Logo
news content
User
Kateqoriyalar

Analitika

DTX döyüş zonasında icazəsiz çəkiliş aparıb, yayanların izinə düşdü

Azərbaycanda döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanın sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları aparıb. Amma bu müddətdə xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər mobil telefonla icazəsiz videoçəkilişlər aparıblar. Bu da dövlət sirrinin mühafizəsi tədbirlərinə ziddir.

DTX bildirir ki, Azərbaycan qoşunlarının  əməliyyat planları, dislokasiyası, yerdəyişmələri, şəxsi heyəti, hərbi texnikaları və  əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən videolar yayılıb. Həmin videogörüntülərdən qarşı tərəf Azərbaycanın qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiya əldə etmək, həmçinin kəşfiyyat-təxribat fəaliyyətini həyata keçirmək məqsədilə yararlanıb.

“Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır”, - deyə DTX-nın rəsmi açıqlamasında qeyd olunub.

Amma bu işlə bağlı istintaqa cəlb edilənlərin kimliyi açıqlanmayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Press Klub”a bildirdi ki, döyüş zonasında icazəsiz çəkilişlər birmənalı şəkildə qadağan olunmalıdır. Ekspertin sözlərinə görə, Müdafiə Nazirliyinin qadağa ilə bağlı təlimatı da var, amma bir sıra hallarda buna əməl olunmur. İ.İsmayıl sərt qadağanın və buna əməl etməyənlərin cəzalandırılmasının tərəfdarıdır:

“Çox təəssüf ki, birmənalı qadağa ilə bağlı normal təlimatlandırma yoxdur. Mütləq sərt qadağa qoyulmalı, tabe olmayanlar da cəzalandırılmalıdır. Çünki bundan təkcə vuruşduğumuz düşmən deyil, eyni zamanda, başqa ölkələrdə də bizə qarşı istifadə edirlər. Avropada belə, xoşagəlməz fotolar, videolar yayılır və bunlardan Azərbaycanın əleyhinə istifadə olunur. Məsələn, əsirlər, meyitlərlə bağlı görüntüləri buna misal göstərmək olar”.

Ekspert qeyd etdi ki, Müdafiə Nazirliyi hərbçilərə smartfonlardan istifadəni çoxdan qadağan edib. Onun sözlərinə görə, hətta sentyabrın 27-də döyüşlər başlamazdan əvvəl də bu qadağanın pozulmasına görə cəzalandırılanlar olmuşdu:

“Müharibə gedən dövrdə isə bu məsələyə xüsusən həssas yanaşılmalıdır. Smartfonlar tamam qadağan olunmalıdır. Çünki həm taktiki, həm də təbliğat baxımından ziyandır”.

Qadağalara baxmayaraq, yenə də smartfonlardan istifadəyə gəlincə, İ.İsmayıl hesab edir ki, bu, təlimata nəzarətin düzgün olmamasının göstəricisidir.

Gülər