Bizsiz bizim barəmizdə: Putin və Rezayi Azərbaycanla bağlı nə danışıblar
Bakı Moskva və Tehrandakı hazırkı rejimlərin layihəsində iştirak etməlidirmi?
19 Noyabr 2026
Rusiya prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Moskvada keçirilən son danışıqlar zamanı Azərbaycan barəsində də danışıblar. Rusiya və İran iki ölkənin enerji sahəsində əməkdaşlığını, o cümlədən Azərbaycan üzərindən qaz nəqli məsələlərini ətraflı müzakirə ediblər. Bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali TASS-a açıqlamasında bildirib.
Xatırladaq ki, noyabrın 5-də Putin Moskvada səfərdə olan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayini Kremldə qəbul edib.
Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə sualı cavablandıran İran səfiri deyib: “Cənab Rezayinin cənab Putinlə görüşü səmimi və konstruktiv şəraitdə keçdi və təxminən üç saat davam etdi. Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlərin geniş spektri müzakirə olundu və nəzərdən keçirildi. İqtisadi və infrastruktur əməkdaşlığı sahəsində regionlararası əlaqələrin inkişafı baxımından mühüm və strateji layihələrdən biri olan Rəşt–Astara dəmir yolunun tikintisinin sürətləndirilməsinə və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamamlanmasına xüsusi diqqət yetirildi. Həmçinin Rusiya qazının İrana nəqli layihəsinin həyata keçirilməsi ilə bağlı praktiki məsələlər və iki ölkənin enerji sahəsində əməkdaşlıq istiqamətləri ətraflı nəzərdən keçirildi”.
Səfirin sözlərinə görə, qaz kəmərinin tikintisini nəzərdə tutan uzunmüddətli layihə ilə yanaşı, qısamüddətli əməkdaşlığın inkişafı üçün Azərbaycan üzərindən svop üsulu ilə qaz nəqli variantı da müzakirə edilib.
Burada qeyd etmək lazımdır ki, Azərbaycanın həm şimalında, həm də cənubunda vəziyyətin açıq-aşkar və köklü şəkildə dəyişməsinə baxmayaraq, Moskva və Tehranın Azərbaycan ərazisində birgə nəqliyyat və qaz layihələrinin həyata keçirilməsi ilə bağlı rəsmi ritorikası dəyişməz olaraq qalır. Buna görə də, Azərbaycan rəhbərliyi Rəşt–Astara dəmir yolu hissəsinin tikintisi üzrə praktiki işlər başlamamış mövcud şəraitdə optimal strateji davranış xəttinin seçmək sualı ilə üz-üzədir.
Əslində, təklif olunan nəqliyyat-logistika və enerji konsepsiyaları özlüyündə obyektiv dəyərə malikdir və həyata keçirilməyə tam layiqdir. Lakin bu layihələrin praktik inteqrasiyası yalnız onlarda iştirak edən dövlətlər işğalçılıq müharibələrindən birdəfəlik imtina etdikdən və beynəlxalq terrorizmə maliyyə və ya digər formada dəstək verməyi dayandırdıqdan sonra həyata keçirilməlidir.
Bəs, ölkənin nəqliyyat şəbəkəsinə birbaşa qoşulması nəzərdə tutulan bu dəmir yolu magistralının çəkilməsi Azərbaycan Respublikasının milli maraqlarına cavab verirmi? Bakı Rusiya Federasiyasına və İran İslam Respublikasına öz infrastrukturunu bu iki ölkə arasında təbii qaz mübadiləsi üçün təqdim etməyə hazır olmadığını açıq və birmənalı şəkildə bildirməli deyilmi? Axı bütün bu fəaliyyətlər Moskva və Tehrandakı rejimlərin beynəlxalq aləmdən təcrid olunduğu şəraitdə həyata keçirilir. Yəni bu nəqliyyat-logistika və enerji layihələrinin praktik olaraq reallaşdırılması faktiki baxımdan Bakının sanksiyalar altında olan iki dövlətə birbaşa iqtisadi yardım göstərməsi və onlar arasında əməkdaşlığa şərait yaratması deməkdir. Azərbaycan tərəfinin daha əlverişli şərait yaranana, konkret olaraq Rusiya və İranda siyasi rəhbərlik dəyişənədək bu təşəbbüslərdə iştirakını dayandırmasının vaxtı çatmayıbmı?
Pressklub.az-ın suallarını region üzrə tanınmış ekspertlər cavablandırıblar.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikrincə, Azərbaycanın hansısa etiraz xarakterli diplomatik addımlar atması və ya ölkəmizin ərazisindən Rusiya ilə İran arasında heç bir tranzit daşımaya icazə verilməyəcəyi barədə bəyanatla çıxış etməsi doğru deyil.

