Logo
news content
User
Kateqoriyalar

Analitika

Gizli səfər və pərdəarxası danışıqlar: Vaşinqtondan Moskvaya “qırmızı xətt” xəbərdarlığı
Trampı MKİ rəhbərini təcili Rusiyaya göndərməyə nə vadar edib?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CIA) direktoru Con Retkliffin avqustun 25-də Moskvaya etdiyi elan olunmamış, cəmi bir neçə saatlıq gözlənilməz səfər beynəlxalq siyasətin və kəşfiyyat kulislərinin əsas gündəminə çevrilib. Səfər barədə rəsmi açıqlamalar məhdud olsa da, Vaşinqton və Moskva arasındakı bu təcili “pərdəarxası diplomatik görüş” Avropada təhlükəsizlik risklərinin ən pik həddə çatdığı bir vaxta təsadüf edir.

Kremlin mətbuat katibi Dmitriy Peskov Retkliffin Rusiya Prezidenti Vladimir Putinlə görüşmədiyini, lakin xüsusi xidmət orqanları səviyyəsində təmaslar qurduğunu təsdiqləyib. Peskov iki ölkə arasındakı münasibətlərin dərin böhran içində olduğunu etiraf etsə də, kəşfiyyat kanallarının açıq qalmasını müsbət qiymətləndirib. ABŞ Prezidenti Donald Tramp isə səfəri “yarı-rutin” tədbir adlandıraraq əsas diqqətin Ukraynadakı müharibəni dayandırmağa yönəldiyini bildirib. Lakin müşahidəçilər xatırladır ki, MKİ rəhbərinin Moskvaya son analoji səfəri 2021-ci ilin noyabrında - genişmiqyaslı işğaldan 3 ay əvvəl Uilyam Börns tərəfindən edilmişdi və bu vizitlər heç vaxt “rutin” olmur.

Con Retkliffi Moskvaya gətirən 4 kritik səbəb

Nüfuzlu Qərb mətbuatının (Politico, The Wall Street Journal, CBS News, ABC News) kəşfiyyat mənbələrinə söykənən iddiaları və beynəlxalq ekspertlərin analizləri Retkliffin Moskva portfelində 4 ana mövzunun olduğunu göstərir:

“The Wall Street Journal” və “Politico” yazır ki, ABŞ kəşfiyyatı Kremlin yeni səfərbərlik hazırlığı gördüyü və “NATO-nun qətiyyətini yoxlamaq” üçün Baltikyanı dövlətlərə (Estoniya, Latviya, Litva) qarşı təxribat ssenarilərini nəzərdən keçirdiyi barədə kəşfiyyat məlumatları əldə edib. Retkliffin Moskvaya əsas mesajı Rusiyanı bu addımdan çəkindirmək olub.

Hərbi və Siyasi Təsir Mərkəzinin baş direktoru Bredli Boumanın sözlərinə görə, Moskva Tehrana Amerikan qüvvələrini hədəf almağa kömək edən peyk-kəşfiyyat dəstəyini və Ukraynada sınaqdan çıxardığı hərbi taktikaları ötürməyi dayandırmalıdır. Retkliff bu hərbi-texnoloji işbirliyini kəsmək üçün Moskvaya təzyiq göstərib.

Qərb mediası qeyd edir ki, Vaşinqton Moskvanın danışıqlara hazır olub-olmadığını öyrənmək istəyir. Xüsusən Ukraynanın müharibəni bitirmək üçün hazırladığı 1 səhifəlik yeni planın vasitəçilərlə Rusiyaya çatdırılması gündəmdədir.

Saratoq Fondunun rəhbəri Qlenn Hovardın sözlərinə görə, MKİ rəhbərləri konkret və çox ciddi bir şey istəmək üçün Moskvaya gedirlər. Səfərin görünməyən tərəflərindən biri də Rusiyada həbsdə olan ABŞ vətəndaşlarının (o cümlədən Çarlz Zimmermanın) azad edilməsi məsələsidir.

Britaniyada Mİ6 həyəcanı və Avropadakı “fövqəladə vəziyyət”

MKİ rəhbərinin Moskva səfərini zəruri edən ən mühüm faktorlardan biri də Böyük Britaniya kəşfiyyatının (Mİ6) əldə etdiyi həyəcanverici məlumatlardır. “The Telegraph”, “Financial Times” və “Der Spiegel” nəşrlərinin yayımladığı sənədlərə görə, Mİ6 Böyük Britaniyanın Baş naziri Endi Börnhama Rusiyanın birbaşa hərbi və ya hibrid əməliyyat həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib. Bu təhdid fonunda London fövqəladə hallarla bağlı Düzəliş Planını işə salıb – britaniyalılara elektrik və ya təchizat kəsintiləri riskinə qarşı evdə minimum 3 günlük içməli su, uzunmüddətli qida və vacib tələbat malları saxlamaq tövsiyə olunub. London, eyni zamanda, dənizaltı fiber-optik kabellər və enerji xətlərinə yönələn sabotaj risklərinə qarşı nəzarəti maksimuma qaldırıb.

