim partiya iddia edir ki, Talyavinin hesabatı “Milli Hərəkat” haqqında hökmə bərabər sənəddir. “Gürcü Arzusu” iddia edir ki, həm müsahibə, həm də Talyavinin hesabatı hadisələrin rəsmi versiyasından fərqli formada təqdim olunub.

Qeyd edək ki, “Gürcü arzusu”nun bəyanatında Talyavinin hesabatı və ya “Milli Hərəkat”/Saakaşvilinin addımları barədə danışılarkən münaqişə “müharibə” kimi qeyd edilir. Amma Rusiyanın 2008-ci ilin avqustundakı fəaliyyəti təsvir olunanda “hərbi əməliyyat”, “hərbi cavab əməliyyatı” və ya “müdaxilə” ifadələrindən istifadə edilir.

Bəyanatda bildirilir ki, “dörd il davam edən təxribatlara baxmayaraq, Rusiyanın Gürcüstana girməsi üçün heç bir hüquqi əsas olmayıb və müharibəyə başlamayıb. Bu səbəbdən planın əsas hissəsini yerinə yetirmək mümkün olmayıb – “Milli Hərəkat” Rusiya qoşunlarını Gürcüstana yeridə bilməyib. Saakaşvili və onun himayədarları məqsədlərinə çatmaq üçün daha aqressiv və genişmiqyaslı addımlara ehtiyac olduğunu anlayıblar”. Bəyanatda həmçinin bildirilir ki, “Talyavininin qənaətinə görə, Saakaşvili hökuməti 2008-ci il avqustun 7- Tsxinvalini artilleriya atəşinə tutmaqla elə belə bir vəziyyət yaradıb ki, Rusiyanın əl-qolu açılıb və qoşunlar Gürcüstana daxil olub”.

“Gürcü Arzusu” iddia edir ki, Saakaşvilinin 2008-ci ilin avqustunda atdığı addımlar onun “psixiki dayanıqsızlığının nəticəsi deyil, xaricdən sifariş edilmiş və yaxşı planlaşdırılmış xəyanətin” nəticəsidir. Talyavininin hesabatında bu barədə heç nə deyilməsə də, “Gürcü Arzusu”nun bəyanatında “Qlobal Müharibə Partiyasının xəyanəti” mövzusu qaldırılır.

“Milli Hərəkat”, təkcə dövlətə xəyanətdə deyil, həm də hesabatın bəzi müddəalarına açıq şəkildə etiraz etməsinə baxmayaraq, “onunla razılaşmaqda” ittiham edilir. “Saakaşvili rejiminin bu cür sübut və nəticələri özündə əks etdirən sənədi qəbul etməsi açıq şəkildə göstərir ki, bu insanlar əvvəlcə müvafiq sübutlar yaradıblar, sonra isə nəticəni təsdiq etməklə öz ölkələrinə və xalqına qarşı ən ağır xəyanət ediblər”.

Hesab edirik ki, belə bir şəraitdə “Milli Hərəkat” komandasının törətdiyi cinayətə hüquqi qiymət verilməməsi cinayətə bərabərdir. Artıq Haaqa və Strasburqda məhkəmə prosesləri başa çatdıqdan sonra eyhamla danışmağın vaxtı deyil. Cinayətkarların Konstitusiya və qanun çərçivəsində tam cavab verməsinin vaxtı çatıb”, - “Gürcü Arzusu” bəyan edir.

Yuxarıdakı faktiki halları nəzərə alaraq, Gürcüstanda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün ictimai hüquqi prosesin keçirilməsi və ictimaiyyətin ölkəmizə və xalqımıza qarşı ən ağır vətənə xəyanət cinayətini törədənləri birdəfəlik tanıması zəruridir”, - bəyanatda daha sonra bildirilir.

