Logo
news content
User
Kateqoriyalar

Analitika

Ekspertlər Münhen debatını şərh edir 

Fevralın 16-da keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında tarixi debat keçirildi. Bu mövzuda şərhçilərin rəyini öyrəndik. 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy əvvəlcə qeyd etdi ki, Münhen Təhlükəsizlik Konfransı Avropada təhlükəsizlik sahəsində ən prestijli forumdur: “Bu forum Avropa və beynəlxalq təhlükəsizliklə bağlı mövcud vəziyyətin təhlili və gözlənilən risklərlə bağlı mübadilə platforması funksiyasını daşıyır.  Bu mənada dünyada və regionda, xüsusilə də Qafqazda baş verən hadisələr orada tez-tez müzakirə olunur.” 

Ekspert Azərbaycan prezidenti və Ermənistan baş nazirinin ilk dəfədir dünya ictimaiyyəti önündə açıq debat apardıqlarını söylədi: “Bu, çox əhəmiyyətli məqamdır. Digər məqam isə ondan ibarətdir ki, müzakirələrdə gələcəkdən daha çox, keçmiş və mövcud durum müzakirə edildi. Qarabağ problemi necə yaranıb, kim haqlı və ya haqsızdır, bu kimi kontekstlər müzakirə olundu. Problemin gələcəyinin müzakirə edilməməsini önəmli bir sıxıntı olaraq görürəm, amma eyni zamanda anlayışla qarşılayıram. Çünki iki ölkə arasında uzun müddətdir davam edən müzakirə var, hətta on gün əvvəl xarici işlər nazirlərinin üç günlük müzakirələri oldu. Düşünürəm ki, həll prosesi barədə danışılmamasının səbəblərindən biri də həmin müzakirələrdir. Yəni məqsəd o müzakirələrin gedişatı ilə əlaqədar narahatlıq və ya problem yaradacaq mesajlar verməmək ola bilər. Son vaxtlar ən çox vurğulanan məqamlardan biri məxfiliklə bağlıdır. Düşünürəm ki, məxfiliyin qorunması məsələsinin burada xüsusi rolu olub.” 

N.Cəfərsoyun sözlərinə görə, debatda iki istiqamət daha çox  önə çıxdı. Birincisi, məsələnin tarixi aspekti - kimin haqlı və ya haqsız olması məsələsidir: burada Paşinyan qədim dünya tarixindən misallar gətirdi, ancaq bunlar beynəlxalq münasibətlərdə keçərliliyi olmayan və ciddiyə alınmayan məqamlardır. Bu mənada Azərbaycan prezidentinin ona cavabı həm hüquqi, həm də beynəlxalq münasibətlər sisteminin reallıqlarına uyğun şəkildə oldu. İkinci məsələ məsələnin hüquqi perspektivi idi. Hüquqi perspektiv öz müqqədaratını təyin haqqı ilə ərazi bütövlüyünü əhatə edir və ermənilər öz müqqədaratını təyinetmə tezisini irəli sürürlər. Burada da Azərbaycan tərəfinin beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi ilə bağlı vurğuları yaddaqalan oldu. Ümumi mənzərə belə göründü ki, Azərbaycan prezidenti daha tutarlı, daha ağlabatan çıxış edir və beynəlxalq ictimaiyyətə daha anlamlı mesajlar verir.” 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov isə debatın Azərbaycan dövlət başçısının diplomatik qələbəsi ilə yadda qaldığını bildirdi: 

“Bu debatda prezidentin diplomatik istedadı ölkəmizin hər bir vətəndaşına fəxr və qürur hissi yaşatdı. Görüşün keçirilməsinin zərurəti ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bütün region üçün təhlükə mənbəyinə çevrilib və Ermənistanın qeyri-konstruktiv mövqeyini səbəbindən öz həllini tapmır. Münhen Təhlükəsizlik Konfransının səhnəsində Ermənistanın baş naziri Paşinyanın arxaik arqumentləri və tarixi təhrif etmək cəhdləri çox bəsit görünürdü. Prezident İlham Əliyevin Dağlıq Qarabağın tarixinə dair tutarlı faktları və problemin mahiyyətinə dair geniş arqumentasiyası Nikol Pasinyanın siyasi diletant olduğunu bir daha sübut etdi. Ermənistan rəhbərliyi bir daha anladı ki, Azərbaycan torpaqlarının işğalı ilə heç bir zaman barışmayacaq və dünya birliyi tərəfindən tanınmış sərhədlərinin bərpa olunması yolunda mübarizəsini daha qətiyyətlə davam etdirəcək”.