Logo
news content
User
Kateqoriyalar

Analitika

Fövqəladə vəziyyət elan olunmadan onun bəzi qaydaları tətbiq edilir

Aprelin 5-dən bu yana Azərbaycanda vətəndaş evindən çıxıb harasa gedirsə və ya getmək istəyirsə, dövlət orqanları da bundan xəbər tutur. Söhbət evdən çıxmaq üçün 8103 nömrəsinə SMS yazıb, icazə alınmasından gedir. Faktiki, hökumətin razılığı olmadan heç yerə getmək mümkün deyil. Əks halda, cərimələnmək, hətta həbs olunmaq təhlükəsi var.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 100 manatdan 200 manata qədər cərimə, yaxud da 1 aya qədər həbs nəzərdə tutulub. Vəzifəli şəxslər üçün cərimənin məbləği 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər üçünsə 2000 manatdan 5000 manata qədərdir.

Azərbaycanda icazəsiz hərəkət etdiyinə görə hər gün minlərlə adam cərimələnir. Bu maddə ilə onlarla adam da inzibati qaydada həbs olunub.

Hökumət bu cür rejimin tətbiqini ölkədə COVİD-19 pandemiyasına (koronavirus) qarşı mübarizə çərçivəsində görülən tədbir kimi izah edir. Ancaq insanların bir çoxu bundan narazıdır.

Durumu şərh edən hüquqşünaslar deyir ki, bu cür davranışı vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmaqdır.

Vəkil Adil İsmayılov bildirdi ki, insanları yalnız dövlət orqanlarının icazəsi ilə evdən çıxmağa məcbur etmək Konstitusiyaya ziddir. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 28-ci maddəsi vətəndaşların azadlıq hüququna təminat verir: “Bu maddənin üçüncü bəndində yazılıb ki, “qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər”. Amma indiki halda, Azərbaycanda adamlar sərbəst hərəkət edə bilmir, onların Konstitusiya ilə təminat verilən hüququ məhdudlaşdırılır”.

Vəkil Əkrəm Həsənov da o fikirdədir ki, hərəkət qadağası vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmaqdır, Konstitusiyanın pozulmasıdır. Onun fikrincə, pandemiyanın yayıldığı indiki halda, qanuni yol fövqəladə vəziyyət rejiminin tətbiqi olardı. Azərbaycan Konstitusiyasının 112-ci maddəsinə görə, ölkədə fövqəladə vəziyyətin tətbiqinə əsas verən hallar sırasında epidemiyanın yayılması da var.

Bəs niyə fövqəladə vəziyyət elan olunmur, Konstitusiyaya zidd qadağalar tətbiq edilir?

Vəkilin fikrincə, fövqəladə hal tətbiq edilsə, əhali bir sıra maddi öhdəliklərdən azad ola bilər. “Fövqəladə vəziyyət haqqında” qanunun 22.2-ci maddəsində fövqəladə hallarda hökumət zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməli, işə düzəlmək üçün yardım etməli və başqa zəruri köməklikləri göstərməlidir.

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli qeyd etdi ki, ölkədə faktiki fövqəladə vəziyyət rejimi tətbiq edilib: “Lakin parlamentin təsdiq etdiyi fərman olmadan bu rejimin tətbiqi Konstitusiyaya ziddir”.

Ə.Hacıbəyli hesab edir ki, SMS-icazə ilə evdən çıxmaq məsələsinə görə vətəndaşlar azadlıqlarının məhdudlaşdırılmasından məhkəməyə şikayət verə bilərlər. Amma hüquqşünas yerli məhkəmələrdə vətəndaşın xeyrinə qərar çıxarılacağına inanmır:  “Hərəkət azadlığının və başqa konstitusion hüquqların pozulması ilə bağlı şikayətlərin ölkədaxili məhkəmə müdafiəsi real deyil. Amma hər bir halda, vətəndaşın müraciət etmək hüququ var”.