Logo
news content
User
Kateqoriyalar

Analitika

FACİƏDƏN AYDINLIĞA GEDƏN YOL

Saytımızın bu başlıqla məqaləsi 2020-ci il yanvarın 20-də dərc olunub (müəllif - Seymur Həzi). Amma bu gün orada tarixdən başqa heç nə dəyişməyə ehtiyac yoxdur. Məqalənin tezislərinin yaddaşlarda qalması üçün onları təkrarlamaq istərdik:

Tarix haqqında düşünməyə başlayırıqsa, deməli, gələcəyə gedən yolumuzda maneə var. 20 yanvar – tarixdir. Həm də gələcəyə gedən yolda maneəni aşarkən yaranan tarixdir. 31 il öncə aldığımız yaraların yerləri indi bizə qürur verən naxışlara çevrilsə də, qanımızla rənglənmiş bu tarixi düzgün yorumlamaq bizim həm keçmiş, həm gələcək qarşısındakı borcumuzdur. 20 yanvar bizim identikliyimizə yeni “tanınma nişanı” vurmuş bir olaydır və şübhəsiz ki, bu nişan xalqımızın sonrakı varlığında silinməz qalacaq…

Bu gün Azərbaycan azadlıq uğrunda canlar vermiş bir ölkə kimi özünün ən layiqli yerində deyil. Ancaq bizi heç bir şəklidə Mərkəzi Asiyanın “Ağsaqqallar şurası” ilə idarə olunan ölkələrinin yanına qoymaq mümkün deyil. Çünki Azərbaycanın sıradan çıxmamış vətəndaş cəmiyyəti fəalları, ziyalıları, siyasətçiləri, siyasi partiyaları, bir birini əvəz edən mübariz gənclik dalğaları var. Bütün bunlar sərvətdir. Bir tarix infrastrukturudur. Millət haqqında fikir irəli sürmək üçün maddi sübütlardır. Bunu inkar etmək olmaz. Ona görə ki, bunu bir-iki adam yaratmayıb, həm də öz-özünə yaranmayıb…

Məhz 20 yanvar kimi fenomenal hadisələr bizim dost-düşmən tanımağımızda, yolayrıcında səmt seçməyimizdə əsas oriyentir, bəlirləyici nişan rolu oynayıb və oynamaqdadır…

Bu gün də strateji seçimlər edərkən biz həmin olayın nişan verdiyi yolu unuda bilmərik. Yadımızdan çıxsa, xatırladan milyonlar tapılar. Çünki bu tarixi özünün yol xəritəsindəki əsas oriyentir kimi qəbul edən bütöv bir millət var. Vətəndaş cəmiyyətinin də, müxtəlif siyasi təbəqələrin, hətta hökumətin də ciddi seçim anlarında söykəndiyi ən böyük dayaq bu tarixi günlərin bizə qazandırdığı dəyərlərdir.

Bu mənada 20 yanvar artıq bir faciə olmaqdan çıxıb. O həm də millətimiz üçün gələcəyinə dair qərarlarını verərkən, geosiyasi seçimlərini edərkən ən çətin tənliklərin həlli düsturuna çevrilib.

Başın sağ, yolun və alnın açıq olsun, əziz millətim!

Press Klub