Logo
news content
User
Kateqoriyalar

Analitika

Ədalət tələb edən yaddaş – Ukrayna səfiri yazır
Edam edilmiş, işgəncələrə məruz qalmış və ya əsirlikdə həlak olmuş Ukrayna Müdafiəçilərinin, könüllülərin və mülki şəxslərin Anım Gününə həsr olunur

Yuriy Qusev, Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Elə tarixlər var ki, onlar sadəcə keçmişi xatırlatmır. Bu tarixlər hər birimizin qarşısında mənəvi seçim qoyur: yadda saxlamaq, yoxsa faciənin zamanın axarında itib-batmasına imkan vermək. Azərbaycan Respublikası və qardaş Azərbaycan xalqı bunu bir çoxlarından daha yaxşı bilir.

Ukraynanın kişi və qadın Müdafiəçiləri, könüllü silahlı birləşmələrin üzvlərinin və edam edilmiş, işgəncələrə məruz qalmış və ya əsirlikdə həlak olmuş mülki şəxslərin Anım Günü də məhz belə tarixlərdəndir.

Bu gün biz yalnız döyüş meydanında həyatını itirənləri xatırlamırıq. Biz əsir düşdükdən sonra da hərbi anda, öz dövlətinə və şəxsi ləyaqətinə sadiq qalan insanların xatirəsini ehtiramla anırıq. Beynəlxalq hüququn normaları ilə qorunmalı olan, lakin Rusiya dövləti tərəfindən ən əsas hüququ – yaşamaq hüququ əlindən alınmış insanları yad edirik.

Ukraynalılar üçün əsirlik heç vaxt mübarizənin sonu olmayıb. Hərbçilərimiz bilirdilər ki, komandanlığın əmri ilə silahı yerə qoyaraq mülki insanların və döyüş yoldaşlarının həyatını xilas etdikləri anda da öz borclarını yerinə yetirirlər. Məhz buna görə də Rusiyanın hərbi əsirlərin saxlanıldığı yerləri işgəncə, alçaldılma və ölüm məkanına çevirməsi xüsusilə amansız və riyakardır.

Bu cinayətin ən dəhşətli simvolu Rusiyanın müvəqqəti işğalı altında olan Donetsk vilayətinin Yelenovka qəsəbəsi oldu. 2022-ci il iyulun 28-dən 29-na keçən gecə 120 saylı islah koloniyasında Mariupolun müdafiəçiləri olan onlarla ukraynalı hərbi əsir qətlə yetirildi. Onların əksəriyyəti “Azov” alayının qəhrəman döyüşçüləri idi. Yüzdən çox insan ağır yaralandı.

Onlar artıq döyüş əməliyyatlarında iştirak etmirdilər. Onlar Cenevrə Konvensiyalarının himayəsi altında idilər. Rusiya onların təhlükəsizliyini təmin etməyə borclu idi. Lakin bunun əvəzinə Kreml növbəti dəhşətli cinayətini törətdi.

Bu gün biz həmin hadisələr barədə daha çox məlumata malikik. İnsan Hüquqları Uğrunda Media Təşəbbüsünün şahid ifadələri, açıq mənbələr və ekspert təhlilləri əsasında apardığı araşdırma faciənin ətraflı xronologiyasını bərpa etməyə imkan verib. Toplanmış faktlar əvvəlcədən diqqətlə planlaşdırılmış qətlin əlamətlərini göstərir. Partlayışdan əvvəl hərbi əsirlər qəsdən ayrıca bir baraka köçürülmüşdülər. Sonradan həmin barak onlarla ukraynalı müdafiəçi üçün kütləvi məzarlığa çevrildi. Rusiya işğalçı qüvvələri müstəqil beynəlxalq ekspertlərin faciə yerinə girişinə imkan vermədi, əksinə, məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışaraq geniş dezinformasiya kampaniyasına başladı. Lakin həqiqəti gizlətmək mümkün deyil.

Bu gün həmin dəhşətli faciədən sağ çıxanların ifadələri xüsusi əhəmiyyət daşıyır. Hadisədən üç il keçməsinə baxmayaraq, onlar hələ də unudulması mümkün olmayan o gecə barədə danışırlar. Onlar partlayışı, alovu, tüstü ilə dolmuş barakı, yaralanmış döyüş yoldaşlarının fəryadlarını, öz həyatlarını riskə ataraq başqalarını alovun içindən çıxarmağa çalışan silahdaşlarını xatırlayırlar. Onlar tibbi yardımın saatlarla gecikməsindən, mühafizəçilərin laqeydliyindən, bir gün əvvəl son tikə çörəyi və evə qayıdacaqlarına olan ümidi bölüşdükləri insanların itkisi ilə bağlı yaşadıqları ağrıdan bəhs edirlər. Bu hekayələr təkcə insan faciəsinin miqyasını anlamağa kömək etdikləri üçün deyil, həm də sübut olduğu üçün mühümdür. Hər bir şahid ifadəsi günahkarların məsuliyyətə cəlb olunacağı günü yaxınlaşdırır.

Təəssüf ki, Yelenovka istisna hal olmadı. O, Rusiyanın ukraynalı hərbi əsirlərə münasibətdə həyata keçirdiyi sistemli siyasətin rəmzinə çevrildi. Genişmiqyaslı müharibə illərində işgəncələr, cinsi zorakılıq, tibbi yardımın qəsdən göstərilməməsi, psixoloji terror, aclıq və qeyri-insani rəftarla bağlı çoxsaylı faktlar dünya ictimaiyyətinə məlum olub. Bunlar ayrı-ayrı icraçıların törətdiyi tək-tək cinayətlər deyil. Bunlar beynəlxalq humanitar hüququ və bəşəriyyətin fundamental prinsiplərini şüurlu şəkildə pozan sistemin elementləridir. Məhz buna görə də bu cinayətlərin sənədləşdirilməsi müstəsna əhəmiyyət daşıyır.

