Logo
news content
User
Kateqoriyalar

Analitika

DTX tərəfindən həbs olunan general buraxılıb 

Dövlət Sərhəd Xidmətinin (DSX) keçmiş rəis müavini, general-leytenant Əfqan Nağıyev həbsdən buraxılıb. Bakı Hərbi Məhkəməsi həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına buraxılması barədə vəkilin vəsatətini təmin edib. Ə.Nağıyev istintaq getdiyi müddətdə ev dustaqlığında olacaq.

Ə.Nağıyev bu ilin mayında DSX-nın Sahil Mühafizəsinin vəzifəlilərindən polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov və digərləri ilə birlikdə saxlanılmışdı. Onlar Xəzər dənizində balıq ovuna rüşvət müqabilində şərait yaratmaqda ittiham olunurdular.

General da daxil olmaqla, DSX-nın vəzifəlilərinin həbsi ilə nəticələnmiş əməliyyatı keçirən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Baş Prokurorluqla birlikdə yaydığı açıqlamada vurğulanırdı ki, toplanan külli miqdarda rüşvət hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında verilib: “Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb”.

Əməliyyatı DTX keçirsə də, bu iş üzrə istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır.

Ə.Nağıyev və digərlərinə qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (əlbir olan bir qrup şəxsin külli miqdarda rüşvət alması) maddələri ilə ittiham irəli sürülüb.

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən generalın həbsdən buraxılması müxtəlif mülahizələrə yol açıb. Hüquqşünas Ələsgər Məmmədli “Press Klub”a bildirdi ki, ilk baxışdan bu hadisədə qanuna zidd heç nə yoxdur. Çünki  Konstitusiyanın 63-cü maddəsi vətəndaşların təqsirsizlik prezumpsiyası hüququnu tanıyır. Yəni şəxs ağır cinayət törətməkdə ittiham olunsa belə, haqqında qüvvəyə minmiş məhkəmə hökmü olana qədər o, təqsirli sayılmır.

Azərbaycan qanunvericiliyində istintaq və hökm çıxarılana qədər məhkəmə dövrü üçün müxtəlif növ qətimkan tədbirləri nəzərdə tutulub ki, bunların də ən ağırı həbsdir. Həbsdən başqa, polis nəzarətinə vermə, başqa yerə getməməyə dair iltizam, ev dustaqlığı, girov və s. qətimkan tədbiri növləri var.

Təqsirsizlik prezumpsiyası hüququnu nəzərə alaraq, mən bir hüquqşünas kimi, həbs-qətimkan tədbirinə üstünlük verilməməsinin tərəfdarıyam. Ümumiyyətlə, qətimkan tədbiri olaraq, həbs, yoxsa ev dustaqlığı və digər növlərin seçilməsi ilə bağlı qərar verilərkən müəyyən amillər nəzərə alınmalıdır - təqsirləndirilənin şəxsiyyəti, istintaqın gedişi, sübutların toplanması və s. Məsələn, şahidlərə təzyiq ehtimalı yoxdursa, şəxsin yaşayış yeri məlumdursa, sübutların toplanmasına maneçilik törədilməyəcəksə, bu halda, həbs seçilməyə bilər”, - deyə Ə.Məmmədli məsələnin hüquqi tərəfini izah edir.

Hüquqşünas qeyd etdi ki, hansı növ qətimkan tədbiri seçilməsinə qərar verilərkən şəxsin ittiham olunduğu cinayətin ağırlığı da nəzərə alınır. Qanunvericilikdə cinayətlər müxtəlif kateqoriyalara bölünür: böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlər.

Ə.Məmmədli yada saldı ki, Tofiq Yaqublunun ittiham olunduğu xuliqanlıq az ağır cinayətlər kateqoriyasına aiddir. Amma həbsdən buraxılan generala qarşı irəli sürülən külli miqdarda rüşvət alma ağır cinayət hesab olunur: 

“Buna baxmayaraq, Tofiq Yaqublunun işi kimi çox bəsit işdə onun haqqında həbs-qətimkan tədbiri seçildi. Hətta sonradan ev dustaqlığına buraxılması barədə vəsatətlər də təmin olunmadı. Generalın həbsi də cəmiyyətdə rezonans doğuran hadisə idi. Çünki korrupsiyada - cəmiyyəti içindən yeyən bir əməldə suçlanırdı. Mən bir hüquqşünas olaraq, şəxsin hökmə qədər həbsdə saxlanmasını doğru saymıram. Amma mən həm də hüququn bərabər tətbiqinin tərəfdarıyam. Vəziyyəti təhlil edəndə görünür ki, generalın həbsdən buraxılması hüquqi yox, siyasi qərardır. Yüngül əməldə suçlanana ağır, amma ağırda suçlanana yüngül sanksiya tətbiq olunursa, deməli, burada hüquq bir kənara atılıb, başqa siyasi qərar verilib. Bu baxımdan, generalın həbsdən buraxılması ayrı-seçkilik, diskriminativ yanaşma kimi qiymətləndirilə bilər”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsində 2 ildən 5 ilə qədər, Ə.Nağıyevə qarşı ittiham irəli sürülmüş CM-in 311.3 (əlbir olan bir qrup şəxsin külli miqdarda rüşvət alması) maddəsində isə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gülər