Logo
news content
User
Kateqoriyalar

Analitika

Böyük dəyişiklik ərəfəsində: Rusiyanın təhlükəli Azərbaycan və İran siyasəti
Rauf Mirqədirov: “Əslində İranın ən böyük düşməni Qərb və ya İsrail deyil, Rusiyadır...”

İki ildən çoxdur Ukraynada başlatdığı işğalçı müharibənin ağır fəsadları ilə üz-üzə qalan Rusiya Federasiyası Yaxın Şərqdə, Qafqazda və Orta Asiyada mövqelərini qorumağa çalışır. ABŞ başda olmaqla Qərblə geosiyasi rəqabətin şiddətli mərhələsi başlayıb və Moskvanın əsas hədəflərindən biri mövqelərini qorumaq və Qərbin diqqətini mümkün qədər Ukrayna böhranından diversifikasiya etməkdir. Çünki NATO-nun Vaşinqtonda keçirilən yubiley sammitində verilən qərarlar, Ukraynanın daha geniş imkanlara malik müasir texnika, hücum silahları ilə silahlandırılması, sanksiyalar rejiminin sərtləşdirilməsi Rusiyanın hərbi, iqtisadi imkanlarını tükəndirir. Son aylarda Rusiyanın neft-qaz infrastrukturu ciddi zərbələr alıb, habelə ənənəvi partnyorlarla (Çin, Hindistan) ticarət, hesablaşmalar mürəkkəb vəziyyətə düşüb.

Bu həftə Ukrayna Silahlı Qüvvələrinin bilavasitə Rusiya ərazilərinə hücum edərək Kurs vilayətində böyük əraziləri ələ keçirməsi təsəvvür olunan mənzərəni bir qədər də tündləşdirilib. Kreml administrasiyası tezliklə effektiv tədbirlər görə bilməsə, Ukrayna kampaniyasının əsas təbliğat tezisləri darmadağın ola, Putin hakimiyyəti nüfuzdan düşə və hökumətə qarşı ictimai etirazların yeni dalğaları baş verə bilər. 

Belə bir şəraitdə ictimai diqqəti əsas problemdən yayındırmağın yollarından biri Yaxın Şərqdə baş verən gərginliyə - İsrail-İran qarşıdurmasına yüksək səviyyəli diqqətin ayrılması ola bilərdi. Əlbəttə, İran Ukrayna müharibəsində Rusiyanın əsas müttəfiqlərindən biridir, təklənmiş Tehran rejimini ovundurmaq, mümkün qədər dəstəkləmək Moskvanın regiondakı maraqlarına daxildir. Prezident Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu xüsusi tapşırıqlarla Tehrana, ardınca Bakıya göndərdi. Keçmiş müdafiə nazirinin gözlənilməz Bakı səfəri də maraqlı idi. Çünki bu günlərdə Azərbaycanla Ermənistan arasında sülh razılaşması ilə bağlı çoxdan davam edən müzakirələr bəzi nəticələr verib: tərəflər Zəngəzur nəqliyyat dəhlizinin açılması məsələsini sülh müqaviləsindən çıxarmaq barədə razılığa gəlib, Ermənistan ABŞ hərbçilərini və onlara məxsus silah, texnikaları rusların “Zvartnos” hava limanını tərk etməsindən dərhal sonra ölkəyə gətirib.

Maraqlı məsələlərdən biri hazırda bütün yaxın ətrafı Rusiya İstintaq Komitəsi tərəfindən “dara çəkilən” keçmiş müdafiə nazirinə ölkənin xarici siyasətində əhəmiyyətli bölgələr üzrə xüsusi missiyanın etibar olunmasıdır. Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibidir, amma korrupsiya qalmaqallarının episentrindən yırğalanan keçmiş nazirin ləklənmiş performansı bu vəzifənin də əhəmiyyətini xeyli azaldır...

