Logo
news content
User
Kateqoriyalar

Analitika

“BATKA” ilə döyüşə qadınlar gedir

Müəllif: Xalid Nuriyev

Belarusda 9 avqust prezident seçkilərinin öncəki bütün seçkilərdən fərqli keçəcəyi hiss olunur: ölkə suverenlik qazanandan bəri xalq 6-cı dəfə sandıq başına gedəcək və növbəti 5 ildə onu kimin idarə edəcəyi məsələsinə münasibətini bildirəcək. Belarusun müstəqillik tarixində ilk dəfə prezident seçkilərinə nə az, nə çox - düz 55 nəfər qatılmaq istəyib, 15 təşəbbüs qrupu yaradılıb, sonunda isə Belarus MSK mübahisəli şəkildə cəmi 5 nəfəri namizəd kimi qeydə alıb.

Beləliklə, avqust seçkilərində prezident kürsüsü uğrunda müxalif bloqer Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya (Sergey Tixanovskinin özü namizəd kimi qeydə alınmayıb və 29 mayda həbs edilib), keçmiş deputat Anna Kanopatskaya, “Həqiqəti söylə” («Говори правду») kampaniyasının lideri Andrey Dmitriyev, Belarus Sosial Demokrat Qramadası Partiyasının sədri Sergey Çereçen və 26 illik (hazırkı) prezident Aleksandr Lukaşenko.

Lukaşenkonun ən ciddi siyasi rəqibləri –“Belqazprombank”ın sədri Viktor Babariko və prezidentin keçmiş köməkçisi, Yüksək Texnologiyalar Parkının keçmiş sədri Valeriy Tsepkalonun namizədliyi isə MSK tərəfindən qeydə alınmayıb. Dövlət Nəzarəti Komitəsinin qəflətən “Belqazprombank”da yoxlamalara başlamasıyla V.Babariko çirkli pulların yuyulması və mənimsəmə ittihamı ilə şübhəli şəxs qismində göz altına alınıb. V.Tsepkalonun isə 100 mindən az imza topladığı (MSK-ya 160 min imza təqdim olunmasına baxmayaraq), eləcə də, həyat yoldaşının gəlir bəyannaməsini düzgün tərtib etmədiyi bildirilib. Bu əsaslarla MSK ölkədə ilk dəfə fərqli namizədin prezident seçiləcəyinə xalqda inam yaratmış hər iki şəxsi yarışdan çıxarıb.

Viktor Babariko

Valeriy Tsepkalo

                                                               

 

 

 

QISA ARAYIŞ

Sergey Tixanovskiy

Prezidentliyə namizədlər arasında, demək olar, təsadüfi, Belarus ictimaiyyəti tərəfindən tanınmayan, lakin son zamanlar prezident Lukaşenkonun əməlli-başlı başağrısına çevrilmiş namizəd Svetlana Tixanovskayadır. Bu ilin may ayında seçkilər elan olunan vaxt Lukaşenkonun kəskin tənqidçisi, Youtube kanalının aparıcısı, 42 yaşlı bloger Sergey Tixanovskiy namizədliyini irəli sürməyə cəhd etsə də, MSK müxtəlif bəhanələrlə onu qeydə almayıb. Blogerin təşəbbüs qrupu Sergeyin həyat yoldaşı Svetlananın namizədliyi üçün imzatoplama kampaniyasına başlayıb. Kampaniyanın gedişində S.Tixonovskiy həbs edilib,

amma təşəbbüs qrupu Svetlananın namizədliyinin qeydə alınmasına müvəffəq olub. Lukaşenko qadın namizədi ciddiyə almayaraq, çıxışlarının birində “Bizim Konstitusiyamız qadın üçün deyil” ifadəsini işlədib. Bəlkə də, “Batka” qadınlar barədə mövzunu məhz digər namizədləri sıradan çıxarmaq üçün gündəmə gətirib və Tixanovskayanın namizəd olmasına ciddi maneə törətməyib. Qadın isə Lukaşenko üçün, deyəsən, həqiqətən kabusa çevrilib. Namizədliyi qeydə alınmayan V.Babarikonun və V.Tsepkalonun həyat yoldaşları “Batka”ya sürpriz təqdim ediblər: Tixanovskayaya dəstək nümayiş etdirərək seçki qərargahlarının birləşdirildiyini bildiriblər və xalqı məhz Svetlanaya səs verməyə çağırıblar.

