Logo
news content
User
Kateqoriyalar

Analitika

“Bəlkə bizdən sonrakı nəsillər ermənilərlə birgə yaşaya bilər, biz yox...“

Xocalı faciəsindən 28 il ötdü. Azərbaycan xalqı növbəti dəfə faciə qurbanlarını anır. Nə qədər ağır olsa da, biz hadisənin şahidlərini bir daha 28 il əvvələ qaytardıq və onlardan insanlıq əleyhinə bu ağır cinayətə dair epizodları xatırlamalarını istədik, eləcə də gələcək haqqında fikirlərini soruşduq.

“Xocalı faciəsi bizim ürəyimizə, qanımıza elə həkk olunub ki, onu çıxarmaq, silmək heç cür mümkün deyil. Yalnız ildönümlərində deyil, hər dəqiqə, hər saniyə yaddaşımızdadır…”

Bunu Xocalı sakini Məlahət Hüseynova deyir. 1992-ci ildə M.Hüseynova 28 yaşında olub. “Ermənilər hadisə zamanı nələr etmədilər ki?! Meşələrdə ağ qar qırmızıya çevrilmişdi. O gün yoldaşımı görə bilmədim, postda idi, mən isə uşaqlarla zirzəmidə. Hücum başladıqdan sonra meşə ilə çıxdıq, Maral balama güllə dəydi, elə oradaca öldü... Özümə də güllə dəydi, yaralandım. Qızımın biri əsirlikdə qaldı. Balamın biri iflic oldu... Bütün baş verənləri saatlarla danışsam, yenə də unudulası deyil. İnsanlara, dinc əhaliyə qarşı belə bir hücumun olacağı ağlımızdan belə keçmirdi, belə işgəncəni insanın törədə biləcəyinə şübhəmiz var idi, ürəyi olan heç bir varlıq bu əməlləri insanlara yaşada bilməzdi. Ermənilər azğınlaşmışdılar”, - deyə Məlahət Hüseynova başına gələnləri nəql edir.

Dinc əhalinin çıxması üçün ermənilər tərəfindən dəhliz yaradıldığına dair qarşı tərəfin iddialarına gəldikdə isə, hadisənin şahidi bunu təkzib edir: “Ermənilər əhalinin çıxması üçün dəhliz yaratmaq nədir, heç tərpənməyə belə imkan vermədilər. Yerindən duranı güllə ilə biçirdilər. Dörd tərəfdən Xocalıya hücuma keçmişdilər. Gözümüzü açmağa imkan yox idi. Millətin ah-naləsi, qışqırtısı ərşə qalxmışdı, hər tərəf od tutub yanırdı. Milləti elə qırdılar ki... Ana ölmüşdü, uşağı qışqırırdı, uşaq ölmüşdü, anası qışqırırdı... Biz meşə yolu ilə gəlib, çayı keçdik. O meşədə kimsənin harayına çatan yox idi. Həmin gecə uşaqlarımın ikisini itirdim, Maral yanımda idi, sonra ona da güllə dəydi, elə yanımdaca öldü. Heç iki dəqiqə keçməmiş mən də güllə yarası aldım. Meyitlərin arasında qaldım. Gördüm ki, məndən beş metr aralıqda silah var, düşündüm, qoy ermənilər gözüm baxa-baxa məni öldürməsin. Güllə necə ayağımı parçalamışdısa, qan məni aparırdı, tutdum ağacın kökündən, süründüm, süründüm, amma silahı götürəndə boş olduğunu gördüm. Milli ordunun əsgərini öldürmüşdülər, onun silahı idi, yanında qalmışdı. Gördüm ki, silah boşdur, tulladım. Ermənilərlə 10-15 metr məsafə var idi, onlar Azərbaycan dilində qışqırırdılar ki, kim sağdır? Səsini çıxaranı güllə ilə başından vururdular. Orada olan qışqırıq səsləri hələ də qulağımdadır…”

M.Hüseynova özünün xilasını belə xatırlayır: “Mən artıq yeriyə bilmirdim. Ayaqlarım suyun içində qalıb şişmişdi. Yerimdə oturdum, dedim ki, qoy gəlib məni də öldürsünlər. Ağdamdan əsgərlər meyitləri yığmağa gələndə məni meyitlərin içində tapıblar. Görüblər ki, nəfəsim gəlir, hələ donub ölməmişəm. Məni Ağdama aparıblar, gecə ilə altı nəfər ağır yaralını Bakıya yola salıblar, mən də travmatologiyaya gətirilmişəm. Bir aydan sonra şüurum yerinə gəldi, xəstəxanada olduğumu başa düşdüm. Sonra bildim ki, qızım Gülnar bibisi ilə birgə Əskəranda əsirlikdə qalıb. Hələ də ümidimiz var ki, kimsə qayıdacaq. 28 ildir gözümüz yoldadır...”

