Çin və Azərbaycanı birləşdirən əsas məsələ - TƏHLİL
Bakı dünyanın iki supergücündən biri ilə necə və niyə tərəfdaş oldu?
06 İyul 2024
Bu, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də yazılıb.
Sənədə göz gəzdirərkən diqqətçəkən ilk məqam onun qətiyyətli və konkret dildə yazıldığı, yayğın ifadələrdən mümkün qədər istifadə olunmamasıdır.
Tərəflər razılaşıblar ki, bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.
Bəyannamədə əsas müddəalardan biri ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyin təsdiq olunmasıdır. “Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir”, - sənəddə qeyd olunur.