Siyasi şərhçi Rauf Mirqədirov baş verənləri Pressklub.az-a şərh edərkən maraqlı nüanslara diqqət çəkib. Ekspert hesab edir ki, eks-müdafiə nazirinin regiona səfərinə ictimai diqqətin böyük olması onu bir qədər təəccübləndirir:

Soruşacaqsınız nədən?! Tutduğu vəzifənin adının gurultulu səslənməsinə baxmayaraq, Şoyqu amerikalılar demişkən, artıq çoxdan “topal ördəkdir”. Gün kimi aydındır ki, Putinin öz “əvəzolunmaz” silahdaşına inamı ciddi şəkildə sarsılıb. Problem hətta onun müdafiə naziri vəzifəsindən azad edilməsində deyil. Son hadisələr aydın şəkildə göstərir ki, Putin Şoyqunu müdafiə naziri vəzifəsindən azad etməklə, özünün dünənə qədər “əvəzolunmaz” silahdaşına “sudan quru çıxmaq” şansı verib. Yəqin ki, əvvəlki xidmətlərinə görə. Şoyqu vəzifədən azad olunan kimi Müdafiə Nazirliyi kosmik sürətlə onun tərəfdarlarından təmizlənməyə başladı. Demək olar ki, bütün müavinləri, bir çox tanınmış ordu generalları artıq həbs olunub. Deyilənə görə, müavinlərindən biri Avropaya qaçıb. Rusiya gerçəkliyində inanılası mümkün olmayan bir hadisə baş verir. Yeni müdafiə naziri sistemdə korrupsiyaya qarşı amansız mübarizəyə başlayıb! Necə deyərlər, bişmiş toyuğun belə gülməyi gəlir. Məgər Putinin özünün Müdafiə Nazirliyindəki korrupsiyadan xəbəri yox idi?! Məgər bu korrupsiyadan ən böyük pay Putinin özünə çatmırdı?! Bu suallar sözsüz ki, ritorik xarakter daşıyır. Qərb ölkələrinə məxsus çoxşaxəli ictimai, hüquqi, o cümlədən parlamentar və inzibati nəzarət sisteminin hələ də təşəkkül tapmadığı postsovet məkanının Rusiya və Azərbaycan kimi dövlətlərində aparıcı güc strukturlarının rəhbərlərinə münasibəti formalaşdıran əsas meyar inamdır, sədaqətdir. Əgər Müdafiə Nazirliyini bu gün, yəni Rusiya-Ukrayna müharibəsinin ən qaynar fazasında Şoyqunun adamlarındam təmizləyirlərsə, nəticə etibarı ilə ən qeyri-məqbul bir vaxtda sistemdaxili sabotaj təhlükəsi yaradırlarsa, deməli, Putinin yaxın keçmişdə silahdaşı olan bu şəxsə və onun adamlarına heç bir inamı qalmayıb… Düşünürəm ki, bu yaxınlarda Baş Qərargah rəisi Gerasimov da öz vəzifəsini itirəcək. Ona görə yox ki, Kursk vilayətində baş verənləri ona bağışlamayacaqlar. Hallanan əsas səbəb kimi bu göstərilə bilər. Əslində hərbi əməliyyatların planlaşdırılmasına məsul şəxs kimi o, müharibənin ilk aylarında baş vermiş biabırçı məğlubiyyətə görə çoxdan hərbi tribunala verilməli idi. İndi isə sadəcə olaraq vaxtı çatıb. O da “köhnə qvardiyanın” nümayəndəsidir. Ona da inam qalmayıb… Bütün yuxarıda sadalananları nəzərə alaraq, mən Şoyqunun bu səfərini o qədər də ciddiyə almırdım. Bu səviyyəli adamlara, tutduqlari yeni vəzifədən asılı olmayaraq, vurulduqdan sonra ikinci şans verilmir. Yəni Şoyquya ona böyük bir uğur gətirə biləcək ciddi bir missiya tapşırıla bilməzdi”. 

R.Mirəqdirov inanır ki, əslində Putin tərəfindən Şoyqiya, yerinə yetirilməsi qeyri-mümkün olan bir missiya tapşırılmışdı: 