Ukrayna hüquq-mühafizə orqanlarının, insan hüquqları müdafiəçilərinin, jurnalistlərin və beynəlxalq ekspertlərin fəaliyyəti gələcək ədalət mühakiməsinin əsasını formalaşdırır. Müəyyən edilmiş hər bir fakt, sənədləşdirilmiş hər bir şahid ifadəsi, həlak olmuş hər bir insanın adı məsuliyyətə aparan yolda növbəti addımdır. Lakin məsuliyyət yalnız Ukraynanın işi ola bilməz. Hərbi əsirlərə münasibət dünya dövlətlərin sivil səviyyəsini qiymətləndirdiyi əsas meyarlardan biridir. Əgər Cenevrə Konvensiyalarının himayəsi altında olan insanların kütləvi şəkildə qətlə yetirilməsi beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya ilə qarşılanmasa, bu, bütövlükdə beynəlxalq hüquq sisteminə ağır zərbə olacaq. Cəzasızlıq yeni cinayətlərə yol açır. Məhz buna görə də dünya yalnız Ukraynaya həmrəylik nümayiş etdirməməli, həm də bu cinayətləri törətmək barədə əmr verənlərin, onları təşkil edənlərin və gizlədənlərin hamısının qaçılmaz şəkildə cəzalandırılmasını tələb etməlidir.

Bu gün Ukrayna öz azadlığı uğrunda mübarizəni davam etdirərkən, biz bir daha heç vaxt evinə qayıtmayacaq hər bir insanı xatırlamalıyıq. Əsirlikdə yalnız ukraynalı olduğu üçün həyatını itirmiş hər bir hərbçini, könüllünü, tibb işçisini, könüllü yardımçını və mülki şəxsi ehtiramla yad etməliyik.

Yaddaş yalnız keçmişlə bağlı deyil. O, gələcəklə bağlıdır. O, bizdən tələb edir ki, həlak olanların adları sadəcə hesabatlarda və ya statistik göstəricilərdə yer alan sətirlərə çevrilməsin. O, beynəlxalq ictimaiyyətdən bütün ukraynalı əsirlərin azad edilməsi, günahkarların məsuliyyətə cəlb olunması və beynəlxalq humanitar hüququn ümumbəşəri dəyər kimi qorunması naminə qətiyyətli addımlar atmağı tələb edir. Çünki hər bir hərbi cinayətin arxasında bir insan həyatı dayanır. Hər bir rəqəmin arxasında bir ad var. Hər bir adın arxasında isə ədalət gözləyən bir ailə dayanır.

Məhz buna görə də edam edilmiş, işgəncələrə məruz qalmış və ya əsirlikdə həlak olmuş Ukrayna qadın və kişi Müdafiəçilərinin xatirəsini yaşatmaq bizim ümumi borcumuzdur. Bu, bütün dünyanın mənəvi borcudur. Həqiqət üzə çıxana qədər xatırlamaq. Şər cəzalandırılana qədər xatırlamaq. Ədalət zəfər çalana qədər xatırlamaq. Bu vəhşiliyin bir daha heç vaxt təkrarlanmaması üçün həmişə xatırlamaq.

Və Azərbaycanın müxtəlif bölgələrində binaların və ictimai məkanların üzərində öz dövləti, onun ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş Qəhrəmanların portretlərini görəndə, hər il yanvarın 20-də Azərbaycan xalqı ilə birlikdə Bakının mərkəzindəki Şəhidlər xiyabanında baş əyəndə azadlığın qiymətini dərk etmək baxımından xalqlarımızın nə qədər yaxın olduğunu xüsusilə dərindən hiss edirəm. Ukraynalılar da, azərbaycanlılar da yaxşı bilirlər ki, müstəqillik heç vaxt bir dəfə və həmişəlik verilmir – onu daim qorumaq lazımdır. Onun uğrunda həyatını qurban vermiş insanların xatirəsi isə milli ləyaqətin və gələcəyin təməlidir.

Məhz buna görə də Ukraynaya göstərdiyi humanitar dəstəyə və Müdafiəçilərimizə nümayiş etdirdiyi səmimi insani həmrəyliyə görə Azərbaycana ürəkdən minnətdarıq. Son bir il ərzində Rusiya əsirliyindən sağ çıxmış on ukraynalı hərbçi Azərbaycanda reabilitasiya kursu keçmək imkanı əldə edib. Bu, onlar üçün təkcə peşəkar tibbi və psixoloji yardım deyil, həm də öz ağrıları ilə tək qalmadıqlarını göstərən mühüm dəstək işarəsi olub. Belə həmrəylik nümunələri ədalətin və insanlığın qəddarlıqdan daha güclü olduğuna inamı möhkəmləndirir.

Biz itirdiklərimizi anmaqla yanaşı, hələ də Rusiya əsirliyində olan hər bir insanın azadlığa qovuşması, ədalətin bərpa olunması və Ukraynanın qadın və kişi Müdafiəçilərinə qarşı törədilmiş cinayətlərin dünyanın yaddaşından silinməməsi üçün də əlimizdən gələni etməliyik. Çünki yaddaş təkcə keçmişə ehtiram deyil. Bu, gələcək qarşısında bizim borcumuzdur.