Logo
news content
User
Kateqoriyalar

Analitika

Energetika sektoru özəlləşdirilməyə hazırlanır

Azərbaycanın elektroenergetika, o cümlədən bərpa olunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı artır. Bu barədə İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” prezidentin 29 may 2019-cu il tarixli sərəncamı ilə müəyyən edilmiş vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Qeyd olunur ki, Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış və 2050-ci ilədək dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır.

Məlumatda daha sonra deyilir ki, sərəncama əsasən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçik həcmli layihələrin həyata keçirilməsinə başlanacaq.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. Ötən il dekabr ayının 29-da Səudiyyə Ərəbistanı Krallığının ACWA POWER şirkəti ilə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək.

2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir.

Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir. Müasir yanaşmalara əsaslanan “Elektroenergetika haqqında” qanun layihəsinin qəbul edilməsi bu sahədə rəqabət mühitinin formalaşmasını təmin edəcək.

İnvestisiyaları həm mövcud stansiyaların özəlləşdirilməsi, həm də yeni özəl elektrik stansiyalarının tikintisi yolu ilə cəlb etmək nəzərdə tutulur. Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Eyni zamanda, nazirliklər yeni qaz-turbin elektrik stansiyasının tikintisi üçün investisiya şirkətləri ilə danışıqları davam etdirir və bir çox beynəlxalq şirkətlər layihədə iştiraka marağını ifadə edib.

İqtisadçı Nemət Əliyev “Press Klub”a şərhində bildirdi ki, 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması nəzəri cəhətdən yaxşı hədəf kimi diqqəti cəlb etsə də, reallıq səviyyəsi aşağıdır. İqtisadçı bunu belə əsaslandırır ki, bərpa olunan mənbələrin ümumi enerji təchizatında hazırkı payı olduqca azdır.

2019-cu ildə bu göstərici vur-tut 1,6% təşkil edib. 2007-ci ildə göstərici 2,2% olsa da, sonrakı 12 ildə bu sabit tempi qoruyub saxlamaq mümkün olmayıb. Hazırda külək və günəş elektrik stansiyalarında birlikdə 150 milyon kilovat/saat elektrik enerjisi istehsal olunur ki, bunun da ümumi enerji istehsalında payı cəmi 0,6%-dir. Bu payın növbəti 10 ildə 30%-ə çatdırılması, 1500 Mvt həcmində yeni gücün istifadəyə verilməsi böyük hədəfdir. Bu böyük hədəfi özəl investisiyalar hesabına gerçəkləşdirməyin özü də xeyli suallar doğurur”, - deyə ekspert vurğuladı.

Əliyevin sözlərinə görə, son illərin dinamikası göstərir ki, əlverişsiz şərait ucbatından Azərbaycana, xüsusən də qeyri-neft sektoruna investisiyalar cəlb etmək sahəsində ciddi problemlər var:

“Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi 2014-2019-cu illərdə 15 milyard dollardan 5 milyard dollara qədər azalıb. Fikrimcə, 10 milyardlıq azalmanın nə demək olmasını xüsusi izah etməyə ehtiyac qalmır. Özəl investisiyalara əsaslanan inkişaf modelini seçən ölkədə xarici investisiyalar 5 ilə 2 dəfə azalaraq 6,2 milyard dollardan 2,9 milyard dollara düşməməlidir. Rəqabət haqqında qanunun olmaması da bu istiqamətdə özəl sektorun əl-qolunu bağlayan məsələ kimi diqqəti cəlb edir. Hətta nəzəri cəhətdən belə elektrik güclərinin yaradılmasını mümkün saysaq, o zaman istehsal templərinin qorunub saxlanması problemi ortaya çıxır”.

İqtisadçı qeyd etdi ki, ekoloji təmizliyinə görə su elektrik stansiyaları istilik elektrik stansiyaları ilə müqayisədə çox üstündür. “Amma 2010-2019-cu illərdə SES-lərdə elektrik enerjisinin istehsalı 3,4 milyard kilovat/saatdan 1,6 milyarda düşüb. İstehsal gücünün 53 faizi sıradan çıxıb. Odur ki, bərpa olunan mənbələrdə güclərin artırılmasını nəzərdə tutan projelərə köklü və kompleks yanaşma tələb olunur”, - deyə Nemət Əliyev vurğuladı.

Turqut