
Ermənistan uğrunda mübarizə: Rusiyaya qapını göstərirlər
Moskva bütün resursları Ukrayna ilə müharibəyə sərf etdiyindən, Qərblə rəqabət apara bilmir
14 İyun 2024
İrəvanda ABŞ-Ermənistan Strateji Dialoqunun iclası keçirilib. İclasda çıxış edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O Brayen Ermənistan hökumətinin korrupsiya ilə mübarizə, demokratik inkişaf və qanunun aliliyi istiqamətində atdığı addımları alqışlayıb.
“Biz həmçinin davamlı sülhün bərqərar olunması səylərini dəstəkləyir və Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanların genişləndirilməsi üzərində çalışırıq. Əgər Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək”, - O Brayen qeyd edib.
“Bu gün ölkələrimiz gömrük sahəsində məlumat mübadiləsinə dair saziş imzalayacaq, ticarət üçün yeni imkanlar açılacaq və yaxın illərdə biznes üçün ticarəti asanlaşacaq. Bu, Brüsseldə verdiyimiz vədlərin bir hissəsidir”, - ABŞ dövlət katibinin müavini bildirib.
“Biz qanunun aliliyi sahəsində fəaliyyətimizi davam etdirəcəyik. Biz həmçinin müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi davam etdirəcəyik. Ötən il ilk birgə hərbi təlimlərimiz baş tutdu və biz daha çox gözləyirik. Biz kibertəhlükəsizlik, sərhədlər, enerji, ərzaq təhlükəsizliyi sahələrində işləməyi gözləyirik. Biz Ermənistanı dəstəkləməyə hazırıq. Bizim planımız bu Strateji Dialoqu strateji tərəfdaşlıq komissiyası ilə əvəz etməkdir ki, bu da əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcək”, - o vurğulayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bundan bir gün əvvəl O Brayenlə görüşdə deyib: “Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və dövlət sərhədinin demarkasiyası prosesinə sadiqdir. Sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün real imkan, tarixi məqam var. Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”.
Mirzoyan onu da əlavə edib ki, Ermənistan suverenlik, yurisdiksiyaya tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regional kommunikasiyaların açılmasında çox maraqlıdır.
Beləliklə, ABŞ-ın Ermənistanla ən sıx əməkdaşlığa istiqamətləndiyi göz önündədir. Burada əsas məqsəd nədir? Hələ də Ermənistanda ciddi iqtisadi aktivləri, hərbi mövcudiyyəti və siyasi nüfuzu olan Rusiyanı sıxışdırıb çıxarmaq istəyi? Amerikalıların bunu etmək imkanları varmı?
Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Pressklub.az-ın suallarını cavablandırıb.
O qeyd edir ki, son illər Qərbin, xüsusən də ABŞ-ın postsovet məkanında, o cümlədən Cənubi Qafqazda geosiyasi fəallığı xeyli artıb. “ABŞ Rusiya-Ukrayna müharibəsinin yaratdığı əlverişli geosiyasi vəziyyətdən istifadə etmək istəyir.
Rusiya Qərbin regionda güclənməsinin qarşısını almağa çalışır. Amma hazırda Rusiyanın resursları Ukrayna ilə müharibəyə səfərbər olunduğundan, o, digər regionlarda kollektiv Qərblə rəqabət aparmaq gücündə deyil.
Eyni zamanda, uzun illər Rusiyanın vassalı kimi çıxış edən Ermənistan artıq Qərblə strateji tərəfdaşlıq istiqamətini seçib. Aİ-nin Ermənistandakı xüsusi mülki missiyasını genişləndirmək planları var. ABŞ-la hərbi, siyasi və təhlükəsizlik məsələləri dərinləşməyə başlayıb. Ermənistan hakimiyyəti Rusiyanın rəhbərlik etdiyi hərbi-siyasi ittifaqlardan uzaqlaşmağa çalışır.
Rəsmi İrəvan Rusiya ilə ticarət-iqtisadi əməkdaşlıqdan asanlıqla və tez bir zamanda imtina edə bilməz. Ermənistanın iqtisadiyyatı Rusiya ilə sıx bağlıdır. Eyni zamanda, Rusiya da Ermənistanla iqtisadi-ticarət əlaqələrini tamamilə kəsmək istəmir. Tərəflər arasında siyasi qarşıdurma olsa da, iqtisadi və ticarət əlaqələri davam edir”, - ekspert bildirib.
Onun sözlərinə görə, Rusiya Paşinyan hakimiyyətinə qarşı etirazlara dəstək verməklə ona təzyiq etmək istəyir. “Moskva Rusiyayönlü müxalifəti gücləndirməyə çalışır. Mümkün olsa, Paşinyanı istefaya göndərmək istəyir, mümkün olmasa, onun Qərbpərəst siyasətinə təsir etməyə çalışır.
Ermənistanda daxili vəziyyət mürəkkəb və ziddiyyətlidir. ABŞ belə bir şəraitdə Paşinyan hökumətinə açıq dəstəyini nümayiş etdirmək üçün fəal şəkildə çalışır. Rusiyadan fərqli olaraq, Ermənistan cəmiyyətində ABŞ və Fransaya çox yüksək səviyyədə simpatiya var. Paşinyan hökuməti də indi belə açıq dəstəyə çox ehtiyac duyur.
ABŞ-ın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarması üçün rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərini tənzimləməsi vacibdir. Xüsusən də Azərbaycanla sülh sazişinin imzalanması bu istiqamətdə müsbət addım ola bilər”, - deyə Məmmədli yekunlaşdırıb.
Rauf Orucov