Əlifbanın yaradıcısı, Tağıyevi tənqid edən, Ağaoğlu ilə yola getməyən sultan övladı – GİZLƏDİLMİŞ TARİX
Professor ölümündən qabaq hökumətə niyə şikayət məktubu yazmışdı?
10 May 2023
Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, biz onları yaxşı tanımırıq, bəzilərini isə heç tanımırıq. Əslində isə onlar gördükləri işlərin müqabilində tanınmalı, tanıdılmalı, örnək insanlardır…
"Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı".
Məhəmməd Ağa Şahtaxtılının "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?" məqaləsindən. Bu məqaləni bütünlüklə azərbaycanşünaslığa giriş də adlandırmaq olar. Məqalə 1891-ci ildə, "Kaspi" qəzetinin 93-cü sayında çap olunub.
Haqqında söhbət açdığım şəxs təkcə elə Azərbaycan əlifbası ilə bağlı çəkdiyi zəhmətə görə tarixin naməlum səhifələrindən məlum vərəqlərinə çoxdan çıxarılmalıdır.
old.pressklub.az “Gizlədilmiş tarix” rubrikasında bu qaranlıq səhifələrə işıq salmaq niyyətindədir.
***
Şahtaxtinski, yaxud Şahtaxtılılar Azərbaycan maarifçiliyi tarixində, siyasi-ictimai həyatında mühüm rol oynayan bir nəsildir. Onlarla siyasi, hərbi və maarif xadimləri bu soyadın daşıyıcılarıı olub. Bu nəsildən İsasultan ağa, Behbud ağa, Əbülfət ağa, Həbibulla, Həmid ağalar, Aleksis Şahtaxtinskilər və Adilə Şahtaxtinskaya da var. Bəziləri haqqında qısa məlumat:
Behbud ağa Şahtaxtinski (1881-1924 dövlət xadimi olub, Moskva və Qars müqavilələrinin hazırlanmasında və imzalanmasında iştirak edib.
Həmid ağa Şahtaxtinski (1880-1944 Azərbaycan Cümhuriyyətinin Maarif naziri işləyib, Azərbaycanın ilk ali məktəbinin - Darülfünun yaranmasında əməyi var. Təəssüf ki, 1944-cü ildə uzaq Arxangelskdə sürgündə ömrünü başa vurub.
Şahtaxtinskilərin hər biri haqqında qürurla söhbət açmaq olar. Bu dəfə Məhəmməd ağa Şahtaxtılı barədə danışacağıq.
Ədib, jurnalist-publisist, mütəfəkkir, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim Məhəmməd ağa Şahtaxtılı 1846-cı ildə o vaxtkı İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində dünyaya gəlib.
Araz sahilində yerləşən Şahtaxtı kəndindən çox adlı-sanlı şəxsiyyətlər çıxıb. Məhəmməd ağanın ata babası Ağagir ağa Qacarlar hakimiyyəti vaxtında bəylik rütbəsi qazanmış varlı əyanlardan biri idi. Ədibin atası Məhəmmədtağı Şahtaxtılı isə elə Qacarlar tərəfindən bu nəsildən ilk sultan rütbəsi və "Şahtaxtinski" titulu qazanan kəsdir. Sonradan bu titul nəsildən-nəslə ötürülüb.
Uşaqlıqdan dövrün məşhur ruhani ziyalısı Hacı Mirzə Məhəmmədlinin yanında fars, ərəb dillərini, hüsnxəti öyrənib. Əlində bir peşəsi olsun deyə, xəttatlığı mənimsəyib. Sonra Naxçıvandakı yeganə rus-tatar məktəbində təhsilini davam etdirib.
1860-cı ildə 14 yaşında ikən Tiflis Klassik Gimnaziyasında təhsilini davam etdirməyə yollanıb. Kiçik yaşlarından Şərq dillərini mənimsəməsi, çalışqanlığı və dərin zəkası ilə gimnaziya tələbləri arasında seçilən Şahtaxtılını tezliklə Sankt-Peterburqa göndərirlər. Məhəmməd ağa burada Şərq dillərini təkmilləşdirməklə bərabər, Avropa dillərini, əsas da alman dilini mükəmməl öyrənir. Ordan bir dəstə rus ziyalısına qoşulub, Almaniyaya gedir. Leypsiq Universitetinə uğurla imtahan verib 1871-ci ildə fəlsəfə, tarix və ədəbiyyat fakültəsinə daxil olur. Universitetdə Məhəmməd ağa Şahtaxtılıya V.Drobin, K.V.H.Masius, H.L.Fleyşer, V.Hanke, F.Qsarnke, O.F.Pespel kimi o zaman Almaniyanın sərhədlərindən uzaqlarda belə böyük şöhrət qazanmış alimlər dərs deyirdi.
