Logo
news content
User
Kateqoriyalar

Analitika

Deputat: “Maska ilə gəzməkdən yorulmuşam”

İyun ayından etibarən Azərbaycanda karantin tədbirlərinin yumşaldılacağı gözlənilir. Ötən həftə sonu bu mövzu Milli Məclisdə də müzakirə edilib. Deputat Naqif Həmzəyev iyunun 1-dən etibarən açıq havada maskadan istifadənin ləğvi, toylara icazə verilməsi təklifini irəli sürüb.

Təbii ki, hər kəsi maraqlandıran məsələlərdən biri də ən vacib ictimai nəqliyyat növü olan metronun nə vaxt açılacağıdır. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq: "Hazırda "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq".

Bəs, Operativ Qərargah verilən təklifləri nəzərə alacaqmı? 

İqtisad elmləri doktoru, professor, Milli Məclisin üzvü Rüfət Quliyev “Press Klub a açıqlamasında verilən təklifləri müsbət qiymətləndirdiyini söylədi:

“Təkliflər çox vacibdir, amma Operativ Qərargahın işinə qarışmamağı doğru hesab edirəm. Qərarı Operativ Qərargah verir və buna görə də məsuliyyət daşıyır. Əgər qeyd olunan addımlar atılsa və yoluxanların sayı kəskin artmasa, səhiyyənin gücü və imkanları yoluxmanın qarşısını almağa kifayət edəcək. Biz monitorinqlər aparmaqla, prosesə nəzarət etməklə bu işin öhdəsindən gələ bilərik”.

Deputat bildirdi ki, insanları çox yaxşı başa düşür: 

“Özüm də hər yerdə maska ilə gəzməkdən yorulmuşam. Hətta maşının içində də, maşından düşəndə də maska taxıram. İsti havada bu, daha əziyyətlidir. Nəfəs almaq çətindir. Bunların hamısı başadüşüləndir. Amma onu da unutmamalıyıq ki, biz yenicə hökumətin səyləri nəticəsində pandemiyanın dəhşətli formada artmasının qarşısını aldıq”.

R.Quliyev yenidən “lokdaun”ların olacağından narahatdır:

“Yenidən qapanmaların olacağından hər zaman çəkinmişən. Çünki bu, iqtisadiyyata böyük zərbədir. İndiki şərait onu göstərir ki, mərhələli şəkildə açılmalara getmək, müəyyən qaydaları yeniləmək olar. Məsələn, metronun açılması, maskadan istifadənin ləğv edilməsi, toy məclislərinin keçirilməsi və sair məsələləri tədricən mərhələli şəkildə həyata keçirmək olar.  Ümumiyyətlə, bu təklifləri dəstəkləyirəm”.

Həkim-farmakoloq Müşfiq Hüseynov sözügedən təklifləri artıq iki aydır səsləndirdiyini vurğuladı:

“Əgər Operativ Qərargah verilən təklifləri nəzərə almasa, payızda baş verəcək ağırlaşmalara birbaşa cavabdehlik daşıyacaq. Çünki insanlar havasız, dənizsiz, günəşsiz və stres içərisində qalmamalıdır. Metro ilə bağlı verilən təklifi də nəzərə almalıdırlar. Mən hələ martda təklif etmişdim ki, heç olmasa, 08:00-11:00 və 17:00-20:00 arası metro işləsin. İctimai nəqliyyatda maska məcburiyyəti qalmaq şərti ilə avtobusların dolu olduğu zamanda metro açılmalıdır. Bunları mən dəfələrlə təklif etmişəm”. 

Toy məclislərinin keçirilməsinə gəldikdə isə həkim toyların açıq havada keçirilməsinin tərəfdarı olduğunu bildirdi:

“Lakin mən şəxsən şadlıq evlərində toyların keçirilməsini hələ bir müddət qadağan edərdim. Ən azı oktyabr ayına qədər şadlıq evlərində toylar keçirilməməlidir”.

Ülviyyə Şahin