Logo
news content
User
Kateqoriyalar

Analitika

Gözə göz, dişə diş prinsipi 
Humanizm işləmir və Azəbaycanın güzəşt limiti artıq başa çatıb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan sərhədini pozmaqda ittiham edilən iki erməninin məhkəməsi başlayıb. Ermənistan vətəndaşları olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç hakim qarşısına çıxarılıblar.

Arutyun Ovagimyan 1989-cu ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissəsində çavuş kimi müddətdən artıq xidmət keçir.

Karen Kazaryan isə 2004-cü ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissədə müddətli hərbi xidmət keçən hərbi qulluqçudur.

Ovagimyan və Kazaryana Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilib.

Maraqlıdır ki, Azərbaycan belə hallarda daima humanizm prinsiplərindən çıxış edərək, azaraq qarşı tərəfə keçmiş erməni hərbçilərini və mülki şəxslərini geri qaytarıb. 44 günlük müharibədən sonra bu və ya digər səbəbdən Azərbaycanın əlində olan və Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşları, eləcə də Qarabağda yaşayan erməni əsilli şəxslər qarşı tərəfə qaytarılıb. 

Rəsmi Bakı humanist addım ataraq hətta hərbi əməliyyatlar başa çatandan sonra saxlanılan erməni hərbçilərini də qarşı tərəfə təhvil verib. Məsələn, ötən ilin 13-14 sentyabr hadisələri zamanı saxlanılan 17 erməni hərbçisi oktyabrın 2-də Ermənistana qaytarılmışdı. Elə həmin il sentyabrın 8-də 5 erməni hərbçisi təhvil verilmişdi.

Azərbaycan tərəfinin bu humanizm prinsipi yalnız müharibə bitəndən sonra – 2020-ci ilin noyabrında Azərbaycan ərazisinə atılan erməni diversantlarına adi edilmir. 

Bu dəfə isə fərqli yol seçilib. Bakı, bu dəfə erməni hərbçilərini geri qaytarmaq niyyətində deyil. Əllərində silah Azərbaycan ərazinə keçən ermənilər üzərində məhkəmə qurulub və onlar cəzalarını alacaqlar. 

Bakının humanizmi niyə birdən-birə sərt addımla əvəz olunub? Çünki rəsmi İrəvanın Azərbaycanın atdığı addımları düzgün qiymətləndirməməsi, zəiflik kimi başa düşməsi, beynəlxalq aləmdə səs-küy salmaq, təzyiq göstərmək yolu ilə birtərəfli oyun aparmaq niyyəti Azərbaycan tərəfinin səbr kasasının daşdırıb. 

Xatırladaq ki, rəsmi İrəvan bu ilin əvvəlində çətin hava şəraitində Naxçıvan istiqamətində yolu azaraq Ermənistan tərəfinə keçən iki hərbçimiz – Aqşin Bəbirov və Hüseyn Axundov üzərində məhkəmə qurub. Məhkəmə Aqşin Bəbirovun 11,5, Hüseyn Axundovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Məqsəd isə hərbçilərimizi hələ 2020-ci ilin noyabrında həbs edilən terrorçularına dəyişmək istəyi idi və onlar bu niyyətlərini gizlətmirdilər. 

İndi isə erməni hərbçiləri üzərində Bakıda məhkəmə qurulub. Görünür, Azərbaycan tərəfi də Ermənistan rəhbərliyinə çomağın iki başının olduğunu xatırlatmaq fikrinə düşüb. Böyük ehtimalla, Azərbaycan tərəfinə keçən əli silahlı ermənilər barədə hökm çıxarılacaq. Sonra isə tərəflər arasında “xoş məramı” nümayiş etdirmək üçün hansısa üçüncü tərəfin vasitəçiliyi ilə iki azərbaycanlı hərbçinin iki erməni hərbçiyə dəyişdirilməsi baş tutacaq. 

Bir şey aydındır: Azərbaycanın güzəşt limiti başa çatıb. Bundan sonra hər bir addım “gözə göz, dişə diş” prinsipi ilə olacaq.

Press Klub