Bu bəyanatda qonşu ölkədə seçki mübarizəsinin açıq-aydın təzahürləri özünü göstərir. Görünür, “Gürcü Arzusu” oktyabrda keçiriləcək parlament seçkilərindən sonra hakimiyyəti itirməkdən qorxur və buna görə də va-banka gedir. Maraqlıdır, ana müxalifət partiyasının ünvanına bu cür sərt ittihamlar seçicilərin əhval-ruhiyyəsini hansı istiqamətə döndərəcək? Onlar seçki yarışında son nəticədə həlledici tərəf olmağa qadirdirlərmi?

Qara Dəniz Beynəlxalq Universitetinin (Tbilisi) professoru, Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Nika Çitadze Pressklub.az-a açıqlamasında bu məsələlərə aydınlıq gətirib.

O, 2008-ci ildə Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin günahkarının Rusiyanın olmasını sübuta ehtiyacı olmayan fakt hesab edir. “Rusiya Federasiyası Gürcüstan ərazisinə müdaxilə etdi və Konstitusiyanın 98-ci maddəsinə uyğun olaraq bizim özümüzü müdafiə etmək hüququmuz vardı. Bu, dövlətin suveren hüququdur. Gürcüstan, həmçinin, beynəlxalq hüququn prinsiplərini, xüsusən də dövlətlərin kollektiv və fərdi özünümüdafiə hüququnun olmasından bəhs edən BMT Nizamnaməsinin 51-ci maddəsini müdafiə edib”, - deyə mərkəz direktoru bildirib.

O, qeyd edir ki, “Gürcü arzusu” iddiasına gəlincə, bəyanatda bu müharibənin başlanmasında Rusiya Federasiyasının deyil, Gürcüstanın və xarici qüvvələrin məsuliyyət daşıdığı iddia edilir. “Bu, həm də “Vahid Milli Hərəkatı”ı və digər müxalifət partiyalarını hansısa formada gözdən salmaq üçün seçkiqabağı kampaniya ilə bağlıdır. Çünki “Gürcü arzusu” bütün müxalifət partiyalarını “Kollektiv Milli Hərəkat” adlandırır.

Digər tərəfdən, “Gürcü arzusu” seçki öncəsi xarici siyasət kursunu 180 dərəcə, kəskin şəkildə Qərbdən Şimala dəyişmək qərarına gəlib. Bu, hakimiyyəti saxlamaq naminə edilir. Çünki fikrimcə, “Gürcü arzusu” qarşıdan gələn səsvermənin nəticələrini saxtalaşdırmağa hazırlaşır. Bu zaman avtoritar dövlətlər susacaq. Qərb isə təbii ki, tənqid edəcək. Bu da “Gürcü arzusu”na ittihamlarla çıxış etməyə daha bir əsas verəcək. Guya, bütün bunlar “Qlobal Müharibə Partiyasının” hiylələridir və məhz onlar və “Vahid Milli Hərəkat” 2008-ci il müharibəsində günahkardırlar”, - deyə politoloq bildirib.

Bütün bunlar seçicilərin səsinə nə dərəcədə təsir edə bilər? Onun fikrincə, burada hər şey Gürcüstanın səsvermə hüququna malik hər bir vətəndaşının intellektindən asılıdır. “Mənə elə gəlir ki, normal düşüncəli insanlar başa düşürlər ki, o zaman hərbi əməliyyatlar Gürcüstan ərazisində aparılıb və buna görə də işğalçı Gürcüstan deyil, Rusiya olub. Düşünürəm ki, hakim partiya seçicilərin əksəriyyətinə “Vahid Milli Hərəkat”ın satqın olduğunu və buna görə də onlara səs verməyə ehtiyac olmadığını inandıra biləcəyinə ümid edir. Bunun üçün hər şeyə gedir. Bu cür ittihamlardan sonra “Gürcü arzusu”nun itirəcəyini, yoxsa əlavə tərəfdarlar qazanacağını söyləmək çətindir. Mənə elə gəlir ki, onun uduzma ehtimalının daha yüksək olduğunu düşünmək məntiqlidir”, - Çitadze yekunlaşdırıb.

Rauf Orucov