Logo
news content
User
Kateqoriyalar

Analitika

Dostlar üçün Azərbaycan nümunəsi?
Bakı Qarabağ problemini həll etməklə postsovet məkanında inanılmaz presedent yaradıb

Azərbaycan ordusunun bir neçə gün öncə Qarabağda ildırım sürətli əməliyyatı ərazisində separatçı bölgələr olan digər postsovet dövlətləri üçün də separatizm ilə bağlı olan məsələlərin həllini gündəmə gətirir. Azərbaycanın keçmiş SSRİ ölkələri arasında ərazi bütövlüyünün tam bərpası ilə bağlı presedent yaradan ilk ölkə olduğunu söyləmək olar. Yeri gəlmişkən, bütün postsovet respublikaları arasında separatizmdən ilk olaraq əziyyət çəkən də Azərbaycan olub. Və indi kimin hansı qiymət verməsindən asılı olmayaraq, beynəlxalq hüquq baxımından ədalət zəfər çalıb - bununla heç kim mübahisə edə bilməz.

Əlbəttə ki, Azərbaycanın yaratdığı presedentin torpaqlarının bir hissəsində separatçılıq səbəbindən problemlər yaşayan digər dövlətlər üçün hansı məna və əhəmiyyət kəsb edəcəyi maraqlıdır. Azərbaycan nümunəsi yaxın gələcəkdə onlar üçün bir növ fəaliyyət modeli ola bilərmi? Aydındır ki, söhbət Azərbaycanın GUAM-dakı tərəfdarları olan Gürcüstandan, Moldovadan, Ukraynadan gedir. Gürcüstanın  Abxaziya və Cənubi Osetiya, Moldovanın Dnestryanı bölgə, Ukraynanın isə Krım və Donbas kimi problemləri var və Rusiyanın 2022-ci ilin fevralında başlayan son təcavüz nəticəsində işğal altında olan digər əhəmiyyətli əraziləri də meydana çıxıb. Gürcüstan və Moldova da daxili separatçılıqdan savayı Rusiya işğalçı qüvvələrindən əziyyət çəkir.

Aydındır ki, bu ölkələrin siyasətçiləri, hərbçiləri, ümumiyyətlə, cəmiyyətin düşünən hissəsi hazırda Azərbaycan hakimiyyətinin və onun ordusunun işğaldan azad edilmiş Qarabağda hansı üsullarla fəaliyyət göstərdiyini böyük diqqətlə izləyir.

Tanınmış xarici ekspertlər mövzu ilə bağlı fikirlərini old.pressklub.az-la bölüşüblər.

Tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun (Kişineu) direktoru Vitali Andrievski qeyd edir ki, Azərbaycan sərt davranaraq, lakin beynəlxalq hüquqa riayət edərək öz ərazilərini qaytarıb. 

O qeyd edir ki, bu, digər dövlətlər üçün yaxşı nümunədir, lakin müxtəlif səbəblərdən həyata keçirilməsi çətindir.

Gürcüstandakı separatçı anklavlar Rusiya ilə həmsərhəddir və Rusiya tərəfindən rəsmi olaraq müstəqil dövlətlər kimi tanınır. Çox güman ki, onların artıq Rusiya ilə hərbi sahədə müqavilələri var. Rusiyanın isə onlara hərbi yardım göstərmək öhdəlikləri mövcuddur. Əgər hələ yoxdursa, olacaq. Bundan başqa, Gürcüstan hazırda Rusiya ilə dostluq münasibətlərini saxlamağa, bundan iqtisadi və ticari mənfəət əldə etməyə çalışır.

Ukraynaya gəlincə, o, öz ərazilərinin qaytarılması üçün mübarizə aparır. Amma bu müharibənin özəlliyi ondan ibarətdir ki, onu ərazilərini qaytarmaq üçün Ukrayna deyil, yeni əraziləri ələ keçirmək istəyən Rusiya başlayıb. Ələ keçirdiklərini - Krım, eləcə də Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərinin bir hissəsini isə zorla Rusiya Federasiyasına birləşdiriblər.

Ukrayna üçün bu problemin həlli bu müharibənin nəticəsindən asılıdır”, - Andrievski bildirir.

Onun fikrincə, ən maraqlı vəziyyət Moldovada yaranıb. “Moldovada ölkənin reinteqrasiyası üçün əlverişli şərait yaranıb. Moldovanın yalnız iki sərhədi var - Rumıniya və Ukrayna. Rusiya nisbətən uzaqdadır. Separatçı Dnestryanı bölgənin sakinlərinin əhval-ruhiyyəsi tədricən dəyişir. Çoxları anlamağa başlayıb ki, “müstəqillik” regionda kriminal meylli oliqarxların hakimiyyəti ələ keçirməsinə şərait yaradıb, onlar isə öz maraqları üçün çalışırlar, “müstəqillikdən” eqoist məqsədlər üçün istifadə edirlər.

Bu gün bu region tamamilə Moldova və Ukraynadan asılıdır. Ukrayna isə Moldovanın ərazi bütövlüyünü dəstəkləyir. Ümumiyyətlə, ölkəni yenidən birləşdirmək üçün həm obyektiv, həm də subyektiv ilkin şərtlər yaranıb. Qalır, bunu praktikada həyata keçirmək. Moldova hakimiyyəti bu problemin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Bu variantın yaxın illərdə həyata keçiriləcəyinə ümid var”, - deyə institut direktoru bildirib.

Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze isə öz növbəsində bildirir ki, münaqişələrin həlli və separatizmlə mübarizə sahəsində Azərbaycan təcrübəsi çox əhəmiyyətli, maraqlı və vacibdir.

Onu öyrənmək və anlamaq lazımdır. Qarabağdakı son hadisələr Cənubi Qafqazda yaradılan əla presedentdir. Separatçı qurumun ləğvi hüquqi çərçivədə, hüquqi cəhətdən savadlı şəkildə baş verir. Biz Gürcüstanda bu gözəl təcrübəni qəbul edir və dəstəkləyirik”, - akademiyanın rəhbəri deyir.

Onun fikrincə, bu nizamlanmanın mənası daha qlobal əhəmiyyət kəsb edir. Çünki Rusiyanın Cənubi Qafqazda sabitliyi pozmaqda əsas aləti Ermənistan, onun ərazisindəki bazalar və Azərbaycanla Qarabağ münaqişəsi olub.

DQR” ləğv edildikdən sonra mən Rusiya sülhməramlılarının Azərbaycan ərazisində mövcudluğunda daha heç bir məna görmürəm, bu aydındır. İndi çətin ki, Ermənistan da öz ərazisində rus qoşunlarının olmasını dəstəkləsin. Onsuz da müəyyən əlamətlər var ki, onların oradan çıxmasını tələb edəcəklər.

İrəvan Azərbaycanla bütün məsələləri həll edərsə, bu, Türkiyə ilə də problemlərin həll olunacağı anlamına gəlir. Ermənistan iki qonşudan rahatlıqla təhlükəsizlik zəmanəti ala bilər və bu ona iqtisadi cəhətdən kömək edəcək. Ermənistan öz xarici siyasətini müstəqil şəkildə həyata keçirəcək və bu, onu indiki vassal dövlət vəziyyətindən çıxaracaq. Azərbaycanın Qarabağdakı fəaliyyəti bütün Cənubi Qafqazda vəziyyətin həlli üçün mühüm hadisədir”, - Kopadze yekunlaşdırıb.

Rauf Orucov