Logo
news content
User
Kateqoriyalar

Analitika

Bulvar fəlakəti: Sumqayıtın yaralı yerindən REPORTAJ
7 il əvvəl yaradılmış istirahət zonası indi dənizdən uzaq düşüb, üfunət məskəninə çevrilib

“Gələcəyimiz məhv olur. Dənizin quruması, suyun çirklənməsi, üfunət... bunlar hamısı  bizi, əlbəttə, narahat edir. İnsanlar istirahət etmək üçün şəhərin ən gözəl yerlərindən olan dənizkənarı bulvara gəlir, burada isə bax, bu cür pis qoxu dincəlməyə imkan vermir. Sahibkarlar öz maraqlarını nəzərə alıb, restoranları dənizin lap kənarında tikirlər, amma o obyektlərin tullantıları da dənizə atılır axı. Həm gözəllik pozulur, həm də dəniz çirklənir. Yəni, necə deyərlər, aysberqin görünən tərəfi gözəl ola bilər, amma görünməyən tərəfi çox təhlükəli və zərərlidir”.

Sumqayıt sakini Şəhla Əlizadə bu sözləri deyib, yanında gələn həyat yoldaşına tərəf çevrilir:

- Düz demirəm?

- Ay yaşa, lap ürəyimi oxudun. Amma icazə versəniz, yoldaşımın fikrinə bir az əlavə etmək istəyirəm. Ötən gün bir hadisə ilə qarşılaşdım, çox məyus oldum. Xaricdən qonaqlarımız gəlmişdi. Dedilər ki, şəhərinizdəki gəzməli-görməli bir yerə getmək istəyirik. Gətirdik Sumqayıtın ən gözəl və geniş parkı olan Dənizkənarı Bulvara. Gəldiyimizə peşman olduq. Qonaqlarımız əlləri ilə burunlarını tutub, qoxuya dözə bilmədiklərini, getmək istədiklərini dedilər. Bax, həmin əcnəbilərin nəzərində Sumqayıt pinti, natəmiz şəhər kimi qaldı. Parkın görünüşü nə qədər gözoxşayan olsa da, bu qoxu bütün gözəlliyi öldürür. 

Həmsöhbətimiz Yaqub Əlizadə aidiyyəti qurumların bu işə bir əncam çəkməyini, insanların rahatlığını təmin etməyə borclu olduqlarını dedi.

***

Son zamanlarda Sumqayıt Bulvarında yaranmış xoşagəlməz vəziyyət barədə reportajımızı başqa bir sakinin rəyi ilə davam etdiririk. Şəhər sakini Simranə Məmmədova hesab edir ki, bulvardakı xoşagəlməz qoxunun səbəbi ətrafda olan restoranların kanalizasiya sularının dənizə buraxılmasıdır: “Aidiyyəti qurumlar nəzarət etmədiyinə görə özbaşınalıq yaranır, axırda da zərər çəkən sakinlər olur. Dənizin quruması da təbii hadisədir. Atmosferdə baş verən hadisələr dənizə də təsir edir, bu, təzə bir şey deyil, illər əvvəl dəniz indiki bulvarın yarısından çoxunu əhatə edirdi. Çəkilə-çəkilə indiki səviyyəyə düşüb”. 

Xüsusilə yay mövsümündə parkda istirahət etmək istəyən insanlar qoxuya görə istirahətlərini yarımçıq qoyur, bəziləri nisbətən daha az qoxu gələn səmtə getməli olurlar. Bu isə piyada gəzən yaşlılar və hamilə qadınlar üçün artıq əziyyətdir. Bu insanlar nə vaxt rahatlıqla dincələ biləcəklər? 

Skamyada oturan yaşlı kişi diqqətimi çəkdi. Açıq havada maska taxıb oturmuşdu. Yaxınlaşıb, bunun səbəbini soruşdum. Vidadi babanın ürəyi dolu imiş:

- Neyləyim bala, evdə maskasız oturub darıxmaqdansa, parkda maska ilə oturub insanlara baxıram, söhbət edib, eynimi açıram. Parkın o başına getmək uzun məsələdir. Mən bu çəliklə ora gedənəcən səhər açılar (gülümsəyir). Bax, mənim günüm belədir, bilinmir, istirahət edirəm, yoxsa əziyyət çəkirəm. Ümidvaram ki, burada ürəklə və maskasız dincəldiyim günü də görərəm. 