“Əgər söhbət qaz infrastrukturundan gedirsə, onun ötürmə qabiliyyəti ildə 2 milyard kubmetrə güclə çatır. Bu, o qədər də ciddi diqqət yetirməyə dəyəcək rəqəm deyil.
Ona görə də düşünürəm ki, bizim təmkinli mövqeyimiz düzgündür. Astara–Rəşt dəmir yolunu tikirlərsə, buyursunlar, qoy tiksinlər.
Qaz məsələsinə gəlincə, əgər infrastruktur qaydasındadırsa və bu qazı ötürməyə hazırdırsa, buyursunlar. Üstəlik, burada dollarla və ya hər hansı başqa valyuta ilə heç bir ödəniş olmayacaq. Çünki qazın müəyyən hissəsi Azərbaycanda qalacaq, yaxud İranın Naxçıvana həyata keçirdiyi qaz tədarükünün əvəzində hesablanacaq. Vəssalam”, – Musabəyov hesab edir.
Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə öz növbəsində bildirib ki, Putinlə Rezayinin Azərbaycanı müzakirə etməsi onun diqqətini ən çox çəkən məsələ deyil. O, düşünür ki, əksinə, Azərbaycanı müzakirə etməsəydilər, bu, qəribə olardı.

“Məni başqa məsələ maraqlandırır: niyə biz Moskva ilə Tehranın razılaşdığı hər şeyin avtomatik olaraq Bakının maraqlarına uyğun gəldiyini düşünməliyik?
Əvvəla, Azərbaycan suveren dövlətdir, Rusiya ilə İran arasında yerləşən sadəcə coğrafi məkan deyil. Əgər iki qonşumuzun Azərbaycan infrastrukturuna ehtiyacı varsa, bu barədə ilk növbədə Azərbaycanla danışmaq lazımdır.
İndi isə Rəşt–Astara dəmir yoluna gələk. Mən yalnız Rusiya və İranın bu layihədə iştirakına görə ondan qətiyyən imtina etməzdim. Nəqliyyat dəhlizləri onilliklər üçün inşa olunur, siyasi rejimlər, hətta özlərini əbədi göstərməyə çalışanlar belə, zamanla dəyişir.
Azərbaycan üçün beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı öz iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirməyin ən mühüm vasitələrindən biridir. Niyə bu üstünlükdən könüllü şəkildə imtina edək?
Lakin nəqliyyat infrastrukturunun inkişafı ilə beynəlxalq sanksiyalardan yayınma mexanizmlərinin yaradılması arasında prinsipial fərq var. Məhz bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır.
Qazın svop üsulu ilə nəqlinə gəlincə, mən ümumiyyətlə hər hansı öhdəlik götürməyə tələsməzdim. Qoy Moskva ilə Tehran əvvəlcə konkret nə təklif etdiklərini, iqtisadi şərtlərin nədən ibarət olduğunu, kimin hansı faydanı əldə edəcəyini və Azərbaycanın öz üzərinə hansı riskləri götürəcəyini izah etsinlər”, – politoloq mövqeyini açıqlayıb.
O, əsas sualın başqa olduğunu vurğulayıb: niyə bu riskləri məhz Bakı öz üzərinə götürməlidir?
“Biz hansı dövlətlərlə üz-üzə olduğumuzu çox yaxşı anlayırıq. Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsi aparır. İranın siyasəti də regional təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Tranzit gəlirləri naminə bunlara göz yummaq siyasi uzaqgörənliyin olmaması demək olardı. Lakin Azərbaycanın xarici siyasətini qonşu dövlətlərdə rejimlərin dəyişdirilməsi uğrunda mübarizə vasitəsinə çevirmək də yanlışdır.
Buna görə də cavabım kifayət qədər sadədir. Nə qeyd-şərtsiz razılaşmaq, nə də nümayişkaranə şəkildə əməkdaşlıqdan imtina etmək lazımdır. Azərbaycan öz şərtlərini irəli sürməlidir. İqtisadi fayda, şəffaflıq, sanksiya məhdudiyyətlərinə riayət olunması, siyasi öhdəliklərin olmaması və Azərbaycanın öz infrastrukturu üzərində tam nəzarəti təmin edilməlidir.
Və son olaraq. Rusiyanın və İranın öz strateji maraqları var. Azərbaycanın isə öz maraqları. Bunların üst-üstə düşməsi heç də vacib deyil. Bakı nə Rusiya-İran tərəfdaşlığının, nə də Rusiya və İranın Qərblə qarşıdurmasının girovuna çevrilməlidir.
Əslində, müstəqil xarici siyasətin mahiyyəti də məhz bundan ibarətdir. Məsələ kimin xoşuna gəlməyi seçməkdə deyil, nəyin sənin üçün sərfəli olub-olmadığını müstəqil şəkildə müəyyənləşdirməkdədir”, – Vasadze fikrini yekunlaşdırıb.
Rauf Orucov