
Suriya və İsrail Bakıda birbaşa danışıqlar aparacaq
13 İyul 2025
Azərbaycan Suriya və İsrail arasında birbaşa danışıqlar üçün platforma təmin edəcək.
Bu barədə AFP agentliyi suriyalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, iki ölkənin nümayəndə heyətləri Bakıda birbaşa danışıqlar aparacaq. Nümayəndə heyətlərinin tərkibinə iki ölkənin rəsmiləri daxil olacaq.
Suriya lideri Əhməd Əl-Şaraanın özü görüşdə iştirak etməyəcək. Danışıqlar "İsrailin Suriyada hərbi mövcudluğu" üzərində cəmləşəcək.
Danışıqların tarixi və gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa dünən elan edilməmiş səfərlə Bakıya gəlib. Bu, siyasətçinin Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə dar və geniş tərkibdə danışıqlar aparılıb.