Dünyanı gəzib mükəmməl təhsil alandan sonra Azərbaycanı aydınlığa çıxarmağın vacibliyini dərk edir və bunu həm də özünün vəzifəsi, məsuliyyəti hesab edir. Milləti aydınlığa çıxartmağın yolu isə təhsildən, maarifdən keçir. İnsanları oxumağa, təhsil almağa, dünyagörüşlərini artırmağa cəlb etmək lazımdır düşüncəsi ilə Şahtaxtılı 1894-cü ildə Azərbaycan dilində qəzet nəşr etmək qərarına gəlir. Bunun üçün maliyyə lazım olduğundan Naxçıvana qayıdıb, ata mülkündən ona düşən payı 18 min manata satır və o pulu qəzet və mətbəə avadanlıqlarına sərf edir. Eyni dövrdə 1899–1902-ci illərdə Fransanın Sorbon Universitetində Ali Təcrübi Təhsil məktəbində də təhsil alır. Yenidən Tiflisə qayıdıb, “Qeyrət” adlı şəxsi mətbəəsini yaradır. 1903–1905-ci illərdə həmin mətbəədə "Şərqi-rus" qəzetini ilk dəfə nəşr etdirir.
Məhəmməd Şahtaxtılı dövrünün ictimai xadimi, filosofu olmaqla bahəm, çox istedadlı jurnalist idi. Publisistikasında əsas yeri XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslərin, zəmanənin bütün ağrılı məsələlərinin təhlili tutur. Jurnalistlika fəaliyyətinə "Moskovskie vedomosti" qəzetində başlasa da dünyagörüşü şərq və qərb arasında yaşanan, mədəni texniki-inqilabi ziddiyyətlər fonunda formalaşmışdı. Şahtaxtılı islam tarixini, fəlsəfəsini çox gözəl bilirmiş. Azərbaycan sovet dönəmində onun fəaliyyətini araşdıranlar Məhəmməd Şahtaxtılının dünyagörüşündəki ziddiyyətli məqamları onun islam dininə bağlılığı ilə əlaqələndiriblər. Şahtaxtılı isə islamı tək din kimi deyil, fəlsəfə kimi dəyərləndirib.
1906-cı ildə Məhəmməd ağa, görünür, maarifçi missiyası davam etsin deyə və Cəlil Məmmədquluzadəni eyni yolun yolçusu gördüyü üçün öz mətbəəsini Cəlil Məmmədquluzadəyə bağışlayır. Qəzetin Azərbaycan ictimai fikir tarixində xüsusi rolu olub. Onun səhifələrində dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı fikirlər öz əksini tapırdı. "Şərqi-Rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Ə.Nəzmi kimi açıqfikirli ədib və mühərrirləri öz ətrafında birləşdirmişdi. Bu yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin ("Molla Nəsrəddin") başlanmasına zəmin yaratdı. Bu qəzet Azərbaycanın mədəni, ədəbi həyatında böyük rol oynayırdı. M.Ə. Rəsulzadənin müraciətləri, Cəlil Məmmədquluzadənin ilk qələm məhsulları, o cümlədən “Poçt qutusu” hekayəsi bu qəzetdə çap olunub. M.S. Ordubadi, M.Ə. Sabir “Şərqi-Rus” qəzetindən xalqa xitab edirdilər.
Məhəmməd ağa Şahtaxtılı qəzeti Bakıya köçürüb, onu Tağıyevin maliyyəsi ilə Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşovla birlikdə çap etdirmək istəyirdi. Nədənsə onun bu istəyi baş tutmayıb. Görünür, adı çəkilən maarifçilər Bakıda “Həyat” qəzetinin çapına başladıqlarından bu iş baş tutmayıb. Güman ki, Məhəmməd ağanın qərbyönlü olması Tağıyevin ürəyincə olmadığından onun qəzeti üçün maliyyə ayırmağa razı olmayıb. Bu da Məhəmməd ağa ilə Ə. Ağaoğlu arasında qarşılıqlı tənqidin əsası olub. Daha doğrusu, Məhəmməd ağa Tağıyevi onları aldadıb maliyyə verməməkdə günahlandırır, Ağaoğlu isə Tağıyevin maliyyələşdirdiyi qəzetdə Məhəmməd ağaya ittiham yağdırırdı ki, Tağıyevə şər atır.
M.Şahtaxtılı Türkiyənin də ictimai-siyasi həyatına yaxından bələd idi. Onun 1901-ci ildə Fransada çap etdirdiyi "Türkiyəni necə xilas etməli" fəlsəfi traktatı maraqlıdır. Həm də yalnız öz dövrü üçün deyil, bu gün və sabah üçün də.
1909–1912-ci illərdə Rusiya imperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist kimi çalışan Məhəmməd Şahtaxtılı sonralar Bakı Dövlət Universitetinin əsasını qoyanlardan biri olur. Özü də bu universitetdə şərqşünas kimi əmək sərf edib, professor elmi dərəcəsinə qədər ucalır. Məhəmməd Şahtaxtılı BDU-nun ilk azərbaycanlı professoru olub.
1920-ci illərdə "Kommunist", "Bakinskiy raboçiy", "Qızıl Şərq" (Moskva) qəzetlərində məqalələr dərc etdirirdi. Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak etdiyi üçün 1922-ci ildə Şahtaxtinskiyə fərdi pensiya təyin olunmuşdu.
Arxivlərdə 1925-ci ildə Şahtaxtılının dövlətə müraciət məktubuna rast gəlinir. O, dövlət, xalq qarşısında xidmətlərini sadalayaraq, ona verilən dövlət təqaüdünün kəsilməsini haqsızlıq adlandırıb, bərpa olunmasını tələb edir.
Məhəmməd ağa Şahtaxtılı 12 dekabr 1931-ci ildə Bakıda vəfat edib. Bu günə qədər onun adı əbədiləşdirilməyib, haqqında müfəssəl məlumat yoxdur...
Ramilə Qurbanlı