Logo
news content
User
Kateqoriyalar

Analitika

General 20 il əvvəlki qətl hadisəsində ittiham olunur?

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov həbs olunub. Bu xəbəri Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib. Lakin həbsin səbəbləri, ona qarşı irəli sürülən ittihamlar və başqa detallar haqda hələlik rəsmi məlumat verilməyib. “İctimaiyyətə daha sonra ətraflı məlumat veriləcək”, - deyə prokurorluqdan bildirilib.

“Press Klub”un əldə etdiyi məlumata görə, generalın işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Bu idarədə 20 ilə yaxındır ki, Rövşən Əkbərovun adı keçən, qəsdən adamöldürmə ilə bağlı cinayət işi var. Həmin cinayət işi 2001-ci ildə Ukrayna Baş Prokurorluğundan Bakıya göndərilib və Kiyevdə azərbaycanlı iş adamı, 29 yaşlı Əliyev Elçin Fəday oğlunun qətlə yetirilməsi ilə bağlıdır. O zaman Ukrayna Baş Prokurorluğundan Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktubda qeyd olunmuşdu ki, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakına dair sübutlar müəyyən edilib. Lakin o, Azərbaycan vətəndaşı olduğuna və öz ölkəsinin ərazisində yaşadığına görə toplanmış sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Bakıya göndərilir. İş Azərbaycana göndəriləndən sonra istintaq Hərbi Prokurorluğa həvalə olunub. Lakin az sonra materiallar bu qurumdan alınaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib. Bir müddət sonra bu idarədə də icraat dayandırılıb.

Rövşən Əkbərov bu hadisədən az sonra – 2002-ci ildə general-leytenant rütbəsi alıb, 2003-cü ildə “Vətən uğrunda” medalı ilə təltif olunub, 2011-ci ildə isə korpus komandiri təyin edilib, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Ötən 20 il ərzində mərhum Elçin Əliyevin valideynləri – Səmayə Əliyeva və Fəday Əliyev dövlət orqanlarına onlarla məktub və teleqramlar göndərib, Rövşən Əkbərovun məsuliyyətə cəlb olunmasını tələb ediblər. Onlar dəfələrlə mətbuat konfransı keçirib, mediaya müsahibələr verərək, övladlarının ölümündə generalı ittiham ediblər. Hətta iş mərhum vəkil Elton Quliyevin hüquqi yardımıyla Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə də çıxarılıb. AİHM 2014-cü il iyulun 31-də çıxardığı qərarda bu iş üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda vurğulanıb ki, ərizəçilərin oğlunun ölümü ilə bağlı düzgün və effektiv araşdırma aparılmayıb. Strasburqdan Azərbaycan hökumətinə sorğu göndərilərək ərizəçilərin şikayətinə hökumətin cavabı istənilib. O zaman Azərbaycan hökumət iddia edib ki, bütün lazımi istintaq hərəkətləri aparılıb, Rövşən Əkbərovun bu işə aidiyyəti olması müəyyənləşməyib.

Səmayə Əliyeva bildirirdi ki, oğlunun Kiyevdə Rövşən Əkbərov tərəfindən öldürülməsinə Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov da şahid olub. Həmin dövrdə Nazim İbrahimov Ukraynada səfir idi. “Nazim İbrahimov həm də oğlumla dost idi. Onlar ikisi oğlumla restoranda olublar. Rövşən Əkbərov sonradan gəlib. Üçü birlikdə oturublar. Necə olubsa, mübahisə yaranıb. Oğlum durub gedib. Qapıdan çıxanda elə maşınının yanında Rövşən Əkbərov onu hərbçi bıçağı ilə vurub. Nazim İbrahimov da bunu yaxşı bilir”, - Səmayə Əliyeva belə deyirdi.

Rövşən Əkbərovun işi üzrə araşdırmaların aparıldığı Baş Prokurorluğun İstintaq İdarəsi Nəsimi rayonunda yerləşdirinə görə general martın 15-də ərazi aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Onun ilkin istintaq dövründə həbsdə saxlanmasıyla bağlı prokurorun təqdimatı təmin edilib. Barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2020-ci ildə ehtiyata buraxılan 56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinə qarşı əməliyyatlarda iştirakına görə həmin ilin oktyabrında Milli Qəhrəman adına layiq görülüb. Generalın 1995-ci ilin martında “OMON qiyamı”nın yatırılmasında da iştirakı məlumdur. Həmin əməliyyat zamanı “OMON”un komandiri Rövşən Cavadov öldürülüb. 

Gülər