Sakinlərin bu şikayətlərindən sonra problemin səbəbləri, aradan qaldırılması yolları, ümumiyyətlə, Sumqayıt Bulvarındakı vəziyyətlə bağlı dövlət qurumlarının və mütəxəssislərin rəyini öyrəndik. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, Su Ehtiyatlarının İdarə Edilməsi üzrə Mütəxəssislər Birliyinin idarə heyətinin sədri Amin Məmmədov old.pressklub.az-ın sualına cavab olaraq deyir ki, bulvar ərazisindən pis qoxunun gəlməsi Xəzər dənizində suyun səviyyəsinin düşməsi ilə əlaqəli deyil. 

“Sahilyanı zonada müəyyən ərazilərdə suyun qeyri-qanuni formada, təmizlənmədən birbaşa dənizə axıdılması hallarına rast gəlinir. Əsasən, kanalizator sistemi olan yerlərə axıdılması tələb olunur, amma bəzən bu qaydalara riayət etmirlər. Sumqayıt şəhərində də belə halların olduğunu eşitmişəm. Əslində kanalizasiya boruları o tullantıları təmizləyici qurğulara ötürür. Bununla bağlı dövlət qurumları, əsasən Azərsu ASC su kanalizasiya şəbəkəsinə nəzarət edir. İctimaiyyət nümayəndələri belə hallarla qarşılaşdıqda ya Ekologiya Nazirliyinin qaynar xəttinə, ya da Azərsu ASC-yə müraciət edib, məlumat verə bilərlər. Bu müraciət əsasında Azərsu ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təhlükəsizlik xidmətinin əməkdaşları ərazidə monitorinq aparıb, bu halı təsdiqləsə, pis qoxunun yaranmasına səbəb olan fiziki və ya hüquqi şəxsi cərimələmək və ya başqa tədbir görmək səlahiyyətinə malikdir. Problemin aradan qaldırılması üçün dövlət üzərinə düşən işi görür, mütəmadi nəzarət edilir. Lakin nəzarətdən kənar ərazilərdə belə hallar baş verə bilər, belə hallarda ictimaiyyətin fəal olması lazımdır. Restoranlar icazə almadan tullantılarını dənizə tökürsə və Azərsu ASC bundan xəbərdardırsa, Ekologiya və Təbii Sərvətlər nazirliyinə xəbər vermək borcudur. Bu halı görüb, susduqları halda, vəzifələrini icra etməmiş olurlar” – Amin Məmmədov bildirdi.

Əlbəttə, belə mövzularda ictimaiyyətin fəal olması lazımdır. Lakin bəzi insanlar nədənsə, tənbəllik edirlər. Nəticədə isə yük yenə də hamının hər zaman qınadığı medianın üzərinə düşür.

Məsələnin başqa tərəfi dənizin səviyyəsinin aşağı düşməsi və bu səbəbdən də sahilyanı obyektlərin, təbii olaraq, əlverişsiz texniki vəziyyətdə qalmalarıdır. Yəni, bir neçə il əvvəl suyun tam üzərində inşa edilmiş iaşə obyekti indi quruda qalıb. Əvvəl suyun altında çəkilmiş borular, digər axıtma xətləri indi açıq havadadır. Bu cür obyektlər dənizin çirklənməsinə və pis qoxu yaranmasına səbəb olsalar da, təbii ki, dənizin qurumasının səbəbkarı deyillər. 

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etdik. Nazirin müşaviri Rasim Səttarzadə old.pressklub.az-a açıqlamasında dedi ki, qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsinin düşməsi təbii haldır və illərdir bu hadisə baş verir: “1977-ci ildə dənizin səviyyəsi 20-ci əsrin ən aşağı səviyyəsi olub. 1977-1995-ci illərdə səviyyə 2.5 metr artmışdı. 1995-ci ildən başlayaraq, yenə azalma müşahidə olunurdu, amma 2000-ci ilin əvvəllərində artmağa başladı. 2005-ci ildən sonra dənizin səviyyəsi, 2015-2017-ci illərdə nisbətən stabil qalmaqla, daim aşağı düşür. Amma deyək ki, indiki səviyyə 1977-ci ildəki aşağı səviyyəyə çatmayıb. Bunun da əsas səbəbi, dənizin su hövzəsinin iqlimi və hidroloji şərait, dənizi qidalandıran çayların sululuğudur. İqlim dəyişmələri nəticəsində yağıntıların azalması, temperatur artımı, buxarlanmanın artması və s. səviyyənin düşməsinə səbəb olan amillərdir”.

