
Dəhşət ssenarisi: Rusiya nəyə əl atmaq istəyir?
Qara dəniz bölgəsini məhv edəcək, Ankara və İstanbulu ağuşuna alacaq, Azərbaycan sərhədinə çatacaq...
05 İyul 2023
Ukrayna müharibəsi getdikcə daha böyük təhlükəyə çevrilir. Söhbət, dünyanın başı üzərini “Domokl qılıncı” kimi alan nüvə təhlükəsindən gedir.
Ukrayna və Rusiya bir-birini aktiv şəkildə Zaporojye Atom Elektirk Stansiyasında təxribat hazırlamaqda ittiham edirlər.
Qısa arayış: Zaporojye AES-i Ukraynanın Zaporojye vilayətində Kaxovsk su anbarının sahilində yerləşir. Böyüklüyünə görə Avropada birinci, dünyada isə doqquzuncu yeri tutur. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra - 2022-ci ilin martında Rusiya hərbçiləri tərəfindən işğal edilib. Ərazidə ağır hərbi texnika və 500-dən çox silahlı əsgər yerləşdirilib. 2022-ci ilin sentyabrında təhlükəsizlik səbəbindən bütün reaktorların işi dayandırılıb. Elə həmin vaxtdan orada MAQATE-nin xüsusi komissiyası çalışır.
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 4-də bəyanatla çıxış edərək, Silahlı Qüvvələrin Baş Qərargahın informasiyasını açıqlayıb. Bu informasiyaya görə, Rusiya hərbçiləri üçüncü və dördüncü enerji blokunun damında partlayıcı qurğuya bənzər əşyalar yerləşdirib.
Kəşfiyyat işğal olunmuş Melitopol və Enerqodarda Rusiyanın mobil radiasiyaya nəzarət komplekslərinin yerləşdirildiyini qeydə alıb. Eyni zamanda, Rusiyanın “Rosatom” şirkətinin personalının AES-dən çıxarıldığı məlumdur. Hazırda AES-də qalan və “Rosatom”la müqavilə əsasında çalışan ukraynalıların evakuasiyasına başlanılıb.
Ukrayna Səhiyyə Nazirliyi nüvə obyektində təhlükə zamanı nə etmək lazım olduğu ilə bağlı tövsiyələrini açıqlayıb.
Zaporojye AES-ni kim partlada bilər?
AES-in partladılması Ukraynaya, ümumiyyətlə, sərf etmir. Çünki stansiyanın nəzəri olaraq heç bir ciddi radiasiya olmadan sıradan çıxarılması belə, ölkə iqtisadiyyatına vurulan zərbədir. Ukrayna AES-in reaktorlarının dayandırılması və istehsal edilən enerjinin başqa mənbələr hesabına təmin edilməsinə görə yüz milyonlarla vəsait itirir. Əksinə, Kiyev AES-in salamat qalmasında və tezliklə işğaldan azad edilməsində maraqlıdır.
Mümkün terror nəticəsində baş verə biləcək nüvə fəlakəti də ilk növbədə Ukrayna ərazisinə təsir edəcək. Partlayış heç bir hərbi üstünlük də vəd etmir. Buna görə də Kiyevin AES-in partladılmasında maraqlı olmamasının sübuta ehtiyacı yoxdur.
AES-in partladılması böyük ölçüdə Rusiyaya da sərf etmir. Çünki işğalçı müharibəyə başlayan Moskva bu əraziləri özününkü sayır və ələ keçirmək niyyətindədir. Həm də Zaporojye AES-dəki mümkün partlayış nəticəsində radiasiya dalğası təkcə Ukrayna ərazisini deyil, Rusiya ərazisinin böyük bir hissəsini də çirkləndirəcək.
Lakin iki mümkün variantı müqayisə edəndə AES-in Rusiya tərəfindən partladılması daha real görünür.
Partlayış baş verərsə, nəticələr necə olacaq?
Ukraynalı ekspertlər, Zaporojye AES-də partlayış baş verərsə, radiasiya dalğasının vuracağı ərazinin modelini hazırlayıblar. Bu modelə görə, partlayış baş versə, ilkin radiasiya dalğası Ukraynanın ərazisini və Qara dəniz hövzəsini tam əhatə edəcək. Radiasiya dalğası Rusiya, Belarus, Latviya, Litva, Estoniya, Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, hətta Ermənistan və Gürcüstan ərazini vuracaq. Moskvanın yaxınlığına qədər yayılacaq, Türkiyənin Ankara və İstanbul şəhərlərini də əhatə edəcək. İlkin modeldə radiasiya dalğasının Azərbaycan sərhədlərinə kimi çatacağı qeyd olunub. Lakin hər hansı bir orta güclü külək radiasiyanı Azərbaycan ərazisinə də yaya bilər.
Buna əl atıla bilərmi?
Eyni zamanda, Aleksandr Xarçenko Zaporojye AES-in nüvə təhlükəsi həddinə gətiriləcək şəkildə partladılacağı ssenarisini inandırıcı saymır. O, AES-in personalının evakuasiyasını Ukrayna ordusunun irəliləməsi və ərazinin işğaldan azad edilməsinin qaçılmaz olması ssenarisi ilə əlaqləndirir.
Real təhlükə, yoxsa danışıqlar üçün arqument?
Bir insandan sizə sərf edəni necə əldə etmək olar? Ondan xahiş etməklə. Alınmasa, onu şirnikləndirməklə. Əgər bu variant da alınmasa, ən etibarlı variant olan qorxutmaqla. Elə bir vəziyyət yaradılmalıdır ki, qarşı tərəf mümkün nəticələrdən qorxaraq, sənin dediyinə əməl etsin. Buna, “təhlükə yaratmaq” deyilir.
Rusiya Ukrayna müharibəsində bir neçə dəfə bundan istifadə edib. Sonuncu dəfə Kaxovsk su anbarının partladılması ssenarisi həyata keçirilib. İndi isə Zaporojye AES ssenarisi oynanılır.
Bu dəhşətli ssenari reallaşacaqmı? Mümkün və arzuolunandır ki, son 70 ildə olduğu kimi, nüvə təhdidi elə təhdid səviyyəsində də qalacaq.
Amma ən pis ssenarini də unutmaq olmaz...
Press Klub