Logo
news content
User
Kateqoriyalar

Analitika

CƏHƏNNƏMİN İNSTALYASİYASI

Müəllif: Arif Əliyev (fotolar müəllifindir)

Heç nə qalmayıb: nə şəhər, nə kənd, nə ev, nə məzarlıq. Vəhşiləşmiş pişiklər və çolaq itlərdən savayı canlı gözə dəymir. Məbədlər murdarlanıb, abidələr dağıdılıb, qəbirlər eşilib, nə varsa, gorlardakı sümüklərə qədər, aparlıb. Çaylar quruyub, gölləri qamış basıb, bağlar yanıb.

Düzənliklərin sinəsi ağır texnikanın gözə görünmədən hərəkət edə bilməsi üçün dərin səngərlərlə şırımlanıb, çəmənliklər tankların-topların gizlədilməsi üçün kvadrat çalalara doğranıb. Uzaqlarda başıqarlı dağlar ucalır, yaxınlarda yerdən yalnız brustverlər, dotlar və dzotlar boy verir...

Altı avtobusu doldurmuş media nümayəndələrinin çoxu Ağdama jurnalist kimi gəlməyib. Onlar düşmənin 28 il əvvəl işğal etdiyi və özününküləşdirməyə çalışdığı doğma yurdlarına qayıdıblar. Bu ağır faciə 1993-cü ilin iyulunda baş verib. O zaman ölkədə ara qarışmışdı, Gəncədə qiyam qalxmışdı, Bakıda hakimiyyət uğrunda qızğın mübarizə gedirdi və Azərbaycan ordusunun hissələri bu mübarizədə öz sözünü demək üçün paytaxta üz tutmuşdular. Erməni belə fürsəti əldən verməmişdi. 

Bilmirdim ki, mediamızda bu qədər ağdamlı var. Onlar sağa-sola boylanır, gözləri ilə doğulub böyüdükləri evlərinin qalıqlarını axtarırlar. Bəziləri yalnız özlərinə məlum olan hansısa əlamətlərə görə evlərini tapırlar, amma ora heç kimi buraxmırlar: torpağın üstü xarabalıq, altı minalardır. Bizə qırmızı bayraqları keçmək, lentlərlə haşiyələnmiş dəhlizdən kənara çıxmaq qadağan olunub. O tərəfdə ölüm marığa yatıb.

“Azərbaycan tərəfin dəfələrlə müraciət etməsinə baxmayaraq, Ermənistan minalanmış sahələrin xəritəsini vermir, deyir, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda bu barədə heç nə yoxdur”, - hərbi nazirliyin nümayəndəsi vəziyyəti izah edir. Səsinin tonundan görünür ki, biz onun hərəkətimizi məhdudlaşdırmağa məcbur olduqlarına görə üzrxahlıq etdiyi birinci qrup deyilik. Ermənilər Ağdam torpaqlarını tərk edəndə minatəmizləyənlərə uzun illər üçün iş qoyub gediblər. Xüsusi forma geymiş əsgərlərin təhlükəli ərazidə necə yavaş-yavaş irəlilədiklərinə baxmağa adamın hövsələsi də çatmır. Buna “addım-addım” demək böyük şişirtmə olar... 

Başım karvanımızı müşayiət edən hərbçilərdən biri ilə söhbətə qarışdığından, mən keçmiş dəmir yolu xətti ətrafından yığılmış minaların məhz bizə nümayiş etdirmək məqsədi ilə “nümunəvi” partladılması səhnəsini diqqətdən qaçırdım. Gurultuya diksindim. Bu an nə düşündüyümü təsəvvürünüzə gətirmək çətin olmamalıdı: noyabrın 10-dan bəri Qarabağda 27 dinc sakin, bundan azı iki dəfə artıq hərbçi minaya düşərək ya həyatını itirib, ya şikəst olub. İnsanlar yurdlarına qayıtmağa tələsirlər, hökumətin icazə verilənədək gözləmək barədə xəbərdarlığına məhəl qoymurlar...  

***

Buradan dörd bir yana açılan mənzərə insanın sağlam düşüncəyə inamını sarsıtmağa, onun zaman və məkana münasibətdə psixologiyasını dəyişməyə qadirdir. Mən Cümə məscidinin – bu böyük şəhərdə salamat qalmış yeganə binanın damını nəzərdə tuturam. 

Ağdamı müharibə viran qoymayıb. İşğaldan dərhal sonra şəhərin canına daraşmış  ermənilərin onun yaraşıqlı küçələri ilə gəzişdiklərini, evləri, mağazaları soyduqlarını nümayiş etdirən videokadrlar var. Azərbaycanlıların 250 ilə tikib ölkənin ən gözəl və varlı yaşayış məntəqələrindən birinə çevirdikləri Ağdamı qonşuları 25 ilə daş-daş sökdülər. Apara bilmədiklərini məhv etdilər. Məscidləri tövlələrə çevirdilər, muzeyləri yağmaladılar, Qarabağ xanlığının əsasını qoyanların türbələrini qazdılar. Niyə? Bu torpaqların əsl sahiblərinin izlərini itirmək üçün? Belə çıxır, insan nifrəti zamandan da güclüdür? O, nəinki gələcəyi, keçmişi də dəyişə bilir?

“Azərinform”da, “Molodyoj Azerbaydjana” qəzetində işlədiyim vaxtlar, 1980-ci illərdə tez-tez Qarabağa ezamiyyətə gedirdim. Adətən, Ağdamdan keçirdim. Bu yaşıllıqlar içində üzən, çal-çağırlı, dadlı, bir az da əlləm-qəlləm şəhəri mən çox sevirdim. Bakıda, hətta Moskvada ala bilmədiklərini Ağdamın bazarında asanlıqla axtarıb tapardın. Sonralar, işğal illərində də mənə iki dəfə Qarabağa səfər etmək nəsib oldu. Regional media-layihələr çərçivəsində Laçın/Berdzordan keçib Şuşa/Şuşiyə və Xankəndi/Stepanakertə getdik. Ermənilər nəzarətə götürdükləri bütün Azərbaycan şəhərlərinin adlarını dəyişmişdilər. Hətta bünövrəsinə qədər dağıdılmış, faktiki yer üzündən silinmiş Fizuliyə “Varanda”, Cəbrayıla “Djrakan”, Ağdama “Akna” ayaması vermişdilər. Mən bu “Akna”da da olmağı, orada əvvəlki Ağdamdan nə qaldığını görməyi çox arzulayırdım. Alınmadı: özlərini “yerli hakimiyyət” adlandıranlar icazə vermədilər. İndi isə Cümə məscidinin minarəsindən arzularımın yox olmuş şəhərinə baxır və düşünürəm: “İxtiyarım olsaydı, erməni jurnalistlərini də yığıb Ağdama gətirərdim. Qoy, soydaşlarının əlləri ilə burada yaradılmış cəhənnəm instalyasiyasını öz gözləri ilə görsünlər, bəlkə, zamanı və bizi əhatə edən məkanı başqa cür qavramağı onlar da öyrənərlər…”

Ağdamdan çıxışında bizi avtobusun pəncərəsindən seyr etdiyimiz sonuncu binanın qalıqları yola salır. Maşında onun qəmli zümzüməsini eşitməsəm də, bizə nə anlatmaq istədiyini başa düşürəm və müstəqilliyimizin 30 ilində ilk dəfə belə böyük heyətlə birgə yola çıxmış iqtidar, müxalifət, müstəqil və qeyri-müstəqil jurnalist həmkarlarımın nə düşündüklərini duymağa çalışıram.