Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünyanın neftə ehtiyacı 25 il əvvəlki səviyyəyə düşdü

2020-ci ilin aprelində dünyada neftə tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 29 milyon barel aşağı düşəcək. Bu, düz 25 il əvvəlin - 1995-ci ilin səviyyəsinə bərabərdir.

Beynəlxalq Enerji Agentliyinin bu gün – aprelin 15-də açıqladığı aylıq hesabatda belə deyilir.

2020-ci il üzrə neftə tələbat 9,3 milyon barel azalacaq və beləliklə, onillər ərzində hər il artan tələbat qrafiki ilk dəfə aşağıya doğru əyiləcək. Hesabatda bildirilir ki, ilin ilk yarısında ehtiyatların gündəlik 12 milyon barel artması gözlənilir ki, bu da bütün neft logistikasının – rezervuarların, tankerlərin, boru kəmərlərinin dolması təhlükəsi yaradır. Doluluq səviyyəsi maksimuma çatarsa, dünyada nefti saxlamağa yer qalmayacaq. Başqa sözlə desək, neft heç kimə lazım olmayacaq.

Bu yazı hazırlanarkən Brent markalı etalon neftin 2 ay sonrakı fyuçerslərinin (kağız müqavilələr) qiyməti 29 dollardan aşağı idi. Hazırda spot bazarında real ticarəti aparılan neftin qiyməti isə bundan daha aşağıdır. Halbuki OPEC+ formatında əldə olunacaq razılaşmanın qiyməti çox yüksəltməsə belə, ən azından 30 dolların üzərində saxlayacağına iştirakçı ölkələrin ümidi böyük idi. Lakin bu razılaşma bazarda rahatlığa səbəb olmadı. OPEC ölkələri və Rusiya başda olmaqla, kartelə üzv olmayan dövlətlərin enerji nazirlərinin aprelin 9-da keçirilən görüşündən sonra təntənəli şəkildə bəyan olundu ki, gündəlik 10 milyon barel ixtisar barədə razılıq əldə edilib. (May-iyun ayları üçün.) Lakin 12 apreldəki qısa görüşdən sonra Küveytin enerji naziri bildirdi ki, təxminən (?) 10 milyon barel civarında ixtisar barədə razılaşdıq və bu, tarixi anlaşmadır. Məsələ burasındadır ki, Meksika üçün 400 min barel ixtisar kvotası ayrılmışdı, lakin bu ölkə iki ayağını bir başmağa dirəyərək hasilatı yalnız 100 min barel azalda biləcəyini söylədi. Nəticədə son toplantıda kartel onların mövqeyini qəbul etmək zorunda qaldı. Beləliklə, azaldılacaq hasilat həcmi cəmi 9,7 milyon barel təşkil edəcək. Meksikanın əvəzinə 300 mini guya ABŞ üzərinə götürüb, amma bu, bazarı aldatmaq cəhdidir. Əvvəla, ABŞ antiinhisar qanunvericiliyi inzibati qaydada hasilatı azaltmağı qadağan edir. İkincisi, ABŞ-da hasilat onsuz da 600 min barel aşağı düşüb və növbəti həftələrdə də düşə bilər, amerikalılar deyirlər ki, vəd etdiyimiz 300 mini bunun əsasında hesablayın.

Azərbaycan anlaşma çərçşivəsində hasilatı gündə 164 min barel azaltmaq öhdəliyi götürüb. Bu, böyük rəqəmdir və Azərbaycanın hasilatının 23%-nə bərabərdir. Azərbaycan gündəlik 715 min barel neft çıxarır. İllik ümumi istehsal tonla ifadədə 37 milyondur. Bunun 7 milyon tonu ölkənin neftayırma zavaodlarına gedir. İxrac üçün qalan 30 milyon ton (təxminən 215 milyon barel) gündəlik 583 min barel deməkdir. 164 minlik ixtisar ixracımızın üçdə birini təşkil edir. Bu, çox yüksək həcmdir. Maraqlıdır ki, SOCAR gündəlik 150 min barel ətrafında istehsala malikdir. Yəni Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəlik Dövlət Neft Şirkətinin hasilat həcmindən çoxdur. Belə çıxır ki, qalan hissəni beynəlxalq konsorsium üzərinə götürməlidir. Bu, necə olacaq, hələ ki məlum deyil.

Gündə 1,781 milyon neft hasil edən Meksika cəmi 100 minlik istisara razılaşdığı halda, 715 min barel hasilata malik Azərbaycanın 164 minə razılaşması maraqlı detaldır.

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən bu il neftin orta illik qiyməti 35,61 dollar, 2021-ci ildə 37,87 dollar olacaq. Sonrakı illərdə isə qiymətin 45 dollardan baha olması gözlənilmir. Bu, Azərbaycan üçün həyəcan siqnalıdır. Xatırladaq ki, builki büdcəmiz neftin orta illik qiymətinin 55 dollar olması əsasında hesablanıb. Vəziyyət Azərbaycanın sözdə deyil, real olaraq iqtisadi, siyasi, institusional islahatlara getməsini tələb edir. Onsuz da çox gecikmişik...

Press Klub