Logo
news content
User
Kateqoriyalar

Analitika

“Dəli yığıncağı”nın nüvə “blefi”? 
Belarus lideri dünyanı niyə atom silahı ilə hədələyir?

Rusiya prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedevdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko da dünyanı nüvə silahı ilə hədələməyə başlayıb. 

Lukaşenko Rusiyanın nüvə başlıqlarının artıq Belarusa yerləşdirildiyini iddia edib. O, əvvəlcə bu təşəbbüsün dinc məqsəd daşıdığını söyləsə də, sonra dünyanı təhdid etməyi də yaddan çıxarmayıb: “Dünya ölkələri Belarusda nüvə silahlarının olduğunu unutmamalıdırlar. Əgər bizə qarşı aqressiya olarsa, cavab verəcəyik”.

Beləliklə, dünyanı nüvə ilə hədələyən “dəli yığıncağı”na daha biri əlavə olunub. Amma bu hədə nə dərəcə realdır?

Öncə ondan başlayaq ki, Lukaşenkonu bu tonda danışmağa və dünyanı hədələməyə çarəsizlik vadar edir. Rusiya lideri Vladimir Putinlə bərabər dünyadan təcrid olunan Belarus lideri anlayır ki, onun bütün hakimiyyəti, elə lap həyatı da Kremlin taleyi ilə sıx bağlıdır. Kreml müharibədən salamat çıxa bilsə, Lukaşenko hələ bir müddət rejimini sürdürə biləcək. Yox, Moskva müharibəni uduzsa və ya başı daxili çəkişmələrə qarışsa, Lukaşenko rejimi dərhal çökə bilər. 2020-ci ili avqust hadisələri, xalq etirazları da onun ciddi dayaqlarının olmadığını göstərir. Buna görə də, Lukaşenko va-banka gedərək, taleyini tamamilə Putinə bağlayır.

Başqa məsələ Rusiya nüvə başlıqlarının Belarusda olub-olmamasıdır. Hələ ilin əvvəlində nüvə silahının bu ölkəyə yerləşdirilməsi məsələsi gündəmə gələndə, mütəxəssislər bunun qısa zamanda baş tutmasının mümkün olmadığını deyirdilər. Onlar, bildiridilər ki, nüvə silahı adi tank deyil, onu istədiyin yerdə, istədiyin şəraitdə saxlaya bilmərsən. Bunun üçün xüsusi, çox mürəkkəb saxlanıc yerləri hazırlanmalıdır və bu yerin hazırlanmasının özü belə, xeyli zaman aparır. Yəni, Lukaşenkonun nüvə başlıqlarının artıq Belarusda olması ilə bağlı iddiası blef ola bilər.

Digər tərəfdən, Belarus lideri nə qədər ötkəm danışsa belə, onun nüvə silahından istifadə etməsi mümkün deyil. Nüvə başlıqları Rusiyaya məxsusdur və heç kim Rusiya hərbi rəhbərliyinin və şəxsən Putinin əmri və icazəsi olmadan nüvə silahına əl ata bilməz. 

Rusiya isə öz silahını isə tam olaraq heç kimə vermir. Ermənistan prezidenti Nikol Paşinyanın 44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı çıxışını xatırlamaq kifayətdir. Paşinyan açıq şəkildə etiraf etmişdi ki, müharibə zamanı bəzi silahların (mümkündür ki, bu, Rusiyadan alınan “İskəndər” raketləridir) idarə edilməsi onların əlində olmayıb. Bundan başqa, bəzi mütəxəssislər Türkiyənin bəh-bəhlə aldığı S-400 zenit-raket komplekslərinin, eləcə də Su-57 təyyarələrinin “açarının” Moskvanın əlində olduğunu bildirirlər. Bunu ABŞ, İsrail və digər ölkələrin ən yeni və qabaqcıl silahlarına da aid etmək olar. 

Beləliklə, Lukaşenkonun iddiası sadəcə “düşməni” qorxutmaq üçün saxta bəyanat ola bilər. Amma Belarus və Rusiya rəhbərləri özlərini hansı bataqlığa saldırlarının fərqindədirlərmi? Qərb Moskvanı nüvə silahının yaylmaması ilə bağlı razılaşmanı pozmaqda ittiham edir. NATO-nun bu addımı cavabsız qoymayacağı aydındır. Polşa artıq Rusiyanın Belarusda nüvə başlıqları yerləşdirmək qərarına cavab olaraq öz ərazisində nüvə silahı yerləşdirmək istəyini bildirib. Baltik ölkələri də belə bir arzu ifadə ediblər. Müharibədən sonra Ukrayna da ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verə bilər. 

Ən təhlükəlisi isə nüvə silahının müharibə getdiyi bir zamanda bu ölkədə peyda olması ehtimalıdır...