Logo
news content
User
Kateqoriyalar

Analitika

Blef, yoxsa... Kreml hansı “qələbəyə” hazırlaşır?
Moskva sona qədər getmək, ya da məğlubiyyətini hansısa formada “ört-basdır” etmək istəyir

Rusiya Prezident Administrasiyası “Vahid Rusiya” Partiyasından olan deputatları Ukrayna ilə müharibədə “qələbəyə” və döyüş iştirakçılarının kütləvi şəkildə geri qayıtmasına hazırlaşmağa çağırıb.

“Vedomosti” nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, bu məsələ Moskva vilayətində yerləşən “Senej” idarəetmə emalatxanasında keçirilən seminarda müzakirə olunub. Mənbələrin sözlərinə görə, tədbirdə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko da iştirak edib. O, “xüsusi hərbi əməliyyat” iştirakçıları ilə qarşılıqlı əlaqənin qurulmasının vacibliyini xüsusi vurğulayıb. “Bildirdilər ki, hamı qələbəyə, xüsusi hərbi əməliyyatdan döyüş iştirakçılarının eyni vaxtda geri qayıdacağı günə hazır olmalıdır”, – nəşrin həmsöhbətlərindən biri qeyd edib.

RBC-nin məlumatına görə, bununla yanaşı, “Vahid Rusiya” Partiyasının üzvlərinə xatırladılıb ki, müharibə hələ də davam edir. Buna görə də deputatların istirahət etməyə və öz kefləri üçün yaşamağa haqqı yoxdur.

Bundan əvvəl “Dosye” Mərkəzi yazmışdı ki, Kreml müharibənin mümkün başa çatmasını, hətta əhəmiyyətli nəticələr əldə edilməsə belə, “qələbə” kimi təqdim etməyə imkan verəcək ssenari hazırlayır. Əsas diqqətin Donbasın ələ keçirilməsinə yönəldilməsi, Kiyevə hücumun isə “heç vaxt qarşıya qoyulmamış” məqsəd kimi təqdim edilməsi təklif olunur.

Bununla yanaşı, Rusiyanın sülh danışıqlarındakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, Moskvanı yalnız qələbə və Rusiyanın şərtləri əsasında bağlanacaq sülh sazişi qane edəcək.

Döyüş iştirakçılarının kütləvi şəkildə eyni vaxtda geri qayıtması Rusiyanın dövlət sistemini hansı sosial və infrastruktur problemləri ilə üz-üzə qoya bilər? Müharibənin əvvəlində qarşıya qoyulan irimiqyaslı məqsədlərə nail olunmadığı halda, Kreml “qələbə” anlayışının mahiyyətini necə dəyişdirməyi planlaşdırır?

İlkin hərbi-siyasi məqsədləri ictimai gündəmdən çıxarmaq üçün hansı ritorik üsullardan istifadə edilməsi nəzərdə tutulur? Xüsusilə Kiyevə hücumun “heç vaxt qarşıya qoyulmamış” məqsəd kimi təqdim edilməsi nə dərəcədə inandırıcı ola bilər? Münaqişənin “uğurla” başa çatması təsəvvürünü yaratmaq üçün niyə məhz Donbasın ələ keçirilməsi əsas məqam kimi seçilib?

Danışıqlar qrupunun rəhbəri Vladimir Medinskinin sülh sazişinin yalnız Rusiyanın şərtləri əsasında bağlanması barədə sərt ictimai mövqeyi Prezident Administrasiyasının müharibənin nəticələrini çevik şəkildə şərh etməyə yönəlmiş daxili ssenariləri ilə nə dərəcədə uzlaşır?

Pressklub.az-ın suallarını tanınmış xarici siyasi ekspertlər cavablandırıblar.

“Deutsche Welle”nin köşə yazarı, siyasi analitik Konstantin Eqqert (Vilnüs) bildirib ki, Kremlin hərbi əməliyyatların bu və ya digər formada başa çatmasına hazırlaşdığına heç bir şübhəsi yoxdur. Onun sözlərinə görə, Kreml siyasi strukturlarını, yəni “Vahid Rusiya” Partiyasını qondarma “xüsusi hərbi əməliyyat” iştirakçılarının cəmiyyətə inteqrasiyasına çağırır. Məqsəd sadəcə olaraq, ağır psixoloji travmalar almış və insan öldürməyə alışmış şəxslərin geri qayıtmasının xaosa və problemlərə səbəb olmasının qarşısını almaqdır.

“Üstəlik, geri qayıdanların miqyası, onların sayı, potensial olaraq, məsələn, Sovet İttifaqı dövründə Əfqanıstanda döyüşmüş insanların sayından xeyli çox ola bilər. Bu baxımdan, əlbəttə, Kreml ayrı-ayrı regionlarda belə sabitliyin pozulmasından və cinayətkarlıq dalğasının baş qaldırmasından ciddi şəkildə ehtiyat edir.

