Bizdən 10 min kilometr aralıda – Yeni böyük müharibə ocağı yaranır?
Ekspert bildirir ki, vəziyyətin həddən artıq gərginləşməsi göz önündədir
28 Avqust 2026
Pxenyan Tokionu ittiham edərək bildirib ki, Yaponiyanın 8,9 trilyon yen (təxminən 56 milyard dollar) həcmində rekord hərbi büdcəni təsdiqləmək planları onun hücum əməliyyatlarına hazırlaşdığını göstərir. Şimali Koreya tərəfinin fikrincə, bu addım regionun təhlükəsizliyini təhdid edir.
Eyni zamanda, Yaponiya müharibədən sonrakı pasifist inkişaf kursunu tədricən dəyişir. Çinin artan hərbi təsiri fonunda baş nazir Sanae Takaçinin rəhbərlik etdiyi Tokio müdafiə strategiyasını modernləşdirir: hərbi xərcləri artırır, uzaq adalarda raket kompleksləri yerləşdirir, silah ixracına icazə verir və sülhpərvər konstitusiyasına düzəliş edilməsini mümkün hesab edir. Bununla yanaşı, Yaponiya ABŞ və Cənubi Koreya ilə təhlükəsizlik sahəsində tərəfdaşlığın son dərəcə vacib olduğunu vurğulayır.
Vəziyyət dərin paradoksla xarakterizə olunur: nüvə silahına malik avtoritar KXDR nüvə silahı olmayan demokratik Yaponiyanı təcavüzdə ittiham edir.
Bununla əlaqədar bir sıra suallar yaranır. Son altı ay ərzində Cənubi Koreya və Yaponiyaya qarşı mütəmadi olaraq təhdidlər səsləndirən tərəfin məhz Pxenyan olduğu halda, Uzaq Şərqdə gərginliyi əslində kim artırır? Baş verənlər bu dəfə artıq Uzaq Şərq regionunda daha bir müharibənin başlanması ehtimalının yüksək olduğunu göstərirmi?
Pressklub.az-ın suallarını “Region” Beynəlxalq Analitik Mərkəzinin direktoru, Milli Məclisin deputatı Razi Nurullayev cavablandırıb.

Onun sözlərinə görə, Uzaq Şərqdə yeni müharibənin artıq astanada olduğunu söyləmək olmaz. “Lakin vəziyyətin getdikcə daha təhlükəli hal alması artıq çox şeydən xəbər verir.
Burada müəyyən paradoks da var. Nüvə silahına malik olan, mütəmadi olaraq raket sınaqları keçirən və son aylarda Yaponiya və Cənubi Koreyaya qarşı son dərəcə sərt bəyanatlar səsləndirən Şimali Koreya Yaponiyanı təcavüzə hazırlaşmaqda ittiham edir. Halbuki Yaponiya İkinci Dünya müharibəsindən sonra onilliklər ərzində pasifist siyasət yürüdüb və hazırda müdafiə siyasətini ilk növbədə özünü getdikcə daha həssas və müdafiəsiz hiss etdiyi üçün dəyişir.
Düşünürəm ki, Tokio baş verənlərdən həqiqətən ciddi narahatdır. Məsələ təkcə Şimali Koreyadan getmir. Burada Çin, Tayvan məsələsi, KXDR-in raket-nüvə proqramı, ABŞ-la müttəfiqliyi gücləndirmək zərurəti və Rusiya prezidentinin Kuril adalarına səfəri kimi amillər də var. Buna görə də Yaponiyanın hərbi xərclərinin artırılması, ilk növbədə, çəkindirmə sistemi yaratmaq cəhdidir.
Lakin burada bir problem var. Bir ölkə müdafiə qabiliyyətini gücləndirəndə qonşusu bunu təhdid kimi qəbul edir və o da silahlanmağa başlayır. Daha sonra birinci ölkə bu güclənməni görür və hərbi imkanlarını yenidən artırmaqla cavab verir. Beləliklə, tədricən qapalı bir dövrə yaranır.
Məni ən çox narahat edən də budur”, – deputat etiraf edir.
O, Kim Çen Inın böyük müharibə istədiyini düşünmür. “O, belə bir müharibənin onun rejimi üçün nə ilə nəticələnə biləcəyini anlayır. Lakin o hesab edə bilər ki, məhdud təxribatlar, raket sınaqları və sərt ritorika ona öz təsirini qoruyub saxlamağa və digər ölkələri Şimali Koreya ilə daim hesablaşmağa məcbur etməyə imkan verir.
Təhlükə o zaman yaranır ki, belə bir oyun nəzarətdən çıxır. Bir hərbi insident, bir səhv, siqnalın yanlış başa düşülməsi vəziyyətin tamamilə fərqli ssenari üzrə inkişaf etməsinə səbəb ola bilər. Tərəflərdən birinin nüvə silahına malik olduğu şəraitdə isə belə bir səhvin bədəli tamamilə başqa olur.
Ona görə də belə deyərdim: bu gün Uzaq Şərqdə yeni böyük müharibə qaçılmaz deyil, lakin ciddi eskalasiya riski həqiqətən mövcuddur və bu riski kiçiltmək olmaz.
Güclü müdafiə lazımdır. Yaponiyanın özünü müdafiə etmək hüququ var, Cənubi Koreyanın özünü müdafiə etmək hüququ var. Lakin eyni zamanda dialoq kanalları da açıq qalmalıdır. Çünki nüvə dövründə təhlükəsizlik yalnız zərbəyə cavab vermək qabiliyyəti deyil. Bu, həm də həmin zərbənin ümumiyyətlə heç vaxt baş verməməsini təmin etmək qabiliyyətidir.
Mənə elə gəlir ki, bu gün bütün region üçün əsas məsələ məhz budur”, – Nurullayev fikirlərini yekunlaşdırıb.
Rauf Orucov