Logo
news content
User
Kateqoriyalar

Analitika

Fransa hökuməti Senatın qətnaməsini icra etməyəcək

Fransa Senatı hökuməti uydurma “Dağlıq Qarabağ Respublikası”nı müstəqil dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. Sənəd demək olar ki, yekdilliklə - səsverməyə qatılan 306 senatordan 305-nin səsi ilə təsdiqlənib.

Qətnamə tövsiyə xarakterlidir. Bu, o deməkdir ki, hökumət üçün onun icrası məcburi deyil. Ümumiyyətlə, Fransada qanunverici hakimiyyət aşağı palata – Milli Assambleya tərəfindən həyata keçirilir. Assambleya xalq tərəfindən birbaşa seçkilərlə formalaşır. Yerli ərazi icmalarının nümayəndələrindən ibarət olan Senatın üzvləri isə yerli departamentlərin seçki kollegiyaları tərəfindən təyin olunur.

Prezident Emmanuel Makron 3 gün əvvəl bəyan edib ki, beynəlxalq hüquqa əsasən Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Fransa Xarici İşlər Nazirliyi də Senatın qərarına ilkin münasibətində bildirib ki, Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda verər.

Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Problem hələ tam həllini tapmayıb və Minsk Qrupu fəaliyyətini davam etdirəcək. Senatın mövqeyi ilk növbədə Fransanın vasitəçilik missiyasına ziddir və bu ölkənin tərəfsizliyini aradan qaldırır. Digər tərəfdən, qətnamə Fransa-Azərbaycan münasibətlərinə də zərbədir. İki ölkə əlaqələri xüsusən iqtisadi və mədəni sahələrdə ciddi inkişaf edib. Bu əlaqələrin kəsilməsi Fransanın maraqlarına uyğun deyil.

Ümumən bu qanunsuz və beynəlxalq hüquqa zidd qətnamə ilk növbədə Fransanın özünün regional maraqlarına ziddir. Ona görə də, Fransa hökuməti Senatın çağırışını nəzərə almayacaq və icra etməyəcək.

Press Klub