Logo
news content
User
Kateqoriyalar

Analitika

Çovdarov azadlıqda, Yaqublu məhbəsdə...

Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı əfv sərəncamı birmənalı qarşılanmadı. Yaşı 65 və daha çox olan məhkumların azadlığa buraxılması baxımından sərəncam humanist addım kimi qiymətləndirilsə də, onun cəzalarının heç yarısını çəkməmiş keçmiş MTN generallarına şamil olunması müxtəlif müzakirələrə səbəb oldu. Xüsusən, həbsinə qədər də adı bir çox ictimai-siyasi fəallara qarşı təqib və təzyiqlərdə hallanan Akif Çovdarovun əfv olunmasına görə tənqidi fikirlər səsləndi.

Keçmiş MTN generalı, nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş A.Çovdarovun 67 yaşı var. 2015-ci ilin oktyabrında MTN-də keçirilən xüsusi əməliyyat nəticəsində 20-yə yaxın vəzifəli şəxs həbs olunsa da, onların arasında A.Çovdarov yox idi. O, bir ay sonra həbs edildi.

Çovdarov adamların pullarını almaq, daşınmaz əmlaklarını ələ keçirmək üçün onların özlərini və ya yaxınlarını MTN-ə gətirdib işgəncə verməkdən tutmuş, qanunsuz dinləmələr, əməliyyatların keçirilməsi və agentura üçün ayrılan vəsaitlərin mənimsənilməsinə qədər müxtəlif əməllərdə ittiham olunurdu. Bakı Hərbi Məhkəməsi onu Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrumetmə), 179 (mənimsəmə), 182 (hədə-qorxu ilə tələbetmə), 341 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) və başqa maddələrlə təqsirli bilib, 12 il həbs cəzası kəsmişdi. Hökmdə A.Çovdarovun təxminən 30 milyonluq əmlakının müsadirəsi, onun general rütbəsindən məhrum edilməsi də əksini tapmışdı.

Cinayət işinin materiallarında “8-ci kilometr bazarı”nın sahibi olan Səfərov qardaşlarının MTN-ə gətirdilib, ticarət mərkəzinin onların əlindən alınaraq Akif Çovdarovla keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov arasında bölüşdürülməsi (səhmlərin yarısı Çovdarovun qızının, qalan 50 faizi də Əsədovun xanımının adına keçirilib); “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan 3 milyon manat alınması və başqa onlarla cinayət epizodu var.

Amma A.Çovdarov özünü təqsirli bilmir və ittihamda yazılanlarla da razılaşmırdı. O, haqqındakı hökmdən apellyasiya versə də, nəticə dəyişməmişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdı. Sabiq MTN generalı Ali Məhkəməyə də kassasiya şikayəti vermişdi. O, şikayətini iki dəfə geri götürüb və sonra fikrini dəyişərək, yenidən Ali Məhkəməyə müraciət edib. Həm A.Çovdarovun, həm də əfv sərəncamı nəticəsində onunla birlikdə azadlığa buraxılan başqa bir sabiq MTN generalı – nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun işi hazırda Ali Məhkəmənin icraatındadır. Onların hər ikisi bəraət istəyir. S.Qurbanov da bənzər ittihamlarla 14 il azadlıqdan məhrum edilib.

Keçmiş MTN generalları da daxil olmaqla, 176 nəfərə şamil olunan əfv sərəncamında qeyd olunub ki, dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılmasıyla əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumların özlərinin, ailə üzvlərinin prezidentə ünvanlanmış əfv müraciətlərinə baxılıb. Məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları da nəzərə alınıb.

Prezidentin 18 iyul 2001-ci il tarixli, 538 nömrəli Fərmanı ilə təsdiqlənmiş Əfvetmə haqqında Əsasnamənin 8.3 hissəsində yazılıb ki, “ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs cəzasının ən azı yarısını çəkəndən sonra” əfv üçün müraciət edə bilər. Keçmiş MTN-çilər də ağır və xüsusilə ağır cinayətlərdə təqsirli bilinib cəzalandırılmışdılar. A.Çovdarovun cəzasının yarısı 2021-ci ilin, S.Qurbanovunku isə 2022-ci ilin sonunda tamamlanacaqdı.

