Ermənistan Fransadan qoşun çağırır?
Ekspert: “Azərbaycan buna sərt reaksiya verməlidir”
17 İyun 2024
Ermənistan Fransadan ölkəyə məhdud hərbi kontingent göndərməyi və hərbi baza açmağı xahiş edir. Bu barədə sosial şəbəkələrdə və bir sıra Kreml yönümlü teleqram kanallarında məlumat yayılıb. Məlumatda bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi Fransanın İrəvandakı səfirliyi vasitəsilə Makron hökumətinə Ermənistan ərazisində yerləşdirilmək üçün məhdud qoşun kontingentinin hazırlanması barədə təkliflə müraciət edib. Məqsəd “təcrübənin ötürülməsi və Fransa Respublikası tərəfindən təchiz edilmiş silahlara texniki xidmətin təşkili”dir. Ermənistan ərazisində gələcək hərbi bazanın yeri hələ müəyyən edilməyib.
Bu məlumat rəsmi İrəvan tərəfindən hələlik nə təsdiq edilib, nə də təkzib.
Geopolitik münasibətlərin indiki vəziyyətində Fransanın belə bir təklifə müsbət cavab verməsi nə qədər mümkündür və buna reaksiyalar necə ola bilər? Qərb ölkələri, Rusiya və Azərbaycanın buna münasibəti necə olacaq?
Mövzu ilə bağlı Pressklub.az-a danışan hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, Ermənistan hətta belə bir təkliflə çıxış edibsə belə, Fransanın, xüsusilə də indiki siyasi vəziyyətdə bunu qəbul edəcəyi demək çətindir:
“Eşidirik ki, Fransa Ukraynaya qoşun göndərməyi təklif edir. Amma o qoşun hələ də görünmür. Unutmayaq ki, baza açmaq üçün ilk növbədə kommunikasiya lazımdır. Aydındır ki, Türkiyə öz ərazisindən bu qoşunları Ermənistana buraxmayacaq. Təkcə Azərbaycana görə yox. Çünki Fransa ilə münasibət elə də yaxşı deyil. Hətta pisdir də deyə bilərik”.
Ekspert deyir ki, Gürcüstan vasitəsi ilə göndərsələr, yenə də Qara dəniz vasitəsi ilə gedəcəklər. Aydındır ki, Bosfordan yenə də Türkiyə buraxmayacaq. Deməli, ya Bolqarıstan, ya da Rumıniya vasitəsi ilə göndərməlidir. Amma Fransa istəməz ki, Azərbaycan-Ermənistan münasibətlərinə görə Türkiyə ilə hansısa qarşıdurmaya başlasın.
Belə bir fakt baş verərsə, Rusiyanın da buna çox ciddi etiraz edəcəyini vurğulayan A.İsazadə deyir ki, bu gün Rusiya o vəziyyətdə deyil ki, Fransa onu eşitsin. Fransanı bu addımdan daha çox saxlaya bilən Türkiyənin mövqeyi olacaq:
“Yaddan çıxarmayaq ki, digər qərb ölkələri, o cümlədən ABŞ və Almaniya da buna soyuq münasibət göstərəcək. Bəlkə də açıq formada olmasa da, qeyri-rəsmi şəkildə Fransaya öz etirazlarını bildirəcəklər. Çünki bu, regionda sülhü dəstəkləmir, əksinə, vəziyyəti gərginləşdirə bilər. Biz bunu Paşinyanın siyasi hoqqabazlığı kimi qiymətləndirməliyik. Çünki Paşinyan başa düşür ki, bu addım Azərbaycanı qorxutmayacaq”.
Ekspertin fikrincə, Azərbaycan bu məlumatlarla bağlı susmamalıdır. Əksinə, bunu əldə bayraq etməliyik ki, siz neynəyirsiniz? Bizimlə sülhdən danışıb, paralel olaraq Cənubi Qafqaza, regiona heç bir aidiyyatı olmayan ölkənin qoşunlarını çağırırsınız.
“Sözsüz ki, Azərbaycan buna reaksiya verməlidir. Həm də çox sərt reaksiya verməlidir. Hətta bu məsələ davam etsə, sülh müqaviləsinin imzalanması da sual altında qala bilər” – ekspert fikrini belə yekunlaşdırıb.
Mədinə Useynova