 

Anna Kanopatskaya

Digər xanım namizəd isə keçmiş deputat, 2016-cı ildə parlamentə müxalif deputat kimi “seçilmiş”, Birləşmiş Vətəndaş Partiyasının üzvü Anna Kanopatskayadır. Şübhəsiz ki, Lukaşenko onu müxalifət seçkini boykot edəcəyi təqdirdə, məhz əks tərəfin alternativ namizədi kimi ortaya çıxarmaq üçün qeydə aldırıb. Təsadüfi deyil ki, Belarus siyasi arenasında ciddi nüfuz sahibi olmayan, keçirilən son onlayn-sorğularda 1-3 faiz səs toplayan Kanopatskaya teledebatlara qatılmaqdan da imtina edib və özünü “böyük siyasətçi” adlandıraraq, zəif namizədlərlə siyasi mükaliməyə qatılmağı özünə yaraşdırmadığını deyib.

Qadın namizədlərdən fərqli olaraq, kişi namizədlər ölkənin siyasi həyatında müəyyən rol oynamış insanlardır. “Həqiqəti söylə” kampaniyasının lideri Andrey Dmitriyev öncəki seçkilərdə müxtəlif namizədlərin seçki qərargahlarına rəhbərlik edib, uzun müddət Birləşmiş Vətəndaş Partiyasının üzvü olub. Sergey Çereçen – gənc biznesmendir, onun seçki proqramı ölkədə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır.

Başlıca namizəd isə, əlbəttə, 26 ildir ölkənin sükanı arxasında olan Lukaşenkodur. Prezident Lukaşenko 1994-cü ildə hakimiyyətə bazar iqtisadiyyatını bərqərar etmək vədi ilə gəlmiş, ancaq tezliklə Belarusda köhnə SSRİ-nin bütün ənənələrini bərpa etməyi bacarmışdı. Ölkənin Konstitusiyasını iki dəfə dəyişməklə, o, bütün hakimiyyət qollarına total nəzarət etməkdədir. Aleksandr Lukaşenko avqustda keçiriləcək seçkilərdə 6-cı dəfə iştirak edəcək. Bəzi qeyri-hökumət KİV-nin seçkiöncəsi apardığı onlayn-soğularda hazırki prezident cəmi 3 faiz səs toplaya bilib. Alternativ namizədlərin göstəriciləri isə 20-40 faiz cıvarında olub. Belə sorğular və artan seçki gərginliyindən hiddətlənmiş prezident bir-birindən fərqli bəyanatlar verməyə başlayıb. O, gah Mərkəzi Asiyanın bəzi postsovet dövlətlərində siyasi liderlərin avtomat gücünə ölkədə sabitlik yaratdığını, gah Belarusda “Maydan” hərakatına icazə verməyəcəyini, gah mövcud Konstitusiyanın qadınların prezident seçilməsinə imkan vermədiyini, gah da hərbi xidmət keçməyənlərin prezident seçkilərində iştirak etməli olmadıqlarını (qadınları nəzərdə tutur – X. N) vurğulayır. Seçki kampaniyası başlayandan indiyə qədər ölkədə onlarla ictimai fəal, sadə vətəndaş həbs edilib, müstəqil namizədlərin imzatoplama kampaniyalarında iştirak edənlər isə müxtəlif bəhanələrlə işlərindən azad ediliblər.

Belarus Prezidenti Aleksandr Lukaşenko

“KİM OLUR OLSUN, LUKAŞENKO OLMASIN”

Beləliklə, qarşıdan gələn prezident seçkilərinin Belarus üçün qeyri-ənənəvi seçki olması faktoru istisna deyil. Hazırkı prezidentin uzun sürən stabil hakimiyyətindən təngə gəlmiş belaruslar seçkilərdə fəal iştirak etmək, hətta avantürist və az tanınan namizədlərə sadəcə, hakimiyyətin dəyişməsi naminə səs verməyə hazır olduqlarını bildirirlər. MSK-nın iki ən güclü siyasi fiquru namizəd kimi qeydə almaması və Lukaşenkonun qadınlar barədə aşağılayıcı ifadələr işlətməsi minlərlə insanın küçələrə çıxmasına və müxtəlif şəhərlərdə etirazlara səbəb olub.

Namizədliyi qeydə alınmayan V.Babarikonun seçki qərargahının rəhbəri və V.Tsepkalonun həyat yoldaşı da Tixanovskayaya dəstək nümayiş etdirərək, qərargahların birləşdirildiyini elan ediblər və xalqı məhz Svetlanaya səs verməyə səsləyiblər. Tixanovskayanın siyasi şüarı isə yavaş-yavaş “Kim olur olsun, Lukaşenko olmasın” forması almaqdadır.

