Logo
news content
User
Kateqoriyalar

Analitika

Bütün rüsumlar kəskin artırılır
Nazim Bəydəmirli: "Bu, vətəndaşa qarşı hörmətsizlikdir "

Azərbaycan hökuməti bahalaşma qərarları seriyasını davam etdirir. Yaxın günlərdə 266 adda xidmətin rüsumları əhəmiyyətli dərəcədə yüksəldiləcək. Belə ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası bu məsələyə həsr olunub. Toplantıda “Dövlət rüsumu haqqında” qanun layihəsi (birinci oxunuş) və bununla əlaqədar digər qanunlara ediləcək dəyişikliklər müzakirə olunub.

Müzakirələrdən sonra layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən olunur:

- Xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır. 10 iş günündə almaq üçün rüsum 40 manatdan 60 manata, 5 iş günündə almaq üçün 80 manatdan 120 manata, bir iş günü ərzində almağa görə rüsum 160 manatdan 210 manata qaldırılır;

- Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır;

- Nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır;

- Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum 10 manatdan 15 manata qaldırılır;

- Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 22 manatdan 30 manata qaldırılır;

- Avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatdan 30 manata qaldırılır; 

- Sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır; 

- Şəxsi istifadə üçün ölkəyə gətirdiyi mobil telefonların qeydiyyatı üçün yeni rüsumlar tətbiq ediləcək; 

- Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə dövlət rüsumunun dərəcəsi artırılır;

- İpoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır; 

- Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır;

- Səyyar ticarət yerlərinin müəyyən edilməsinə görə dövlət rüsumu Bakı şəhərində 60 manatdan 90 manata qaldırılır; 

- Baytarlıq pasportunun verilməsinə (bir sənəd) görə 20 manat dövlət rüsumu tutulacaq;

- Tikintinin layihəsinin qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır;

- Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları qaldırılır; 

- Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır;

- Gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq;

- Zərgərlik məmulatlarına dair dövlət rüsumları 50 faizdən çox artırılır;

- Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq; 

- Tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat rüsum tutulacaq;

 - Bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır;

- İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2500 manat dövlət rüsumu tutulacaq;

- Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə üçün 50 manat rüsum tutulacaq və s. 

Komitədə aparılan müzakirələr zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib: "Bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə artıq çatmışıq. Bunun daxilində hansısa struktura yenidən baxmaq lazımdırsa, bunu etməyə hazırıq”.

Nazir müavini bildirib ki, dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır: “Onların hər biri üzrə qərar qəbul olunduğu dövrdən bu dövrə qədər olan müddətdə bəzilərində dəfələrlə, bəzilərində isə daha aşağı rüsumlar müəyyən etmişik. Elə hal yoxdur ki, biz inflyasiyadan yüksək rüsum müəyyən edək”.

Maliyyə Nazirliyindən verilən açıqlamada isə bildirib ki, dövlət rüsumlarının artırılmasından il ərzində 100 milyon manat əlavə vəsaiət əldə ediləcək.

Xatırladaq ki, 2021-ci ilin əvvəlindən ölkədə yanacaq, qaz, su, elektrik enerjisi, əmlak alqı-satqı rüsumları kəskin bahalaşdırılıb. Ərzaq və gündəlik tələbat mallarının qiymətlərində də 50 faizə çatan yüksəliş var və bu tendensiya davam edir. 

Prezident İlham Əliyev oktyabrın 16-da imzaladığı sərəncamda Nazirlər Kabinetinə göstəriş verib ki, 2022-ci ilin yanvarından pensiya, müavinət və əmək haqlarının artırlması ilə bağlı təkliflər hazırlasın. Gözlənilir ki, ehtiyac meyarı, minimum maaş və pensiya məbləğləri 20-40 faiz civarında artırılacaq. Müstəqil iqtisadçılar bildirirlər ki, bu tədbirlər əhalinin güzəranına müsbət təsir edə bilər, amma bahalaşma faizlərini kompensasiya edəcək həcmdə deyil.   

İqtisad elmləri doktoru Nazim Bəydəmirli old.old.pressklub.az-a açıqlamasında bildirib ki, "ASAN Xidmət" də daxil olmaqla, dövlət qurumları verdikləri xidmətləri vətəndaşlara maya dəyərindən ciddi fərqlə satmamalıdırlar: "Məsələn, pasportun hazırlanmasının maya dəyəri 2 manatdırsa, onun 20 dəfə baha satılması vətəndaşa hörmətsizlikdir. Bu dövlət qurumlarının hamısı vətəndaşların ödədikləri vergilər hesabına saxlanılır. Dövlət xidmətləri mütləq qaydada maya dəyərinə uyğunlaşdırılmalıdır. Dünyada bu məsələ belə tənzimlənir. Dövlət çalışmalıdır ki, vətəndaşa verdiyi xidmətlər pusuz olsun, ancaq bizdə kommersiya alətinə çevrilib. Təbii ki, elə xidmətlər var, onu ancaq dövlət orqanları verə bilər. Təxminən 30 faiz marja nəzərə alına bilər, bundan artıq gəlir götürmək yolverilməzdir".   

N. Bəydəmirlinin sözlərinə görə, ölkədə normal, seçilmiş Milli Məclis olsaydı, hökumət "asan qazanc" yeri kimi vətəndaşın son qəpiyinə göz dikməzdi, hər hansı bir xidmətin rüsumunun artırılması zərurəti yarandığı an cəmiyyətə hesabat verərdi, artımın əsaslandırılması olardı. "Bu yoxdursa, deməli seçicini, vətəndaşı sayıb hesaba alan da yoxdur", - deyə iqtisadçı vurğulayıb.

Turqut