Logo
news content
User
Kateqoriyalar

Analitika

Bütün bunlar sülh müqaviləsini imzalamamaq üçün bəhanədir
Ekspert hesab edir ki, sülh müqaviləsinin imzalanması tərəflərin heç birinin planına daxil deyil

Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişinin əsas şərti kimi Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı Azərbaycanın tələbini qəti şəkildə rədd edib. Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını iddia edib və vurğulayıb ki, Bakının təzyiqi ilə konstitusiya dəyişikliklərinə baxılmır.

“Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur. Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad ancaq Konstitusiyanın özündə əks olunan müddəalarına aiddir”, - Paşinyan X sosial şəbəkəsindəki hesabında yazıb.

Bəyanat, “xarici təsirlər altında ölkənin əsas qanununa yenidən baxılmasına” qarşı çıxan erməni müxalifət qruplarının mövqeyi və ictimai əhval-ruhiyyə ilə üst-üstə düşür.

Problemin kökü 1990-cı ildə qəbul edilən Ermənistanın Müstəqillik Bəyannaməsinə gedib çıxır. Orada “miatsum” – Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi anlayışı yer alır. Bu bəyannamə sonralar fundamental prinsip kimi Ermənistanın postsovet konstitusiyasına daxil edilib.

Öz növbəsində Paşinyan bundan əvvəl Azərbaycan Konstitusiyasını tənqid edərək, orada Ermənistana qarşı üstüörtülü ərazi iddialarının olduğunu iddia edib. O, tərkibinə Zəngəzur və müasir Ermənistanın şimal rayonlarının daxil olduğu 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətini (ADR) xatırladıb. Həmin dövrdə ADR-in ərazisi 113 895,97 kv. km əhatə edib. Lakin ADR-in 1920-ci il aprelin 27-də süqutundan sonra Sovet Rusiyası yeni yaradılmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisini 86,6 min kvadratmetrə qədər azaldıb və Azərbaycanı 27200 kv. km əraziyə nəzarətdən məhrum edilib. Azərbaycan isə 1991-ci ildə müstəqillik əldə etdikdən sonra özünü ADR-in hüquqi varisi elan edib.

Paşinyanın bu mövqeyi sülh müqaviləsinin bağlanması və Azərbaycanın Sovet dövründə Ermənistandan qovulmuş etnik azərbaycanlıların geri qaytarılması ilə bağlı tələbinin həyata keçirilməsini çətinləşdirir. Bu, həm də iki ölkə arasında sərhədin demarkasiyası prosesində irəliləyiş olacağı ilə bağlı şübhələr yaradır.

Dalana dirənmiş bu vəziyyət Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsindən sonra sülh müqaviləsi ilə bağlı danışıqların uğursuzluqla nəticələnə biləcəyi qorxusunu artırır.

Bu qeyri-müəyyən vəziyyət hələ nə qədər davam edə bilər? Axı müharibənin bitməsindən 4 ildən də çox zaman keçib, amma iki qonşu ölkə hələ də öz aralarında heç bir sülh müqaviləsi imzalaya bilmir. Formal nöqteyi-nəzərdən belə çıxır ki, Ermənistanla Azərbaycan hələ də müharibə şəraitindədir.

Şərqi Avropa ölkələri üzrə ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Hesab edirəm ki, tarixdən danışmaq, konstitusiyadan danışmaq, sərhədlərə istinaddan danışmaq əslində çıxış yoldur - hər iki tərəfə sülh müqaviləsini imzalamamaq üçün sərf edir. Çünki bu, məlum səbəblərdən heç bir tərəfin planlarına daxil deyil. Azərbaycan üçün bu razılaşma Ermənistanın təslim olmasının bir forması olmalıdır. Elə bu səbəbdən də müqavilə Ermənistan üçün uyğun deyil”, - ekspert hesab edir.

Onun fikrincə, belə bir şəraitdə Konstitusiyaya istinad prosesi ləngitmək üçün çox əlverişli düsturdur. “Ola bilsin ki, hansısa məqamda azərbaycanlıların Qərbi Azərbaycan adlanan əraziyə qayıdışı və s. də belə bir mövzuya çevrilsin.

Çünki ortada suallar kifayət qədər çoxdur və onlar ümumiyyətlə mövzudan tamamilə uzaqdır. Çünki Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi kifayət qədər qeyri-adidir. Bu məsələnin Ermənistanın özündə Konstitusiya Məhkəməsi səviyyəsində müzakirəsi də elə bir o qədər qəribədir.

Hesab edirəm ki, bütün bu mübahisələr əslində danışıqları ləngitmək üçün vasitədir və prinsipcə sülh müqaviləsi olmadan da yaşamaq mümkündür. Çünki sərhədlərin delimitasiyası, az-çox əhəmiyyəti olan çoxlu müxtəlif kiçik praktiki vacib məsələlər var. Onlar konkretdir və sülh müqaviləsi olmadan həyata keçirilə bilər”, - deyə Dubnov yekunlaşdırıb.

Rauf Orucov