Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünya ölkələrində erməni-azərbaycanlı davaları

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən silahlı toqquşmalardan sonra dünyanın müxtəlif ölkələrində yerli erməni və azərbaycanlı icmaları, əmək miqrantları arasında gərginlik yaranıb. ABŞ-ın Los-Anceles şəhərində və Belçikanın paytaxtı Brüsseldə Ermənistanın işğalçı siyasətinə etiraz edən azərbaycanlılar ermənilərin hücumlarına məruz qaldılar. Fiziki zorakılığa məruz qalan azərbaycanlıların görtüntüləri bütün dünya azərbaycanlılarını daha da hiddətləndirdi. Nəticədə Rusiyanın paytaxtı Moskva şəhərində bəzi soydaşlarımız cavab kimi bir neşə ermənini döyərək videosunu sosial şəbəkələrdə paylaşdılar.

Bəs, Azərbaycan dövləti baş verənlərə necə yanaşır, xaricdəki həmvətənlərimizlə hansı iş aparılır? Onlara dövlət səviyyəsində hər hansı rəsmi müraciət olubmu?

Hadisələrə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəyini öyrəndik. Qurumun mətbuat xidmətindən bildirildi ki, Komitə sədri Fuad Muradovun, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının fəallarının və Moskvadakı dipolomatik korpusun nümayəndəsinin iştirakı ilə videokonfrans keçirilib:

“Videokonfransda dünya azərbaycanlılarının torpaqlarımızın azad olunması, erməni təxribatlarına son qoyulması məqsədilə bütün dünyada birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduqlarını bəyan etməsi, aksiyalar keçirməsi, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə müraciətlər etmələri barədə geniş fikir mübadiləsi aparılıb”.

Qurumun rəsmisi qeyd etdi ki, Rusiyada baş verən hadisələr, ermənilərin azərbaycanlılara qarşı vəhşi hərəkətləri təhlil olunub, diaspor üzvlərinin hadisəyə münasibətləri öyrənilib və ətraflı müzakirə aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi baş verən hadisələrlə bağlı rəsmi bəyanatla da çıxış edib. Bəyanatda bildirilir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən təxribatlara etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başlayıb:

“Sevindirici haldır ki, soydaşlarımız güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edir. Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından soydaşlarımızın beynəlxalq aləmdə, kütləvi, sivil, icazəli aksiyalara başlaması, cəbhədə olduğu kimi, dünyada da erməniləri ciddi təşvişə salıb. Ermənistanın uzun illərdir dünya dövlətlərini aldatması soydaşlarımızın birliyi sayəsində ifşa edilir, əsl həqiqətlər real faktlar əsasında dünyaya bəyan olunur. Soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinin, təxribat hallarının dayandırılması ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə onlarla müraciət ünvanlayıb, ümumilikdə  25 ölkədə yaşayan azərbaycanlılar  84 bəyanatla çıxış ediblər. Məhz soydaşlarımızın fəallığı nəticəsində 24 ölkədə 18 dildə 94 məqalə və xəbər çap edilib, sosial şəbəkələrdə həqiqətləri özündə əks etdirən on minlərlə informasiya paylaşılıb. Ümumilikdə 26 ölkədə 20000-dən çox soydaşımızın iştirak etdiyi 58 aksiya keçirilib. Dünya dövlətlərində səsləndirilən “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun!” şüarlarından, yalanlarının ifşa olunmasından hiddətlənən ermənilər öz məkrli niyyətlərini beynəlxalq aləmdə də davam etdirməyə cəhd göstərirlər”.

Bəyanatda deyilir ki, ermənilər Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin qarşısında icazəsiz aksiyalar təşkil edir, azərbaycanlıların təşkil etdiyi icazəli aksiyalarda təxribatlar törətməyə çalışırlar:

“Təəssüf ki, bəzən erməni barbarlığı soydaşlarımızın xəsarət almasına, şəxsi əmlaklarına zərər dəyməsinə, diplomatik nümayəndəliklərə maddi ziyan vurulmasına  gətirib çıxarır, bunun da adekvat cavabı verilməkdədir. Bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən soydaşlarımızla mütəmadi əlaqə saxlanılır, onların pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılmas  üçün bütün mümkün addımlar atılır. Soydaşlarımızı ayıq-sayıq olmağa çağırırıq və onlara haqq işində bütün dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk. Diasporla İş üzrə Dövlət Komitəsi erməni yalanlarının ifşası, Ermənistanın işğalçı siyasətinin, törədilən təxribatların dünya birliynə, beynəlxalq ictimaiyyətə çatdırılması yolunda göstərdiyi mütəşəkkilliyə görə xaricdə yaşayan soydaşlarımıza dərin təşəkkürünü bildirir. Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, erməni təxribatlarına son qoyulması üçün yaşadıqları ölkələrin qanunları çərçivəsində icazəli aksiyaları davam etdirmək niyyətindədir və daha 14 ölkədə də aksiyaların keçirilməsinə icazə alınması üçün müraciət olunub”.