Paralel olaraq, Rusiya təhlükəsizlik strukturları (FTX və “Rosqvardiya”) da sərhədboyu zonalarda fəallığı artıraraq Leninqrad vilayətində sərhəddən sızan təxribat qruplarına qarşı minaatanların tətbiq olunduğu genişmiqyaslı təlimlər keçirib. Digər tərəfdən, “Der Spiegel” nəşrinin sızdırdığı sənədlərə görə, hətta Moskva ilə yaxın əlaqələri olan Macarıstan hökuməti rəsmi olaraq Rusiyanı “təhdid” kimi təsnif edib (Baş nazir Peter Magyarın imzası ilə) və Rusiyanın hərəkətlərinin Avropa və dünya nizamı üçün təhlükə yaratdığını bəyan edib.

Avropadakı bu gərginlik fonunda Böyük Britaniya və Fransa Kiyevə kritik jest edərək müharibənin gedişatını dəyişəcək addım atıblar. Britaniya Rusiyanın dərinliklərini vurmaq qabiliyyətinə malik “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərinin məxfi texnologiyalarını və lisenziyasını Ukraynaya təhvil verəcəyini, Fransa isə bu istehsalı rəsmən təsdiqlədiyini bildirib.

Bu qərara dərhal reaksiya verən Rusiya XİN sözçüsü Mariya Zaxarova Paris və Londonun “atəşlə oynadığını” və bunun Avropa üçün göznilməz ağır nəticələr doğuracağını bildirib. Analitiklər hesab edirlər ki, Ukraynanın öz ərazisində bu raketləri istehsal etməsi Kiyevin Qərbdən gələn “Rusiya ərazisini vurmamaq” məhdudiyyətlərindən tamamilə azad olması deməkdir.

Ekspertlər nə deyir: Şantaj, yoxsa müharibənin dondurulması?

Qərb mediasına müsahibə verən ekspertlər proseslərin gələcək inkişafını fərqli bucaqlardan qiymətləndirirlər.

Hərbi ekspert Yuri Fyodorov Rusiyanın NATO ölkələrinə genişmiqyaslı birbaşa hərbi müdaxiləsini real hesab etmir. Onun sözlərinə görə, Finlandiya dinc dövrdə 28 min, müharibə şəraitində isə bir neçə saat ərzində on minlərlə ehtiyat qüvvələri səfərbər edə bilər. Rusiyanın Finlandiyaya hücumu Sankt-Peterburq və Ust-Luqanın dərhal bombalanması deməkdir. Estoniya istiqamətində isə Rusiyanın ayıra biləcəyi 4-5 minlik briqadanı Estoniya ordusu təkbaşına dəf etmək iqtidarındadır. Ekspertin fikrincə, əsas təhlükə birbaşa hərbi hücum yox, “boz zona” əməliyyatları - diversiyalar, PUA təxribatları və kütləvi iğtişaşlar yaratmaq cəhdləridir.

Politoloq Ruslan Aysin isə vurğulayır ki, Retkliffin Moskva viziti diplomatik kanalların tamamilə sıradan çıxdığını gösterir. Cəbhədə irəliləyə bilməyən, cəmiyyətdə yorğunluq yaşayan və iqtisadiyyatı zərər çəkən Kreml müharibəni 2-3 aylıq “dondurmaq” ssenarisini nəzərdən keçirə bilər. Rusiya mediasında “Sberbank”a aid olduğu iddia edilən analizlərdə də cəbhə xəttinin mövcud vəziyyətdə saxlanılması və sanksiyaların hissəli ləğvi “ən real variant” kimi göstərilir.

Beləliklə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin Moskvaya gözlənilməz səfəri göstərdi ki, diplomatik dildən nəticə alınmadıqda Vaşinqton kəşfiyyatın baş komandanı səviyyəsində işə qarışır. Retkliffin Moskvaya gəlişi Rusiyanın Avropaya və NATO-nun şərq cinahına qarşı planlaşdırdığı ehtimal olunan təxribatların önünü almaq üçün atılmış təcili “qırmızı xətt” gedişidir. Analitiklərin fikrincə, bu səfərin real nəticələri yaxın həftələrdə həm Ukrayna cəbhəsində, həm Yaxın Şərqdə, həm də Baltikyanı sərhədlərdə özünü büruzə verəcək.

Turqut