Opponentlərim mənə deyəcəklər ki, bu nə cəfəngiyatdır. Doğrudan da Azərbaycan və İranla dil tapmaq nə cətinmiş ki? Hər iki dövlətin, xüsusilə də İranın Qərblə münasibətlərin də ciddi problemlər var. Düzdür, bilmirəm, nə üçün, amma hamı İranın iştirakı ilə Yaxın Şərqdə “böyük müharibənin” gözləntisi ilə yaşayır. Azərbaycanda isə sən demə, Ukraynaya təcavüz etmiş Rusiyanın deyil, Qərbin, xüsusilə də Fransanın neokolonialist siyasəti ikrah hissi yaradır. Bir sözlə, Rusiya, öz iddiasına görə, Ukraynada kollektiv Qərblə müharibə aparır. İran belə bir müharibəyə hazırlaşır. Azərbaycan isə Qərbə qarşı ikrah hissi ilə yaşayır. Doğrudan da, birlik üçün bundan da cazibədar zəmin təsəvvür etmək çətindir. Yəqin ki, bir çox rusiyapərəstlər artıq xəyallarında yeni və yenilməz “Zəfər” koalisiyasının konturlarını cızırlar. Eyni ruhlu Türkiyəni də əlavə etsək, belə bir koalisiyanın yenilməzliyi sual belə doğura bilməz”.

Siyasi şərhçi vurğulayır ki, Rusiya sözsüz belə bir koalisiyanın yaradılmasında maraqlıdır. Onun sözlərinə görə, Rusiya regionda Qərbin bu və ya digər dərəcədə cəlb olunduğu mövcud qaynar məkanların qalmasında və yenilərinin yaranmasında da çalışır:

Birincisi, anti-Rusiya koalisiyasının güc və resurslarını parçalamaq Rusiya üçün çox vacibdir. Çünki özünün güc və resursları məhduddur. Qərbin resursları daha böyükdür. Amma qeyri-məhdud deyil. Qərbin güc və resurslarının bir neçə və xüsusilə də Yaxın Şərq kimi onun üçün Ukraynadan daha vacib qaynar məkan arasında səpələnməsi Rusiyanın manevr imkanlarını artırardı. Bu məqsədə çatmaq üçün Rusiya, deyilənə görə, hətta öz məhdud resurslarının bir hissəsini İranla bölüşməyə hazırdır. Rusiya Cənubi Qafqaza hələ də potensial qaynar məkan kimi baxır. Ona görə də Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını ləngitmək, Gürcüstanı öz təsir dairəsinə qaytarmaq üçün əlindən gələni edir. Bütün bunlar konkret tarixi məqamın tələb etdiyi addımlardır. Amma Rusiyanın regionla bağlı daha uzunmüddətli və daha strateji maraqları vardır. Əslində Rusiya, özü də Kremldə kimin hökm etməsindən asılı olmayaraq, həm Cənubi Qafqazın, həm də İranın uzunmüddətli təcridində maraqlıdır. Qədim bir məsəl var: “Bütün yollar Romaya aparır”. Söhbət nəqliyyat dəhlizlərindən və regionun enerji daşıyıcılarının dünya, daha dəqiq desək, Avropa bazarlarına nəqlindən gedir. Əslində İranın ən böyük düşməni Qərb və ya İsrail deyil, Rusiyadır. Qərbin bir dövlət kimi İranla heç bir problemi yoxdur. Əksinə, bizim maraqlarımızla səsləşməsə də, qeyd etməliyəm ki, Qərbdəki bəzi analıtiklərinin fikrincə, hazırkı rejim olmasaydı, İran Yaxın Şərq regionunda tarazlayıcı və sabitləşdirici rol oynaya bilərdi.1978-ci il inqilabına qədər olduğu kimi... Yəni Qərbin problemi Tehrandakı hakim rejimdir. Əslində də belədir. İran təcriddən çıxa bilsəydi, Azərbaycandan fərqli olaraq, Avropa bazarlarında Rusiya enerji daşıyıcılarına ehtiyacı ciddi şəkildə azalda bilərdi. Bu, həm Avropanın, həm də İranın maraqlarına cavab verir. Bu zaman Avropa bazarlarında ABŞ enerji daşıyıcılarından da həddən ziyadə asılılıq yaranmazdı. Amma sözsüz ki, İrandan enerji daşıyıcıları ixracının bərpası ilk növbədə Rusiyaya üçün böyük zərbə idi. İndi isə ikiqat zərbə olardı. Çünki Rusiyanın Avropa enerji bazarına qayıtması ehtimalını hətta hipotetik olaraq aradan qaldırmış olardı. Ona görə də, Rusiya Qərbdən daha çox İranın təcridində və sanksiyalar altında qalmasında maraqlı olub və indi də maraqlıdır. Daha sonra, Şimal nəqliyyat dəhlizi tam dayanıb və onun nə vaxt yenidən tam gücü ilə fəaliyyətə düşəcəyi məlum deyil. Hər halda bu yaxın perspektivdə həll olunacaq məsələ deyil. Cənub nəqliyyat dəhlizi İranın regionda sabitləşdirici və tarazlaşdırıcı rol oynaya bilməməsi üzündən tam gücü ilə fəaliyyət göstərə bilmir. Diqqət yetirsəniz, görərsiniz ki, Cənub dəhlizinin keçdiyi marşrutu əhatə edən coğrafi məkandakı bütün münaqişələrdə İran bu və ya digər dərəcədə tərəf kimi iştirak edir. Özü də bu dəhlizdən faydalana bilmir. Başqalarına da mane olur. Sözsüz ki, bu Rusiyanın maraqlarına tam cavab verir”. 

