Logo
news content
User
Kateqoriyalar

Analitika

Dünya azərbaycanlılarının qəlbi vətənlə döyünür

Soydaşlarımız dünyanın müxtəlif ölkələrində haqq səsimizi yerli ictimaiyyətə çatdırmaq üçün aksiyalar keçirirlər

Bu gün Azərbaycan Ordusu Qarabağda Vətən Müharibəsi aparır və ard-arda böyük uğurlar qazanır. Eyni zamanda, arxa cəbhədə də xalq qələbəyə töhfə vermək üçün əlindən gələni edir. Bəs, xaricdəki soydaşlarımız bu işdə nə dərəcədə fəal iştirak edirlər? Azərbaycanın diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız bu yöndə nələr edirlər? Azərbaycanın haqq səsinin bütün dünyada eşidilməsi üçün hansı işlər görürlər?

Sualımızı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının nümayəndələrinə ünvanladıq.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov:

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb. Prezident Vladimir Zelenski, xarici işlər naziri Kuleba bir neçə dəfə açıqlama verərək Azərbaycana dəstək ifadə ediblər. Bundan əlavə, Ukrayna parlamentinin birinci vitse-spikeri və hakim partiyanın üzvləri tərəfindən səsləndirilən fikirlər onu deməyə əsas verir ki, Ukrayna hökumət və parlament səviyyəsində Azərbaycanın haqq mövqeyini müdafiə edir. Ukraynadakı Azərbaycan diasporu dəfələrlə aksiyalar keçirib. Sonuncu aksiya iyul hadisələri dövründə Ukraynada BMT-nin nümayəndəliyi qarşısında oldu, çox izdihamlı mitinq keçirdik. Həmin mitinqdən sonra son hadisələrin fonunda Ukrayna Azərbaycanlıları Radası və ora daxil olan bütün ictimai təşkilatlar Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də yerli dövlət qurumlarına müxtəlif mətnli müraciət və bəyanatlar təqdim etdi. Bundan başqa, ictimaiyyətin diqqətini daha çox cəlb edən kreativ layihələr həyata keçiririk. Təşkilatımızın qərargahının binasının üzərinə böyük ölçülü banner yerləşdirilib.

Diasporun bu məsələdə əsas funksiyası informasiya müharibəsi və düşmənin yaymış olduğu dezinformasiyaların qarşısını almaqdır. Bununla bağlı son on beş gündə 10-dan artıq televiziya kanalında müxtəlif formatlı verlişlərdə şəxsən özüm çıxışlar etmişəm. Biz düşmənin saxta məlumatlar paylaşmasınıı gözləmirik, özümüz obyektiv məlumatlar da yayırıq.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Fransanın ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən kənarlaşdırılması üçün təşəbbüs göstərəcəklərini söylədi. Türkiyədə yaşayan soydaşlarımız Ermənistanın ölkəmizə qarşı terror və işğal siyasətinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Aksiya paytaxt Ankarada Fransa Respublikası səfirliyinin qarşısında “Ermənistan - Qarabağı, Fransa - ATƏT-i tərk et!” şüarı ilə təşkil edilib. Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü ilə təşkil edilən tədbirdə Ankarada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirakı ediblər. İştirakçılar fransız, ingilis, türk və Azərbaycan dillərində “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirərək ermənilərin ölkəmizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıb, münaqişənin nizamlanmasında Minsk Qrupunun həmsədri kimi Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

Almaniyada yaşayan qarabağlı həmvətənimiz Nurlan Məmmədov:

“Biz oktyabrın 3-də Frankfrutda mitinq keçirdik. Mitinqdə Almaniyanın digər torpaqlarından da gələn 300-ə yaxın həmvətənlərimiz var idi. Müxtəlif şüarlarla mitinqimizi çox yaxşı keçirə bildik. Bizə yəhudi icmasından qoşulan insanlar da var idi. Bizim bir çox yardımlarımız da artıq Azərbaycana çatdırılıb. Bu yardımlar həm cəbhədəki əsgərlərimizə, həm də şəhid olmuş hərbçilərimizin ailələrinə yönəlib. Bu yardım kampaniyalarımız durmadan davam etdirilir. Bu kampaniyalara türk qardaşlarımız da qatılır. Oktyabrın 17-də Berlində çox böyük bir mitinqimiz təşkil olundu. Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq aksiya təşkil edilib. Aksiya iştirakçıları Pariser Platz meydanından Brandenburq qapılarına yürüş ediblər. Çıxış edənlər işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhaliyə hədəflənmiş terror aktlarını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Aksiyada dünya ictimaiyyətindən Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktlarına biganə qalmamaq tələb edilib.

Böyük Britaniyadakı Azərbaycan diasporunun üzvləri 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə London şəhərində avto-yürüş keçirib. Yürüş iştirakçıları işağlçı Ermənistan ordusunun cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin yenidən raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən qadınların və azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərin dağıdılmasına etirazlarını ifadə ediblər. Üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən avto-yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər. 50 avtomobildən ibarət olan avto-yürüş Londondakı Trent Park yaxınlığından start götürüb, Standon adlanan ərazidə başa  çatıb.

“Çex Respublikasında Azərbaycan İcması” təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terrora etiraz əlaməti olaraq aksiya keçirilib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər.

Ülviyyə Şahin