Logo
news content
User
Kateqoriyalar

Analitika

COVİD-lə vidalaşırıq?

Son vaxtlar koronavirusa yoluxanların statistikasına nəzər salsaq, yoluxanların sayında kəskin azalmanın olduğunu görə bilərik. Belə ki, 15 iyun tarixində Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə vəfat edib.

Mütəxəssislər yoluxma sayındakı azalmanın səbəblərindən biri kimi vaksinasiyanı önə çəkilər. Belə ki, dünən Azərbaycanda koronavirus (COVID-19) əleyhinə 22 976 peyvənd vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci mərhələ üzrə peyvənd olunanların sayı 16 531, ikinci mərhələ üzrə olunanların sayı 6 445 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 839 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 859 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 979 837 təşkil edir.

Bəs, yoluxma sayındakı azalma və vaksinasiyanın artması virusun ölkəmizi tezliklə tərk edəcəyini söyləməyə əsas verirmi?

Həkim-farmokoloq Müşfiq Hüseynov “Press Klub”a şərhində COVİD-19-un iyulun ortalarına yaxın bitməsinin əvvəlcədən də proqnozlaşdırılmış bir vəziyyət olduğunu söylədi:

“Bunu dəfələrlə demişik. “Payızda nə olacaq” sualını versəniz, deyərdim ki, payızda yoluxma sayının artması tamamən peyvəndə bağlı olan bir məsələdir. Peyvəndləmə nə qədər sürətlə getsə, nə qədər əhalinin böyük hissəsi peyvəndlənsə, o zaman payızı daha rahat qarşılayarıq”.

Hind ştammı və digər ştammların yayılmasına gəldikdə, həkim bu faktları təsdiqlədi:

“Bəli, yeni-yeni ştammlar yaranır, Hindistan ştammı da onlardan biridir. Yeni ştammların ölkəmizə təsirinin olub-olmayacağını indidən demək çətindir. Məntiqlə, yeni bir dalğa gözləmirəm, amma olacaqsa, fikrimcə, oktyabr-noyabr aylarında sayca kiçik artım mümkündür, bundan narahat olmağa dəyməz. Hələ indiyə kimi, tarix boyu dördüncü dalğa olmayıb. Bu, elmə tamamən yad bir haldır. Bundan sonra sərt karantin rejimi və qapanmalara ehtiyac olmamalıdır. Çünki bu sürətlə vaksinasiya davam edəcəksə, xüsusilə də “Pfizer” peyvəndinin ölkəmizə gətirildiyini nəzərə alsaq, oktyabr-noyabr aylarında elə bir ciddi çətinliyin olacağını gözləmirəm”.

Həkim Hindistan ştammının ölkəmizə gəlib çıxacağına inanmır:

“Hindistan ştammının ölkəmizə gələcəyini gözləmirəm. Əgər gələcəksə, bu, elm və mikrobiologiya xaricində bir hal olacaq. Bu da COVİD-19 haqqında yazılan-pozulanların hamısına əlavə bir stimul vermiş olacaq. Dördüncü dalğa olmamalıdır. Əgər olarsa, o zaman bir daha bu barədə danışa bilərik”.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə “Press Klub”a açıqlamasında gündəlik statistik rəqəmlərə əsasən yoluxmaların həqiqətən azaldığını vurğuladı:

“Biz gündəlik xəstələr arasında müraciət edənlərin sayından da hiss edirik ki, həqiqətən son həftələrdə xəstə sayında azalma müşahidə edilir. Bunun səbəbi isə karantin tədbirlərinin tətbiq edilməsi oldu. Təbii ki, artıq həmin tədbirlər yumşaldılıb. Digər tərəfdən, təqribən iki milyon insanın vaksinasiyaya cəlb olunması da öz təsirini göstərdi. Bu tədbirlər kompleks şəkildə yoluxmaların azalmasına gətirib çıxardı. Hazırda yoluxma statistikasındakı rəqəmlər iyirmilərin arasında dəyişir. Bunlar elə də böyük rəqəmlər deyil. Epidemioloji vəziyyət tam nəzarət altındadır”.

İnfeksionist bir nüansı unutmamağı da tövsiyə edir:

“Gündəlik 25-27 nəfər arası yoluxma varsa, deməli, infeksiya ocaqları hələ də var. Deməli, hələ də xəstələr var ki, insanlar da yoluxur. Ona görə də, biz deyə bilmərik ki, ölkəmizdə artıq koronavirus müşahidə edilmir. Deməli, 25 nəfər zərurət yarandığı üçün tes verib, özlərini yoxlatdırıblar. Yalnız onu deyə bilərəm ki, yoluxmalar kəskin şəkildə azalıb”.

Hindistan variantına gəldikdə isə V.Cavadzadə xatırlatdı ki, koronavirusun çoxlu mutasiyaları və formaları var: 

“Həmin ştammların ölkəmizə daxil olması ehtimalına gəlincə, bunun hava-damcı infeksiyası olduğunu unutmamalıyıq. Təbii ki, yoluxmanın azalmasına baxmayaraq, ölkəmizə hər hansı ştamm gələ bilər. Məsələn, Çində virus baş qaldıranda, çox insan deyirdi ki, Azərbaycana gəlib çıxa bilməz, biz onlardan çox uzaqdayıq. İki ay keçmədi ki, bizim ölkəmizdə də müşahidə edildi. Amma dünya ölkələrinə baxdıqda, görürük ki, yalnız ölkəmizdə deyil, bütün dünyada yoluxmalar artıq azalmağa doğru gedir. Bu cür davam etsə, hesab edirəm ki, bütün dünya yaxın həftələrdə pandemik vəziyyətdən çıxa bilər”.

İnfeksionist Nicat Əzimli də “Press Klub”a açıqlamasında hazırkı vəziyyəti qənaətbəxş qiymətləndirdi:

“Həqiqətən də xəstə sayında azalma var. Bunun davamlı olmasına ümid edirik. Hindistan varianti ilə bağlı müxtəlif fikirlər deyilir, lakin son məlumatlara əsasən,  vaksinlər bu varianta qarşı da effektivdir. Dördüncü dalğanın yaranmasına tək bu variant deyil, digərləri də səbəb ola bilər. Qonşu ölkələrdə aşkarlandığını nəzərə alsaq, ölkəmizə gəlməsi labüddür. Bundan qorxmaq lazım deyil, sadəcə, hazır olmaqda fayda var. Dediyim kimi, vaksinasiya burda çox önəmlidir”.

Ülviyyə Şahin