Ermənistan ordusu yenə Tərtəri vurmağa davam edir
26 Oktyabr 2020
Bu gün səhər saat səkkizdə, atəşkəs barədə növbəti razılıq qüvvəyə minəndən bir necə dəqiqə sonra, Tərtərin Qazyan kəndi atəşə tutulub.
Erməni tərəfin atdığı ilk mərmi kənd sakini Yasin Cəfərovun həyətinə düşüb. Xəsarət alan olmayıb, amma evin damı ciddi ziyan çəkib, otağın tavanı çöküb.
Tərtər rayonunun yaşayış məntəqələri hərbi əməliyyatlar başlayan gündən erməni silahlı qüvvələrinin daimi atəşi altındadır. Təkcə dünən burada iki ev tamamilə dağıdılıb, 71 fərdi yaşayış evinə, 6 yardımçı tikiliyə, 2 sosial obyektə, 2 inzibati binaya, pambıq sahələrinə ziyan dəyib.
Rayon İcra Hakimiyyətinin apardığı hesablamaya görə, sentyabrın 27-dən Tərtərdə 38 yaşayış məntəqəsinə 15150-dən çox mərmi atılıb. Nəticədə 133 fərdi ev tamamilə yararsız hala düşüb, 899 fərdi ev ziyan çəkib, 1 çoxmənzilli bina dağılıb, 63 çoxmənzilli bina, 103 yardımçı tikili, 117 obyekt və inzibati bina, 10 qəbristanlq, əkin sahələri müxtəlif dərəcədə zərərə məruz qalıb.