Rauf Mirqədirov vurğulayır ki, sadaladıqları amillər Cənubi Qafqazdan keçməli olan Orta dəhlizin tam gücü ilə işə salınmasını aktuallaşdırıb. Təhlilçinin sözlərinə görə, söhbət yalnız yüklərin və insan axınının nəqlindən getmir: “Söhbət həm də enerji daşıyıcılarının Orta Asiyadan Cənubi Qafqaz vasitəsilə, yəni Rusiya və İrandan yan ötməklə, Avropaya nəqlindən gedir. Orta dəhlizin tam gücü ilə işə salınması region dövlətləri üçün tarixi bir şansdır. Onların iqtisadi müstəqilliyini təmin edəcək tarixi bir şans... Amma Rusiya üçün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşağı üzərində nəzarəti itirmək geosiyasi ölümə bərabərdir. Bütün bu sadaladıqlarıma görə, Rusiya həm Azərbaycanın, həm də İranın başının həmişə qalda olmasını istəyir. Amma çox yaxşı ki, nə Tehranda, nə də Bakıda iqtidardakılar intihara hazır liderlər deyillər. Yəqin ki, Tehran səfərindən sonra Şoyquya tam aydın oldu ki, İran İsrailə cavab hazırlayır. Amma bu cavab Kremlin istədiyi kimi genişmiqyaslı müharibə olmayacaq. Bu gün İranın iştirakı olmadan Yaxın Şərqdə böyük müharibə mümkün deyil. Çünki aparıcı ərəb dövlətlərindən heç biri belə bir müharibəyə qatılmaq fikrində deyil. Tehrandakı rejim üçünsə Qərb tərəfindən dəstəklənən İsrailə qarşı savaş açmaq intihara bərabər olardı. Proqnozlaşdırmaq olar ki, hərbi əməliyyatlar başlayandan bir neçə gün sonra birləşmiş koalisiyanın bombardımanları nəticəsində İranın iqtisadi və hərbi potensialının böyük bir hissəsi məhv edilmiş olacaq. Bundan sonra isə bütün ölkəni rejim əleyhinə iğtişaşlar bürüyəcək. Son seçkilərdəki əhalinin etiraz səsverməsi cəmiyyətdə rejimdən narazılıq səviyyəsinin nə qədər yüksək olduğunun ən parlaq göstəricisidir. İranda isə özünüqoruma instinkti həmişə güclü olub”. 

Ekspert əmin edir ki, Bakıda, yumşaq şəkildə də olsa, Şoyqunun nəzərinə çatdırıblar ki, nə iqtisadi, nə hərbi-texniki, nə də təhlükəsizliyin təmini sahəsində İsraillə əməkdaşlığa son qoymaq fikrində deyillər. “Bu Azərbaycanın strateji maraqlarına cavab vermir. Amma sözdə fələstinlilərin haqq işini dəstəkləyəcəklər. O ki qaldı Orta dəhlizin tam gücü ilə işə salınmasına, Azərbaycan bu məsələnin həllində, xüsusilə də enerji daşıyıcılarının Orta Asiyadan Avropaya nəqlinin gerçəkləşdirilməsində onsuz da elə bir fəallıq göstərmir. Yaxın gələcəkdə fəallıq göstərmək fikrində də deyil. Rəsmi Bakı Rusiyanı qıcıqlandırmaq istəmir”, - Mirqədirov fikirlərini yekunlaşdırıb.

Turqut