M.Hüseynovanın yoldaşı yeddi ay əsirlikdə qalıb və işgəncə görüb: “Yoldaşımı armaturla döymüşdülər. Ağzından iki qızıl dişini çəkib çıxarmışdılar. Qızıl Aypara Cəmiyyəti vasitəsilə onu geri aldıq. Əsirlikdən qayıtdıqdan sonra nə qədər əməliyyatlara girdi. Ac-susuz betonun üstündə saxlamışdılar və daxili orqanları çürümüşdü. Elə xəstəxanada öldü... Danışırdı ki, gözümüzün qarşısında nə qədər insanın burnunu, qulağını, qollarını, barmaqlarını kəsib, deyirdilər ki, bunlar türkdür, müsəlmandır, bunların qanı içilməlidir. Həmin faciənin adını belə ananda bütün bədənim titrəyir...”

Sülh əldə olunarsa, bir daha ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkün olub-olmadığı barədə sualımıza M.Hüseynova belə cavab verdi:

“O acını çəkən adam heç zaman ermənilərlə birgə yaşamağa razı olmaz.  Mən o əzabı, acını görmüşəm, necə onlarla birlikdə yaşaya bilərəm?! Onlar mənim həyatımı, sağlamlığımı, dünyamı məhv ediblər. Bütün bunların qarşılığında biz necə heç nə olmamış kimi birlikdə yaşaya bilərik?! Olmaz. Onlar bağışlanmaz faciə törətdilər. Amma öz torpağımı, yuvamı istəyirəm. Ayaqyalın gedərəm. Evimi, uşaqlarımın oynadığı həyət-bacamı görmək istəyirəm...”

Digər müsahibimiz - Xocalı faciəsinin şahidlərindən olan Tofiq Süleymanov bildirdi ki, 1988-ci ildə qarışıqlıq yarandıqdan sonra getdikcə vəziyyət ağırlaşırdı və tədricən hamı hiss edirdi ki, bunun sonu yaxşı olmayacaq:

“Hər dəfə ermənilər azğınlaşıb yolları bağlayırdılar, maşınları daşa basırdılar, gedib-gəlməyə imkan vermirdilər. Xocalı blokada şəraitində olan, yenicə şəhər statusu almış bir yaşayış məntəqəsi idi. Hara çıxsaq, gərək ermənilərin arasından keçəydik, ona görə də günü-gündən vəziyyəti ağırlaşdırırdılar. Sonda isə belə bir qırğın törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, təxminən saat 11-ə qalmış, rusların hərbi texnikası ilə birlikdə Xocalını hər tərəfdən mühasirəyə aldılar. Eyni anda hər tərəfdən tanklar hücuma keçdi və atəş aça-aça Xocalıya daxil oldular. Qırılan qırıldı, girov götürülən götürüldü, yandırılan yandırıldı... Yerdə qalanlar da məcbur oldular ki, uşaq və qadınları, yaşlıları Ağdam istiqamətində çıxarmağa çalışsınlar. Camaat hansı istiqamətə gedirdisə, qarşılarını kəsirdilər və qırırdılar. Anam həyəcandan çaya yıxılmışdı. Onu belimizə almışdıq, elə belimizdə donaraq ölmüşdü. Heç onun meytini də çıxara bilmədik…”

Süleymanov 12 gün kiçik dəstə ilə meşədə qaldığını deyir: “Ac-susuz, qışın şaxtasında qaldıq. Camaatı dəstə-dəstə tutub, aparırdılar. Biz bütün bunları görürdük. Azərbaycan dilində köməksiz adamları səsləyirdilər ki, gəlin, burda yer var. Adamlar yaxınlaşan andaca avtomatla biçirdilər. Fikirləri o idi ki, oradan bir nəfər də sağ-salamat insan çıxmasın.”

T. Süleymanov dinc əhali üçün dəhliz yaratdıqları barədə ermənilərin iddialarını rədd edir: “Xeyr, onlar insanların çıxması üçün heç bir şərait yaratmırdılar. Camaata ərzaq, çörək gətirən vertolyotu da vurdular. Hava əlaqəsi kəsildi. Dəhlizdən söhbət belə gedə bilməz. Biz görürdük, girov götürdükləri insanları tövlənin içinə yığıb, elə işgəncələr verirdilər ki, adamların cığırtısından qulaq tutulurdu. Onların divan tutmaqdan başqa fikirləri olmayıb. Mən orada 38 yaşlı anamı, qohumlarımı itirmişəm. Xocalıdan itkisiz çıxan insan yoxdur.”

Ermənistan və Azərbaycan arasında sülh bağlanarsa, iki xalqın birgə yaşayışının mümkün olub-olmaması barədə suala T.Süleymanovun cavabı belə oldu:

“Mənə elə gəlir ki, bizim birgə yaşamağımız alanacaq iş deyil. Bəlkə bizdən sonrak nəsil, bu hadisənin canlı şahidi olmayan nəsillər onlarla birgə yaşaya bilər. Mən gözümlə gördüyüm faciəni, işgəncələri, anamın o vəziyyətdə ölməsini onlara heç cür bağışlaya bilmərəm...”

Ülviyyə Şahin