Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan yenə sülhə çağırır 
Rəsmi İrəvan nikbin bəyanat verir, amma... Ermənilərə inanmaq olarmı?

Ermənistan Milli Məclisinin sədri kifayət qədər ümidverici bəyanatla çıxış edib. Parlamentin spiker Alen Simonyan bildirib ki, Bakı və İrəvan sülh müqaviləsi imzalamağa yaxındırlar.

“Biz sülh müqaviləsi imzalamağa çox yaxınıq və bunun üçün tarixi imkanımız var. Yolların açılması bizim üçün prioritetdir və Ermənistan avtomobil, hətta dəmir yollarına çıxışı təmin etməyə hazırdır”, - deyə Simonyan sentyabrın 24-də İctimai Televiziyanın efirində bildirib.

“Biz həqiqətən də bu tarixi fürsətdən yararlanmaq üçün Qranadada irəliyə doğru addım atmaq istəyirik. Əbədi müharibə heç kimə sərf etmir”, - deyə o qeyd edib.

Göründüyü kimi, oktyabrın 5-də Qranadada keçiriləcək görüşdə Əliyevlə Paşinyan gələcək sülh müqaviləsinin əsas parametrləri barədə razılığa gələ bilərlər.

Maraqlıdır, Paşinyanın ən yaxın silahdaşlarından birinin sözlərinə nə dərəcədə etibar etmək olar? Oktyabrın 5-nə az qalıb. Əslində, Ermənistan rəhbərliyi artıq o qədər ümidverici bəyanatlar verib, ardınca isə geri çəkilib ki, indi də ehtiyatlı nikbinlikdən başqa heç nəyə ümid etmək olmur. Amma digər tərəfdən, artıq Qarabağ probleminin yükü Paşinyanın çiynindən götürülüb, indi o, Azərbaycan və Türkiyə ilə gələcək münasibətləri qurmaqda daha sərbəstdir. Sülh müqaviləsinin tezliklə bağlanmasına ümid etmək üçün hər hansı əsas varmı?

Beynəlxalq məsələlər üzrə ekspert, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə old.pressklub.az-a verdiyi açıqlamada qeyd edib ki, Simonyanın bəyanatına nəzər yetirdikdə, sülh müqaviləsi layihəsinin mətnində kommunikasiyaların açılması ilə bağlı bənd olduğu nəticəsinə gəlmək olar.

“Bu, sülh sazişinin mətni üzərində işləyəndə ortaya çıxan əsas problemlərdən biridir. Təxmin etdiyiniz kimi, digər belə bir problem Qarabağ ermənilərinin hüquqları ilə bağlıdır. Amma son hadisələr fonunda bu məqam artıq aradan qalxıb. Təbii ki, öz-özünə aradan qalxmayıb və tam olaraq sıradan çıxmayıb, ancaq hər halda, əvvəlki aktuallığını itirib.

Ümumiyyətlə, təbii ki, sülh müqaviləsinin razılaşdırılacağını güman etmək üçün bütün əsaslar var. Əlbəttə, mən onun imzalanması ilə bağlı o qədər də optimist deyiləm. Lakin biz ehtimal edə bilərik ki, bu, böyük ölçüdə razılaşdırılacaq və imzalanmağa hazır olacaq.

Amma yenə də, erməni tərəfinin bəyanatlarına tam etibar etmək mümkün deyil. Hələ səbr etmək, Qranadada keçiriləcək zirvəni gözləmək lazımdır. Dünən Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan arasında görüş oldu. Bu görüş həm də müəyyən detalların hansısa formada razılaşdırılması üçün imkan ola bilər. Ehtiyatlı nikbinlik var. Amma yenə də xatırladıram ki, danışıqların xarakterini və danışıqlar aparan tərəfin Ermənistan kimi bir ölkə olduğunu nəzərə alsaq, hesab edirəm ki, hələlik heç bir qəti nəticə çıxarmağa dəyməz”, - deyə politoloq yekunlaşdırıb.

Rauf Orucov