Bununla yanaşı, Komitə qeyd edib ki, soydaşlarımız hüquqi müstəvidə mübarizəni davam etdirməli, beynəlxalq təşkilatlara ünvanlanan bəyanatların, müraciətlərin sayı daha da artırılmalıdır:

“Biz öz sözümüzü dünya mediasında deməli, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi təxribatları, işğal faktlarını dolğun, dəqiq məlumatlarla çatdırmalıyıq. Biz dünya azərbaycanlılarının hər bir istiqamət üzrə haqq səslərini qaldırmalarını başa düşür, ermənilərin təxribatçı hərəkətlərini, vəhşiliklərini ifşa edərək yaşadıqları ölkələrdə hüquqi müstəviyə daşımalarını məqsədəuyğun sayır və soydaşlarımızı erməni təxribatlarına uymamağa çağırırıq”.

Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə isə bildirdi ki, starteji baxımdan bunların hamısı - gərginlik, toqquşmalar bizim xeyrimizədir:

“Bizim cəmiyyət o qədər də aktiv deyildi, yatmışdı. Amma bu hadisələr cəmiyyətimizi oyatdı. Orda-burda davalar olur, nəticəsi o qədər də vacib deyil. Vacib olan odur ki, bizim diaspora oyanıb, çıxışlar, etirazlar edir. Erməni əriklərini boykot edən biznesmenlər haqqında cürbəcür sözlər gəzir ki, icazəlidir, Putin deyib filan… Nələr-nələr danışırlar bu barədə. Eybi yoxdur, qoy olsun. Təki, cəmiyyətimizə nümunə olsun ki, bunlar da oyandılar, nəsə edirlər. Bütün bunları müsbət qarşılayıram. O ki qaldı ermənilərin vəhşiliklərinə cavab verilməsi, hansısa ağıllı formada cavab olmalıdır. Nahaq yerə davaya, soyuq silaha əl atmaq lazım deyil. Ancaq lazımi yerlərdə mətbuat bütün bunları işıqlandırmalıdır, şikayətlərimiz yazılmalıdır. Və yenə də bizim etirazlarımız davam etməlidir. Bütün bunlar məni çox sevindirir. Nəhayət ki, insanlarımız oyandı. Düzdür, mən istəməzdim ki, biz onların səviyyəsinə düşək. Amma indi nə etmək olar?! Davanı biz başlamadıq. Bir qədər ağılla cavab vermək lazımdır”.

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Xəyal Tağıyev isə hesab edir ki, bu cür hadisələrin qarşısı alınmalıdır:

“Sivil insanların hərb meydanından kənarda bir-birinə qarşı güc tətbiq etməsi, zorakılıq metodları mənə elə gəlir ki, heç kəsə - nə ermənilərə, nə də bizə sərf edə bilər. O mənada bu hadisələr acınacaqlıdır. Hesab edirəm ki, Los-Ancelesdə və Avropa şəhərlərində ermənilər tərəfindən bizimkilərə qarşı edilən hücumlar vəhşilik və vandalizmin ən qabarıq təzahürlərindən biridir. Bunun qarşısını mümkün dərəcədə almaq üçün bizim hakimiyyət orqanları, ən yüksək vəzifəli şəxslər həmin ölkələrin müvafiq orqanları, vəzifəli şəxsləri ilə təcili surətdə əlaqə yaratmalıdır”.

X.Tağıyevin sözlərinə görə, hadisələrin baş verdiyi ölkələrin polis, hüquq-mühafizə orqanları bunların qarşısını almalıdırlar:

“Düşünürəm ki, həmin ölkələrin maraqları da bunu diktə edir. Çünki, siz bilirsiniz ki, həm Avropa ölkələrində, həm də Amerikada dünyanın müxtəlif regionlarından gəlmiş insanlar, mühacirlər çoxdur. Bu insanların arasında hadisələrin baş verməsi, ermənilərlə azərbaycanlıların arasındakı problem bir katalizator ola bilər. Və təbii ki, COVİD 19-la bağlı ağır olan sosial durumu bir daha ağırlaşdıra bilər. Azərbaycan - Rusiya münasibətlərini nəzərə alaraq düşünürəm ki, Azərbaycan hakimiyyəti öz imkanlarından, əlaqələrindən istifadə etməlidir ki, ölkədən kənarda baş verən bu cür proseslərin qarşısını alsın və önləyici tədbirlər görsün”.

Ülviyyə Şahin