Belarus Rusiya jurnalistlərini qovdu
07 May 2020
Belarus Xarici İşlər Nazirliyi Rusiyanın “1-ci kanal”ının (Первый канал) müxbirinin və çəkiliş qrupunun akkreditasiyasını ləğv edib. Səbəb telekanalın müxbiri Aleksey Kruçinin tərəfindən hazırlanan və Belarusda koronavirusa yoluxma hallarının gizlədildiyi iddia olunan reportajın efirə verilməsidir. Reportajda Minsk ətrafında bir məzarlıqdan görüntülər verilib və oradakı yeni qəbirlərin koronavirusdan ölənlərə aid olduğuna işarə vurulub. Pnevmoniya xəstəsi olan bir nəfərin COVİD-19 testinin neqativ göstərildiyi də qeyd olunub. Müxbir Belarus Səhiyyə Nazirliyinin məlumatına etimad olmadığını vurğulayıb.
Belarus hökuməti bu reportaja çox sərt reaksiya verib. Xarici işlər naziri Valadimir Makey bunu “ölkəyə qarşı axıdılan çirkab” kimi qiymətləndirib. XİN-in qərarı dərhal icra edilib və rusiyalı jurnalistlər ölkədən qovulub. Daha əvvəl prezident Aleksandr Lukaşenko da Rusiya mediasını, xüsusən “Rossiya 1” telekanalını və “1-ci kanal”ın aparıcısı Kirill Kleymenovu ölkədə koronavirusa qarşı mübarizə tədbirlərinə qərəzli yanaşmaqda və yalan məlumatlar yaymaqda ittiham edib. O, bu cür münasibəti həm də Belarusda 9 may paradının keçiriləcəyi ilə əlaqələndirib. “Cəsarətiniz çatırsa, Amerikanı, Çini, Avropanı, Türkiyəni tənqid edin. Amma yox, Belarusu seçiblər. Səbəbini yəqin bilirsiz. Sanki Rusiyanın problemləri yoxdur. Biz dözəcəyik”, - deyə Lukaşenko vurğulayıb. Xatırladaq ki, Moskvada planlaşdırılan parad virusa görə təxirə salınıb.
“1-ci kanal” Rusiya dövlətinə aid media orqanıdır və onun jurnalist qrupunun akkreditasiyadan məhrum edilərək ölkədən çıxarılması Rusiya-Belarus münasibətlərindəki problemlərə dəlalət edir. Məlum olduğu kimi, bu il yanvarın 1-dən etibarən Rusiya Belarusa güzəştli qiymətlərlə neft nəqlini də dayandırıb. İki ölkə münasibətlərində yaranmış problemlərin əsas səbəbi Lukaşenkonun dərin inteqrasiya barədə qarşı tərəfin təklifini rədd etməsidir. Belə ki, Moskva 1999-cu ildə yaradılmış Rusiya-Belarus İttifaq Dövlətinin üst qurumlarının təsis olunmasını, hər iki dövlətin vahid mərkəzdən idarə olunmasını təklif edirdi. Prezident Putinin 2024-cü ildən sonra vahid mərkəzin rəhbəri qismində, faktiki olaraq, birləşmiş Rusiya-Belarus dövlətini idarə etməsi planlaşdırılırdı. Lakin Lukaşenkonun inadı və Belarusun suverenliyini qorumaqda israrı bu planları alt-üst etdi.
Rusiya ilə yaşanan gərginliyin fonunda Minsk Qərblə əlaqələrini inkişaf etdirir. ABŞ 12 illik fasilədən sonra Belarusa səfir təyin etməyə hazırlaşır. Prezident Donald Tramp bu vəzifəyə təcrübəli diplomat, dövlət katibinin köməkçisinin müavini Culi Fişerin namizədliyini irəli sürüb. Xanım Fişer postsovet məkanını və Rusiyanı çox yaxşı tanıyır, rus dilini bilir. O, daha əvvəl ölkəsinin Ukrayna və Gürcüstandakı səfirliklərində çalışıb, ötən il isə ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili olub.
Belarusun önəmi
Dənizlərə çıxışı olmamasına baxmayaraq, Belarus geostrateji baxımdan əhəmiyyətli məntəqədir. O, NATO-nun 3 üzv dövləti (Polşa, Litva, Latviya) və Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna ilə həmsərhəddir. Krımın Rusiya tərəfindən ilhaqından və Ukraynanın şərqindəki müharibədən sonra NATO Rusiya ilə həmsərhəd olan üzv dövlətlərin ərazisində hərbi infrastruktur qurmağa və orada hərbi kontingent yerləşdirməyə başlayıb. Bununla yanaşı, ABŞ özü ayrıca Polşada hərbi bazalar yaradır və onun Almaniyadan sonra say tərkibinə görə Avropadakı ən böyük kontingenti məhz Polşada yerləşdiriləcək. Rusiya isə bu təhlükəyə qarşı yeni diviziyalar formalaşdıraraq özünün qərb sərhədlərində yerləşdirir. Moskva çox istəyərdi ki, müdafiə xəttini ölkənin içərilərində deyil, daha irəlidə qursun. Bu baxımdan Belarus ön zastava kimi çox əlverişlidir.
Belarusun hərbi-strateji önəmi həm də onunla bağlıdır ki, ölkə ehtimal olunan Rusiya-NATO müharibəsi zamanı çox vacib plasdarm rolunu oynaya bilər. Polşa-Litva sərhəd zonasında Suvalki adlanan təxminən 100 km-lik quru dəhlizi var. Bu torpaq parçası NATO-nun bölgədəki Axilles dabanı sayılır. Müharibə zamanı Rusiya ordusu Belarus ərazisindən sürətli həmlə ilə bu dəhlizi nəzarətə götürərək həm özünün Kalininqrad anklavına quru yolu aça, həm də Baltik ölkələrini Polşadan, yəni NATO məkanından təcrid edə bilər. Təsadüfi deyil ki, son illər NATO bu dəhlizin müdafiəsi ilə bağlı təlimlər keçirir.
Press Klub