Logo
news content
User
Kateqoriyalar

Analitika

ƏDV-nin qaytarılma qaydaları nə dərəcədə uğurludur?

Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydalarının tətbiqinə başlanıb. ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir.

Qaydalarla bağlı vətəndaşların bir çox sualları var. Bu suallara iqtisadçı ekspert Natiq Cəfərli ilə aydınlıq gətirməyə çalışdıq.

N.Cəfərli əvvəlcə bildirdi ki, bəzi fikirlərin əksinə, qərar yalnız supermarketlərə aid deyil:

“Qaydalar ƏDV ödəyicisi və müasir kassa sistemi olan istənilən obyektə aid edilib. Bura restoran, kafe, otel, mebel, elektrotexnika dükanları və digər satış müəssisələri də daxildir. Şərt odur ki, həmin müəssisələr ƏDV ödəyicisi olmalıdır, üstəgəl, oralarda yeni nəsil post-terminallar quraşdırılmalıdır. Tələb yalnız bundan ibarətdir. Sadəcə, supermarketlər yeni növ kassalardan istifadə edirlər deyə, bu, onlara daha çox şamil olunur. Onlar bu yenilikdən daha karlı çıxacaqlar, çünki insanların ƏDV qaytarılması məsələsinə marağı artsa, kiçik dükanlara, ƏDV ödəyicisi olmayan məhəllə dükanlarına ciddi ziyan dəyəcək, bu isə supermarketlərin dövriyyəsinə müsbət təsir göstərəcək. Bu anlamda supermarketlər daha üstün mövqeyə malik ola bilərlər.”

Qaytarılacaq faiz dərəcəsinin çox az olduğu barədə tənqidlərə gəldikdə isə, ekspert qeyd etdi ki, burada böyük rəqəmlərin olacağı gözlənilmir:

“Amma daha asan variantlar fikirləşmək lazım idi. Bu qaydaların yerinə yetirilməsi bir ildən çox gecikdirildi. Bu müddətdə hökumət tərəfindən daha effektiv addımların, mexanizmlərin yaraılmasına ehtiyac var idi. Təəssüf ki, bunu görmədik. ƏDV-nin qaytarılması üçün qeydiyyatdan keçmək, başqa məsələləri həll etmək kimi bir çox texniki problem var. Ona görə də insanların bəziləri ümumiyyətlə, heç buna maraq göstərməyəcək. ƏDV-nin 10%-nin nəğd ödənişdə, 15%-nin kartla ödənişdə qaytarılması nəzərdə tutulub. Məsələn, 100 manatlıq alver edirsinizsə, bunun 18% ƏDV-si var. Bu da 118 manat edir. 18 manatın 10%-i nəğd ödənişdə 1 manat 80 qəpik, kartla ödənişdə isə 2 manat 70 qəpik edir. Formul fikirləşib tapıblar ki, ödənişlərin həcmində belə bir yanaşma olsun. Əslində bunu 100 manatla hesablamaq lazım deyil. Çünki ölkədə orta statistik alış-veriş çeki təqribən 20-25 manatdır. Burda isə lap kiçik rəqəmlər alınır. 20 manat alış-veriş və 18% bunun ƏDV-si olsa, təqribən 23 manat 60 qəpik edir. Yəni orta statistik çekdən 36 qəpik vətəndaşa geri qaytarılırsa, bu, təbii ki, çox azdır. Bu səbəbdən bir çox insan ümumiyyətlə, bu texnoloji prosesə maraq göstərməyə bilər. Xüsusi portal yaradılıb ki, orada qeydiyyatdan keçməli, kassa çeklərini yığmalısan, onu ayrıca qeydiyyatdan keçirməlisən. Otuz gün müddətində çeklərə baxılacaq, geri qaytarılması həyata keçiriləcək. Halbuki dünyada geniş yayılmış, Azərbaycanda da bəzi dükanların tətbiq etdiyi “cashback” üsulu var. Müəyyən şirkətlər, dükanlar var idi ki, 3-5% “cashback” qaytarırdılar. Kartla ödəniş etdikdən bir qədər sonra həmin ƏDV sənin kartına geri qayıdırdı. Belə bir asan sistemin yaradılmasına ehtiyac var idi. Təəssüf ki, daha qəliz bir sistem yaradıldı.”

ƏDV-nin nəğd ödənişlər vasitəsilə qaytarılmasının nə dərəcədə doğru olduğuna dair sualı cavablandıran iqtisadçı qeyd etdi ki, nəğd ödənişlərlə bağlı ƏDV-nin qaytarılması məntiqsizdir. O, bu yolla nəğdsiz ödənişlərin təşviqini o qədər də uğurlu model saymır:

“Yeri gəlmişkən, Azərbaycanda nəğdsiz ödənişlər bölgədə ən aşağı səviyyədədir. Dünya ortalamasından az qala 3-4 dəfə azdır. Elə ölkələr var ki, ticarət dövriyyəsinin az qala 90%-i nəğdsizdir. Azərbaycanda isə nəğdsiz ödənişlərin həcmi heç vaxt 12-15% -i keçməyib. Çox aşağı göstəricidir. Bunu təşviq etmək lazımdır. Çünki nəğdsiz ödənişlər artdıqca, ticarət dövriyyəsi də şəffaflaşır. Deməli, bununla kölgə iqtisadiyyatı azalır, büdcəyə daxilolmalar artır. Təşviq üçün ƏDV-nin bir hissəsinin qaytarılması yetərli deyil. Başqa təşviq proqramlarına da ehtiyac var.”

Ekspert belə bir yol təklif edir: “Məsələn, kartla ödəniş edilən istənilən yerdə götürülən çekin unikal seriya nömrəsi olur. Biz bunu dəfələrlə, illər öncə də təklif etmişdik ki, həmin çekin unikal nömrəsi ayda bir dəfə oynanılacaq lotoreya biletinə çevrilə bilər. O zaman insanlarda maraq yaranacaq, çekləri yığacaqlar, lotoreya oyununu gözləyəcəklər. Ayda bir dəfə bahalı hədiyyələr, pul uduşları həmin lotoreyada oynanılsa, maraq daha da artacaq. Bu zaman vətəndaşın özünün davranış qaydası dəyişəcək. Bu gün biz görürük ki, təqaüd, maaş alan istənilən vətəndaş bankomatın qarşısında durub, növbələrdə pulunu nəğdləşdirir, sonra bankomatın yanında olan marketə girib, alış-veriş edir. Amma biz elə davranış qaydaları gətirməli və insanları elə maraqlandırmalıyıq ki, vətəndaş nəğdləşdirmədən də həmin kartla gedib alış-verişini etsin, çekləri yığsın, ayda bir dəfə bahalı hədiyyə udmaq şansını gözləsin. Maraqları bu cür idarə etmək, həm biznesin, həm də vətəndaşın davranış qaydalarını dəyişmək daha uğurlu olardı.

Ülviyyə Şahin