Ələsgər Məmmədli: “Kimi əfv etmək prezidentin müstəsna səlahiyyətidir”

Hüquqşünas-ekspert Ələsgər Məmmədli deyir ki, əfv üçün müraciət etmək istəyən şəxslərlə bağlı tələblər var. Məsələn, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilənlər cəzanın ən azı üçdə bir hissəsini çəkəndən sonra; ömürlük həbsə məhkum edilənlər 10 il sonra və s. Amma kimi əfv etmək məsələsi isə prezidentin müstəsna səlahiyyətində olan məsələdir: “Yəni qanuna görə, kimin müraciət hüququ yaranıbsa, əfv üçün o adamlar müraciət edə bilər. Amma əfvetmə prezidentin müstəsna səlahiyyətinə aid məsələ olduğundan, hətta ona müraciət edilmədən də kimlərisə əfv edə bilər. Əgər 65 yaşdan yuxarı hər kəsə şamil olunacaq humanist addımdan söhbət getsəydi, bu, amnistiya aktı olardı. İndiki halda, bu əfvdir və kimi əfv etmək də prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Amma eyni situasiyada olanların birinin əfv edilib buraxılması, digərinin isə saxlanması sosial ədalət, bərabərlik hüququ baxımından doğru deyil. Yəni hüquqi baxımdan problem yoxdur, etik baxımdan düz deyil.”

Zərdüşt Əlizadə: “Hakimiyyət qanunların tətbiqində siyasi düşmənçiliyi unutmur”

Politoloq Zərdüşt Əlizadə isə Azərbaycandakı siyasi hakimiyyətin insanlara “özümüzünkülər və başqaları” prinsipi ilə yanaşdığını düşünür. Onun sözlərinə görə, qayda-qanunlar bu prinsiplə tətbiq edili və bu gün Çovdarovun azadlıqda, Tofiq Yaqublunun isə həbsdə olması da belə yanaşmanın nəticəsidir:

“Belə bir deyim var, “dostlarıma hər şey, düşmənlərimə qanun”. Bunu Putin haqqında deyirlər. Bizdə də eynilə belədir. Çovdarovun qatı cinayətkar olduğu, qara işlərdə rolu hələ vəzifədə olanda da məlum idi. Sonradan qüvvəyə minmiş məhkəmə hökmləriylə də təsdiqləndi. Amma onu buraxırlar, çünki sosial, sinfi baxımdan yaxındır. Amma Tofiq Yaqublunu həbs edirlər ki, vintaçanla kimisə vurmusan, sinəsini cızmısan. Hətta bir anlıq fərz eləsək ki, belə bir hadisə olub, buna görə adamı uzunmüddətli həbsə göndərərlərmi? Yox. Amma Tofiqi göndərirlər. Çünki sinfi baxımdan yaddır bunlara...”

Z.Əlizadə vurğulayır ki, aprelin 9-da AXCP üzvlərinin karantin rejimini pozmaqda günahlandırılaraq, hər birinin 30 sutka həbsə göndərilməsinin özü də sinfi fərqin nəticəsidir. Yada salır ki, karantin rejiminin pozulmasına görə qanunda cərimə və ya 30 günə qədər həbs nəzərdə tutulub: “Amma bu adamlara ən ağır cəzanı - 30 sutka həbsi verirlər. Yenə də sinfi yadlıq, düşmənçilik. Hakimiyyətimiz qanunun tətbiqində siyasi düşmənçiliyini unutmur. Bu da ictimai ədalətdən, qanuna hörmətdən uzaqlığın sübutudur”.

İlham İsmayıl: “Çovdarov və digərləri o əməlləri təkbaşına, xəbərsiz törətməyib”

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl hesab edir ki, keçmiş MTN rəhbərliyi, o cümlədən A.Çovdarovun əməllərindən təkcə özləri yox, başqaları da faydalanıb. O adamlar da azadlıqda, yüksək vəzifədədir. İ.İsmayıl əmindir ki, Çovdarov və digərləri o əməlləri təkbaşına, xəbərsiz törətməyib: “Elə bu səbəbdən də o adamları həbsdə saxlaya bilmirlər”.

İ.İsmayıl vurğulayır ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu da bu üzdən cəzalandıra bilmədilər.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyatdan sonra 20-dən çox adam həbs olunsa da, həbsdə cəmi 7 nəfər qalıb. Həbs olunanlar arasında E.Mahmudovun əmisi oğlu, nazir olduğu dövrdə onun köməkçisi işləmiş Vüqar Mahmudov da vardı. Onu da məhkəmə zalından azadlığa buraxdılar.