Dənizin çəkilməsinin səbəbləri aydın oldu. Bu, bizim, yaxud hansısa dövlət qurumunun aradan qaldıracağı problem deyil. Amma bizim, yəni sakinlərin, sahibkarların və müvafiq qurumların həll edə biləcəyimiz problemlər var. Məlum oldu ki, Sumqayıt bulvarındakı xoşagəlməz qoxunun mənbəyi dənizə axıdılan kanalizasiya suları və bəzi restoranların tullantılarının təmizlənmədən dənizə buraxılmasıdır. 

Həmsöhbətimiz olan sakinlər və ekspert bu məqamda məsuliyyətin Azərsu ASC-nin üzərinə düşdüyünü deyirlər. Maraqlıdır, Azərsu ASC bu problemin həlli üçün çalışırmı? Çalışırsa, niyə hələ də həll olunmayıb? 

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qurumun bu məsələ ilə bağlı xeyli işlər gördüyünü dedi. 

- Sumqayıtın park ərazisindən dənizə axıdılan bütün xətləri kollektora yönəltmişik və orada təmizlənib, kənarlaşdırılır. Amma obyektlərin tullantını dənizə birbaşa axıtmaması ilə bağlı Azərsu ASC-nin heç bir öhdəliyi yoxdur ki, onları tullantını bizim kollektorlara axıtmağa məcbur edək. Onlar yalnız bizə texniki şərtlə bağlı müraciət edə, həmin texniki şərt əsasında öz çirkab sularını bizim xəttə yönəldə bilərlər. Bunu etmək istəmirlərsə, bizim onları məcbur etmək səlahiyyətimiz yoxdur. Ona görə də Azərsu ASC-nin həmin ictimai iaşə obyektlərinin kanalizasiya sularının axıdılmasında heç bir öhdəliyi yoxdur.

***

Sumqayıt dənizkənarı bulvarı yarananda mənim 14 yaşım vardı. Şəhərimizin bu yeni və gözəl səmtində qayğısız, sevinclə atılıb-düşən uşaqlardan biriydim. O vaxtdan bəri Bulvar bizim əylənmək üçün ən yaxın, əlçatan və yenicə yaranmış tarixi ilə bağlı xatirələrimiz olan məkana çevrilmişdi. İllər keçib, parkın görüntüsü hələ də gözəldir, lakin pis qoxuya görə burada əvvəlkitək rahat və bol istirahət etmək olmur. O zamanlar park ərazisində açılan hər yeni obyektə, restorana görə sevinirdik, lakin get-gedə bu sevincimizi məyusluq hissi əvəzlədi. İndi həmin obyektlər bulvarın həm estetikasını, həm də ekologiyasını pozur.  

Zamanla parkdakı ağaclar kəsilir, yerinə restoran tikilirdi. Dənizin sahilində tikilən hər gözəl görüntülü restoran indi o gözəlliyi korlayır. Əvvəllər dənizin dalğalarını izləyib, suyun ecazkar qoxusunu içimə çəkərək dincəldiyim yerdən indi burnumu tutub qaçıram. Yaxşı olar ki, hər kəs təbiətin gözəlliyinin, təmizliyinin qeydinə qalsın. Niyə qalmırıq, bu da ayrı yazının mövzusudur. Ümid edək ki, Sumqayıt Bulvarının əvvəlki gözəlliyi, təmizliyi ən yaxın zamanda bərpa olunacaq, bizim üçün uşaqlıq xatirələrinin məkanı həm də sakinlər üçün yenidən əsl istirahət guşəsinə çevriləcək.

Günay Elşən

Fotolar müəllifindir