Veronika Tsepkalo, Svetlana Tixonovskaya və Babarikonun ştabını təmsil edən Mariya Kolesnikova

İyulun 19-da Tixanovskayanın Minskdəki təbliğat mitinqində minlərlə insanın toplanmasından ehtiyat edən hökümət ərazidə internet və mobil rabitəni tamamilə məhdudlaşdırıb. Tixanovskaya göz yaşlarını saxlaya bilməyib və deyib: “Biz qələbəmizə əmin olmasaydıq, bu yolla getməzdik. Biz bilirik ki, saxtakarlıq olarsa, xalq divandan qalxıb, öz səsini qorumağı bacaracaq”.

QƏRB VƏ RUSİYA AMİLİ

Bir tərəfdən, Qərblə münasibətlərini normallaşdırmağa çalışan, Rusiyanın ilhaq etdiyi Krımı Ukrayna ərazisi kimi tanıyan, Donetsk və Luqanskın, eləcə də Abxaziya və Osetiyanın müstəqilliyini tanımamaqla, həmçinin Ukrayna münaqişəsində danışıqlara ev sahibliyi təşəbbüskarlığı etməsiylə Qərbdə “regionda sabitliyin qarantı” imicini formalaşdıran Belarus liderinin, digər tərəfdən, Rusiya ilə də münasibətlərini qorumaqda maraqlı olduğu görünür. Budəfəki seçkilər isə onu çətin vəziyyətə salıb. Belarus liderinin siyasi rəqiblərinə qarşı açıq ritorikası, müstəqil namizədlərin həbsə atılması, onların qohumlarının evlərində belə axtarışlar aparılması Qərb dairələrində bəlli narahatlıqlar doğurub.

BMT-nin Belarusda insan haqları üzrə xüsusi məruzəçisi Anais Marin iyulun 10-da Cenevrədə illik məruzəsində ölkədə son ildə vəziyyətin daha da pisləşdiyini vurğulayıb və dünya ictimaiyyətinə Belarusda keçiriləcək prezident seçkilərini yaxından izləməyi tövsiyə edib. Marin qeyd edib ki, hökumət müxtəlif qanunvericilik aktları və məcəllələrdən fərqli düşünənlərə qarşı repressiyalar həyata keçirmək üçün istifadə edir.

İyulun 9-da isə Avropa Parlamentində Belarusda prezident seçkiləri ərəfəsində vəziyyət müzakirə edilib və aparılan həbslərlə bağlı narahatlıq ifadə olunub. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin məsələ barədə məruzəsində Brüssel və Minskin əlaqələrində müəyyən irəliləyişlər qeyd edilsə də, münasibətlərin gələcək taleyinin keçiriləcək prezident seçkilərindən sonra bəlli olacağı söylənilir.

Belarusda seçkilərin Minsk-Moskva münasibətlərinə də təsirsiz ötüşəcəyi real görünmür. Ölkənin ən uğurlu iş adamlarından birinin seçkilərdə iştirak etmək istəyinə görə həbsə atılması, səhmlərinin ümumilikdə 98% -i Rusiyanın “Qazprom” şirkətinə və “Qazprombank”ına məxsus olan “Belqazprombank”da başlanan yoxlamalar, eləcə də bu maliyyə müəssisəsinin rəhbərliyinə Minsk tərəfindən təyinatlara cəhd Moskvada ciddi narahatlıq yaradıb. Hadisələrdən sonra “Qazprom”un bəyanatında Minskdə baş verən proseslərin Avrasiya İqtisadi Birliyi razılaşmasına, səhmdarlar və müştərilərin maraqlarına zidd olduğu bildirilib. Öz növbəsində Lukaşenko da bəzi çıxışlarında Moskvanı, üstü örtülü də olsa, seçkilərə müdaxiləyə cəhdində günahlandırıb.

“Mən sizə təkbətək danışacam ki, ölkədə seçki dövründə nə baş verir. Çox maraqlı hadisələr yaşanır” - Avrasiya İttifaqı hökumətlərarası Şurasının Minskdə iyulun 17-də keçirilən iclasında Belarus lideri Rusiya Federasiyasının baş naziri M.Mişustinlə görüşündə belə deyib. Prezident əlavə edib ki, başqalarının düşündüyü kimi, “Belarus heç yerə getməyə hazırlaşmır, o, Rusiya və rus xalqı üçün həmişəki yerində qalacaq”.

Öz növbəsində RF xarici işlər nazirinin müavini Rudenko bu yaxınlarda verdiyi bir müsahibəsində Rusiyanın Belarusda sabitliyin pozulmasında maraqlı olmadığını və Moskvanın Maydan hərəkatının Minskdə təkrarlanmasını istəmədiyini bildirmişdi.