Bundan əlavə, düşünürəm ki, iqtisadi və sosial səbəblərə görə hərbi əməliyyatları bir il ərzində başa çatdırmağın zəruriliyi bu və ya digər formada Putinə tövsiyə olunur. Lakin Putinin bunu edəcəyinə əmin deyiləm. Tamamilə mümkündür ki, Prezident Administrasiyası bu cür təşəbbüslər vasitəsilə müharibənin başa çatdırılması istiqamətində müəyyən irəliləyişə nail olmağa çalışır. Çünki mənə elə gəlir ki, Köhnə Meydandakı Prezident Administrasiyasında çoxları bu müharibənin dalana dirənən yol olduğunu anlayırlar. Ancaq Putinin bunu başa düşdüyünə əmin deyiləm. Mənim təəssüratıma, daha doğrusu, ehtimalıma görə, Putin Kremldə hakimiyyətdə olduğu və sağ qaldığı müddətdə Ukraynaya qarşı müharibəni bu və ya digər formada davam etdirəcək”, – Eqqert hesab edir.

Hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) isə öz növbəsində qeyd edib ki, Kreml Ukraynada müharibənin başa çatdırılması ilə bağlı iki yanaşma hazırlayır.

“Birinci variant “yumşaq güc”, ikinci variant isə “kəskin güc” (sharp power) adlanan yanaşmanın elementidir.

Bunlar bir-birindən nə ilə fərqlənir? Birinci variant “yumşaq güc”dür. Bu halda Rusiya Amerika və ya Ukrayna tərəfinin şərtlərini qəbul etməli və mövcud vəziyyətlə barışmalı olacaq. Belə olan halda atəşkəs haqqında saziş imzalanacaq və münaqişə faktiki olaraq dondurulacaq. Kreml yalnız Rusiya işğalçı qoşunlarının bu dörd il ərzində ələ keçirib nəzarətdə saxlaya bildiyi əraziləri qoruyub saxlayacaq. Bundan artıq heç nə əldə edə bilməyəcək.

Yəni Donbas üzərində tam nəzarətin ələ keçirilməsi, Odessanın və bütün Qara dəniz hövzəsinin işğalı ilə bağlı planlar faktiki olaraq reallaşmayacaq. Belə bir şəraitdə Kreml təbliğat üsullarından istifadə edərək bu müharibədə qələbə qazandığını sübut etməyə çalışmalı olacaq. Bu məqsədlə Kremlin adından təbliğat və təşviqat fəaliyyəti ilə məşğul olan Kiriyenko-Rotenberqlər qrupu seçilib.

Kiriyenko elə bir təbliğat xətti hazırlayır ki, bu ssenari baş tutarsa, Kreml məğlubiyyəti qələbə kimi elan edəcək. Onlar Donbasın, Zaporojye və Xerson vilayətlərinin heç olmasa bir hissəsini ələ keçirdiklərini, həmçinin Ukraynanın NATO və Avropa İttifaqı strukturlarına qoşulmasına imkan vermədiklərini iddia edəcəklər. Kiriyenkonun həyata keçirdiyi Kremlin “yumşaq güc” siyasəti yaranmış çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq cəhdidir”, – professor izah edib.

Onun sözlərinə görə, ikinci variant olan “kəskin güc” yanaşmasında isə əsas fiqur sərt xəttin tərəfdarı Vladimir Medinskidir.

“Bu halda Kreml danışıqlar prosesinin iştirakçılarına öz şərtlərini diktə edir və münaqişənin Kremlin sərt tələbləri əsasında başa çatdırılmasını tələb edir. Buraya NATO-nun şərqə doğru genişlənməsinin dayandırılması, Finlandiyanın neytral statusa qaytarılması və bir sıra digər tələblər daxildir.

Ən başlıcası isə odur ki, Kreml ərazilərin heç olmasa dinc yolla ona verilməsini tələb edir. Bu, Sovet İttifaqının 1939-cu ildə Polşanın bölüşdürülməsi zamanı tətbiq etdiyi ssenariyə bənzəyir. Həmin vaxt SSRİ Almaniya rəhbərliyindən ultimatum formasında Qərbi Ukrayna ərazisindəki hərbi mövqeləri boşaltmağı tələb etmiş və bu tələb yerinə yetirilmişdi.

Medinski bir tarixçi kimi həmin tarixi analoqdan istifadə etmək və Kremlin anlayışına uyğun “tarixi ədaləti” bərpa etmək istəyir. Bunun danışıqlar prosesində və döyüş təmas xəttində necə təzahür edəcəyi hələlik məlum deyil.

Beləliklə, Kreml iki variant hazırlayır: faktiki məğlubiyyətin qələbə kimi təqdim ediləcəyi yumşaq variant və Rusiyanın informasiya, geostrateji məkan və siyasi müstəvidə öz tələblərini ultimativ şəkildə artıraraq hərbi güc yolu ilə ələ keçirdiyi ərazilərin ona məxsusluğunun rəsmiləşdirilməsinə çalışacağı “kəskin güc” (sharp power) variantı”, – Maisaya fikrini yekunlaşdırıb.

Rauf Orucov