Logo
news content
User
Kateqoriyalar

Analitika

“Bu, Kreml qarşısında utancverici şəkildə əyilməkdir”
Gürcüstanın hakim partiyası açıq şəkildə Rusiya adlı təcavüzkarın əlinə oynayır

Gürcüstanın hakim partiyası 2008-ci ilin avqustunda bu ölkəyə qarşı təcavüz həyata keçirən Rusiyaya haqq qazandıran bəyanatla çıxış edib. Moskva isə dərhal bundan yararlanmağa çalışıb.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski BMT-nin mənzil-qərargahında keçirdiyi brifinqdə bildirib ki, hər il qərbli həmkarlarının “Saakaşvilinin Cənubi Osetiyaya təcavüzünü müzakirə etməklə bağlı manyak istəyini” müşahidə edirlər.

Mən əlavə şərh verməyəcəyəm. Amma icazənizlə, Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının siyasi şurasının bəyanatından sitat gətirəcəyəm: “Gürcüstan cəmiyyətinin əksər hissəsi haqlı olaraq Saakaşvilinin adekvatlığına şübhə ilə yanaşır. Lakin bu bir həqiqətdir ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri təkcə onun psixi qeyri-sabitliyinin deyil, həm də kənardan verilən göstərişlərin və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi. Ölkəmizdə uzunmüddətli əmin-amanlığın və sabitliyin bərqərar olması üçün açıq məhkəmə prosesinin keçirilməsi həyati əhəmiyyət kəsb edir. Cəmiyyətimiz ölkəmizə və xalqımıza qarşı bu xəyanətkar cinayəti kimin törətdiyini birdəfəlik bilməlidir”.

Qərbli həmkarlarımız sonradan bu kürsüyə çıxaraq baş verənlərlə bağlı sizə yalan danışanda bu sözləri xatırlamağa çalışın”, – Polyanski bildirib.

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili dərhal bu hadisəni dəyərləndirib. Rusiya nümayəndəsinin bəyanatına cavab olaraq Saakaşvili sosial şəbəkədə yazıb: “Dünən BMT-də gördüklərimiz və xüsusilə son günlərdə özünü büruzə verənlər Gürcüstanın çoxəsrlik tarixində ən ağır xəyanətlərdən biridir”. 

Eks-prezidentin sözlərinə görə, bu hadisələr “Gürcü arzusu” rejiminin qovulması üçün açıq siqnaldır.

Hətta işğal olunmuş Fransada Hitlerin oyuncağı olan Vişi hökuməti belə, Birinci Dünya Müharibəsində və İkinci Dünya Müharibəsinin əvvəlində Almaniyaya qarşı vuruşmuş soydaşlarını mühakimə etmək fikrinə düşməmişdi.

Bu cür çirkin, həyasız xəyanət İvanişvilinin yeni icadıdır və Gürcüstanı sevən hər kəsə bu rejimi qovmaq üçün açıq siqnaldır. Əks halda, Gürcüstan dövləti dünya xəritəsindən həmişəlik yox olacaq.

Bu, partiya və ya siyasi məsələ deyil, nə qədər gec deyil, ölkəmiz və ya hər birimizin gələcəyini xilas edə bilməyəcəyimiz bir vəziyyətə düşməyəcəyimizlə bağlı hər bir gürcü və bütövlükdə Gürcüstanın özünüqoruma instinktinin təzahürü haqqında hekayədir”, - Mixail Saakaşvili yazır.

Maraqlıdır, Gürcüstan ictimaiyyətinin özü və ölkənin siyasi partiyaları bu hadisəyə necə reaksiya veriblər? Bəs “Gürcü arzusu” mühüm parlament seçkiləri ərəfəsində bu cür bəyanatlarla öz reputasiyasına zərbə vurmurmu?

Pressklub.az-ın suallarını məşhur gürcü diplomatı və analitiki Mamuka Qamkrelidze cavablandırıb.

O, təəssüflə qeyd edib ki, “Gürcü arzusu” bir vaxtlar Ukrayna ilə Aİ arasında assosiasiya sazişini imzalamaqdan imtina edən Yanukoviçin yolu ilə gedir. O zaman hər şey “Maydan hadisələri” ilə yekunlaşdı.

İndi “Gürcü arzusu” faktiki olaraq Gürcüstanın Avropa gələcəyindən imtina edir. Sözdə hələ də Qərb kursuna sadiqliyini bəyan edir, əslində isə Aİ-nin heç bir tövsiyəsinə məhəl qoymur. Əhalinin, qeyri-hökumət təşkilatlarının etirazlarına, eləcə də Qərb tərəfdaşlarının açıq narazılıqlarına baxmayaraq, xarici agentlər haqqında qanunu qəbul etdi. Adi gözlə də görünür ki, “Gürcü arzusu” Kremllə yaxınlaşma yolunu seçib və Qərbdən uzaqlaşmağa başlayıb”, - ekspert bildirib.

O qeyd edir ki, bu baxımdan “Gürcü arzusu” siyasi şurasının bəyanatı kifayət qədər məntiqli görünür. “Bu, 2008-ci il müharibəsinin bütün günahını Gürcüstanın üzərinə atmağa uğursuz cəhd edən Kreml qarşısında utancverici bir şəkildə əyilməkdir.

Rusiya Federasiyası dərhal bu sənəddən istifadə etdi və onu BMT-də Gürcüstanın günahının sübutu kimi təqdim etdi. Öz dövlətinin maraqlarına bundan böyük xəyanət təsəvvür etmək mümkün deyil.

Təəssüf ki, oktyabr seçkiləri siyasi hadisədən çox Gürcüstanın gələcək inkişaf kursu uğrunda mübarizəyə çevrilir. Hamıya aydındır ki, “Gürcü arzusu” hakimiyyətdən mübarizə aparmadan əl çəkməyəcək. Onun bu mübarizədə nə qədər sərt addımlar atacağını ancaq təxmin edə bilərik.

Şəxsən mən qarşıdan gələn seçkilərdə ədalətə, şəffaflığa ümid etmirəm. Hər şeyi xalq və onların Qərb kursunu müdafiə etmək əzmi həll edəcək”, – Qamkrelidze yekunlaşdırıb.

Rauf Orucov